İqtisadi göstəricilər sabitləşib: Risk sovuşubmu? – TƏHLİL

İqtisadi göstəricilər sabitləşib: Risk sovuşubmu? – TƏHLİL
  24 May 2017    Oxunub:8191
İlin birinci yarısının başa çatmağına az qalır. Etiraf etməliyik ki, keçən ilin əvvəli ilə müqayisədə ümumi iqtisadi atmosfer sabitdir və heç bir tənəzzül, panika və sair yoxdur.
2017-ci ilin yanvar-aprel ayları ərzində ölkədə 20139,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır. ÜDM həcminin azalmasına təsir edən əsas amil sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması olub. Qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər isə əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% artıb.

Ölkədə yeni iqtisadi modelə transformasiya sözsüz ki, uzunmüddətli bir prosesdir. Və bunun öz nəticəsini qısa müddət ərzində gözləmək düzgün deyil. Əlbəttə, söhbət, ümumi nəticədən gedir. Ümumi nəticə isə ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun. Yəni, xarici maliyyə və xammal bazarlarındakı hər hansı dəyişikliklər iqtisadiyyatımıza az təsir göstərsin.

Hazırda məhz bu hədəfə doğru addımlamaqdayıq. Girişdə qeyd etdiyimiz statistikaya əsasən də, hər halda nəticələr var. Belə ki, iqtisadiyyatda 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq, stabilləşmə müşahidə edilməkdədir.

2 il deyəndə söhbət, 2015-ci və 2016-cı illərdən gedir. Bu müddətdə baş verən neqativ xarakterli iqtisadi proseslər zamanı ölkədə makroiqtisadi sabitlik qorunub saxlansa da, kövrək hala düşdü.Ancaq hökumətin bütün bunlara rəğmən, keçən ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - iqtisadiyyatı idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bərabər, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, ölkədə pul-kredit siyasətini daha da sərtləşdirməsi və sair nəticəsində, o cümlədən xarici iqtisadi faktorların da təsirlərinin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfindən istehsalın azaldılacağı haqda söhbət ortaya çıxan gündən sabitləşməsi 2017-ci ildə ölkədə iqtisadi artımın bərpa olunacağını qabaqcadan da proqnoz etməyə imkan verirdi.

Elə ilin elə ilk ayından bu, özünü doğrultdu. Belə ki, 2017-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,8% çox ÜDM istehsalı qeydə alındı. Ümumiyyətlə, 2017-ci ilin I rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570,0 manat dəyərində ÜDM istehsal edildi ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft-qaz bölməsində isə 6,8% azalıb. Manatın dollara qarşı dəyərinə gəldikdə isə yanvarda 8,23% ucuzlaşmaya baxmayaraq valyuta bazarında “alov” tədricən yatmağa doğru meyillənməyə başladı.

Yeri gəlmişkən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88% artdı ki, bunun da çox müsbət bir işartı olduğu və manatın ucuzlaşması prosesinin də nəhayət, dayanacağı aydın göründü.

Ümumiyyətlə, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi artmaqda davam edir. Belə ki, bu il aprel ayının 28-nə olan rəqəmə görə, sözügedən ayda 186,6 milyon və yaxud 4,2% artaraq, 4 milyard 619,3 milyon ABŞ dolları təşkil edib. Halbuki, ilin əvvəlinə adı çəkilən qurumun ehtiyatları azalaraq, hətta "psixoloji həddi" də keçmişdi, yəni 4 milyard dollardan da aşağı düşmüşdü. Yəni, 3 milyard 974,4 milyon dollara qədər azalmışdı. Bu isə o demək idi ki, AMB-in rəsmi valyuta ehtiyatları səviyyəsi “döşəmə həddi” - 4 milyardı da "dəlib deşmişdi". Beləliklə, ilin əvvəlinə nisbətən AMB-in valyuta ehtiyatlarının həcmi 644,9 milyon dollar və yaxud 16,2%, son 1 ildə isə 498,7 milyon dollar və yaxud 12,1% artıb.

Bu baxımdan, güman etməyə əsas var ki, cari ilin I yarısının sonuna AMB-nin ehtiyatlarının həcmi 5 milyard dollarlıq səviyyəni ötüb keçəcək. İstehlak məhsulları və xidmətlərin qiymətlərinin yüksəlməsi tempi zəifləməsə də buna manatın məzənnəsi və idxal faktorlarının təsirləri xeyli səngiyib.

Bank sektorunda da böhranlı vəziyyətin "kəskinliyi və şiddəti" hiss olunacaq dərəcədə azalıb. Xarici ticarət və tədiyyə balansı üzrə isə müsbət meyillər var.

Lakin bütün bunlara rəğmən, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunması üçün hələ xeyli yol getmək lazımdır. Bunun üçün ilk növbədə valyuta gəlirlərimizin neftdənkənar ixrac potensialımızdan asılı olması tələb olunur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti