Terminoloji dillə danışmayanda

Terminoloji dillə danışmayanda
  02 Sentyabr 2013    Oxunub:4847
Ağalar MƏMMƏDOV

Biz körpə ikən böyüklərimiz göydə Ay kimi “görünən” nəsnələrə (ərəb dilində desək: şeylərə) barmaqlarını uzadıb, onları göstərərək, ya da ağzımızdakı əmzik kimi “toxunulan” nəsnələrə toxunaraq, əllərində tutaraq, adlarını səsləndiriblər. Biz də ətrafımızdakı nəsnələrin birini görərək, digərinə toxunaraq, başqa birisini dadaraq və bütövlükdə beş qavrayışımızla, “qavrana bilən” nəsnələrin adlarını böyüklərimiz kimi səsləndirə-səsləndirə dil öyrənmişik.
Bəs, görəsən, məsələn, paxıl olmaq (paxıllıq), inadkarlıq etmək (inad) kimi on minlərlə görünməz və toxunulmaz nəsnələrin anlayışını necə öyrənmişik. Məsələn, belə olub: uşaq ikən öz almamızı yeyib, balaca qardaşımızın əlindən onun da almasını almaq istəyəndə anamız bizə acıqlanıb, “A bala, paxıl olma, qoy o da yesin” dedikdə, biz “paxıl olmaq” sözü ilə ilk dəfə belə rastlaşmışıq. Ayaqlarımızı yerə vurub, “Yox, versin!” deyib ağlayanda, anamız bizə bu dəfə “Niyə inad(karlıq) edirsən?!” deyəndə, biz bu dəfə “inad(karlıq) etmək” sözü ilə tanış olmuşuq.

Burada problem ondadır ki, oxşar ya da eyni situasiyada hər uşaq böyüklərin reaksiyasını eyni cür anlamır və ilk dəfə eşitdiyi sözə eyni anlamı vermir. O situasiyada ola bilsin, mən düşünmüşəm ki, “paxıllıq – başqasının əlindən almasını almaqdır”, qardaşım isə düşünüb ki, “paxıllıq – qardaşını ağlatmaqdır”, üçüncü uşaq isə belə başa düşüb ki, “paxıllıq – hər nədirsə, böyüklər tərəfindən heç xoşagələn hərəkət deyil”, dördüncü uşaq “paxıl olmağ”a başqa anlam verib, beşinci uşaq da tamam başqa. Beləliklə, hər birimizin şəxsi-daxili və beləliklə, başqalarınınkından fərqli izahlı lüğətimiz təxminən belə “yazılıb”. Düzdür, sonrakı illərdə bizim şəxsi lüğətlərimiz bir-birinə yaxınlaşsa və müəyyən qədər uzlaşsa da, ancaq fərqlər sonadək qalır. Çünki paxıllıq və inadkarlıq Ay kimi “göstəriləcək”, əmzik kimi “toxunulacaq” nəsnələrin adları deyildir.

Biz iki qardaş böyüdükdən sonra nəyin Ay, nəyin əmzik olması mövzusunda əsla mübahisə etməyəcəyiksə də, ancaq paxıllıq kimi “mənəvi”, əllə toxunulmaz, gözlə görülməz mövzularda bir-birimizlə razılaşmaya biləcəyik. Tutalım, mən bir gün qardaşıma “sən paxılsan” dedikdə, o da səmimi olaraq “yox, mən paxıl deyiləm” deyə etiraz edə biləcək. Çünki bizim daxili lüğətlərimizdəki izahlar eyni deyil, daha doğrusu, hərəmizin öz lüğəti var. Buna görə də, məsələn, “Gəl, ailə quraq” təklifini eşidən qadının ya da kişinin ilk sözü bu olmalıdır: “Sənin şəxsi lüğətində “ailə”nin izahı necədir?” Xoşbəxt ailənin əsası “ailə” sözünün oxşar izahı üstündə qurulur. Şumda kəsilən şərt “xırman”ın izahı üzərində olmalıdır.

Bu yazımızda biz insanlararası kommunikasiyada və publik sferada aparılan müzakirələrdə terminlərin rolundan danışırıq.

***

Gündəlik ünsiyyətin belə problemlərilə elmdə qarşılaşmamaq üçün elmdə xüsusi, şərti və süni dil yaradıblar: terminlər dili, terminoloji dil. Elmi dilin adi adamlar üçün çətinliyi və quruluğu onun terminoloji dil olmasına görədir. Hər elmin öz dili var, başqa sözlə, öz terminləri, terminologiyası var (Müxtəlif terminlərin hörgüsündən yaranmış şəbəkəyə “terminologiya” adı verilir). Bir elmi öyrənmək onun dilini öyrənməkdən başlayır. Və terminoloji dili öyrənmək yeni bir dil öyrənmək kimidir. Hansısa elm sahəsinə aid tekstlərdə (mətnlərdə) nə yazıldığını anlamaq, artıq o elmə bələd olmaq deməkdir. Çünki elmi tekst terminlərlə qurulmuş tekstdir. Sözlərin gündəlik danışıq dilindəki anlamları ilə elmi teksti anlamaq mümkün deyil. Məsələn, “güc” politologiya elmində başqa, fizika elmində başqa, gündəlik danışıqda da tamamilə başqa anlam daşıyır. Kimsə qolundakı gücü ya da gözəlliyinin gücünü nəzərdə tutaraq, politologiyadakı “güc” terminini başa düşə bilməz.

Gündəlik danışıq dilini palçığa bənzətsək, elmin terminoloji dili kərpicə bənzəyər. Kərpic vasitəsilə ev tikdiyimiz kimi, elmlər də öz tekstlərini terminlərlə qururlar. Bu anlamda termin elmin texniki alətidir (terminus technicus). Təbiətdə kərpic olmadığı kimi, terminoloji dil də sünidir. Elm adamı olmaq terminlərlə düşünməyi və terminlərlə tekst qurmağı bacarmaq deməkdir.

Dilçiliyin semantik üçbucağının təpə nöqtələri bunlardır: Nəsnənin özü; nəsnənin bizim zehnimizdəki təsəvvürü, yəni anlayış; və bu təsəvvürün adı, yəni termin. Bir ya da bir neçə sözdən ibarət olan termin bir anlayışın verbal (sözlü) formasıdır. Eyni anlayış müxtəlif dillərdə müxtəlif terminlərlə ifadə oluna bilər. Məsələn, bir almanla mənim, ədalət anlayışımız eyni ola bilər, ancaq bu anlayışı ifadə edən terminlərimiz fərqlidir. “Termin” – sözü və yaxud ifadəni; “anlayış” isə – anlamı, zehindəki təsəvvürü bildirir. Termin anlayışın adıdır. Anlayışla termini ayırmaq üçün Azərbaycan dilinin orfoqrafik qaydalarına görə, termin dırnaqlı, anlayış dırnaqsız yazılır: ədalət anlayışdır, “ədalət” termin.

Bir termin definisiya (tərifini vermə) yolu ilə yaranır. “Definisiya” sözünün hərfi anlamı hüdudlandırmaq, sərhədləmək, sərhədlərini çəkmək; “termin” sözünün hərfi anlamı isə sərhəd, daha doğrusu, sərhəd daşı deməkdir. Tutaq ki, narıncı rəngin definisiyasını vermək (tərif etmək) onu sarı və qırmızıdan ayırmaq, sərhədlərini çəkmək (demarkasiya etmək) mənasına gəlir.

Elmdə terminlər sayəsində mümkün olduğu qədər, dəqiqlik və biryozumluluq, obyektivlik və neytrallıq təmin edilir. Sənətin dili çoxyozumludur. Bir sənət əsərindəki bütün sözlər ya da simvollar cürbəcür yozula və bu yozumlardan cürbəcür mənalar çıxarıla bildiyi halda, bir terminin anlamı kontekstdən, oxucunun yozumundan, duyğularından və başqa assosiasiyalardan asılı deyildir. Elmi sənətdən ayıran, birincinin termin aləti ilə işləməsidir. Terminlərlə düşünmək və işləmək definitiv sərhədlər daxilində qalmaq deməkdir.

***

Aydınlaşdırıcı tutuşdurma üçün: Platon adi danışıq dilinin sözlərindən terminlər düzəldib, bütün fəlsəfəyə yeni terminlər gətirməklə yanaşı, daha çox sənət dili ilə düşünən filosof olub. Tələbəsi Aristotel(es) isə, əksinə, terminlərlə işləyib. Definisiya ənənəsi Aristoteldən başlanır. Məsələn, “İnsan – rasional canlıdır” (Aristotel) bir definisiyadır. Deməli, Aristotelin əsərlərində “insan”ı terminoloji anlamı ilə anlamalıyıq, o, artıq küçədə eşitdiyimiz “insan” deyil. Şairanə-mistik platonik tekstləri oxumaq sərbəst yozumlara açıq olduğu üçün daha cazibədardır. Aristotelian tekstlər isə əlavə əmək tələb edir, daha çətindir. (“Oxucu zövqü” məsələsinə bir işıq).

Şeir yazmaq, terminlərlə yazmaqdan daha asan olduğu üçün Azərbaycanda hamı “şair”dir. Şairlik adətən, terminlərlə düşünə bilməməkdən yaranır, infantillikdən (çox az-az hallarda da terminlərə sığmamaqdan, dahilikdən). Azərbaycanda çox vaxt məqalələr də öz terminsiz kənd dilinə görə əslində şeirdirlər. Bütövlükdə, Azərbaycan kulturası hələ ki, bədii dildə düşünür.

Sovet dövründə respublika miqyasında öncə radionun, dalısınca da televiziyanın qurulması vahid Azərbaycan ədəbi dilinin formalaşmasında ciddi rol oynamışdır. Ancaq bu gün Azərbaycanda publik mövzuların produktiv müzakirəsi üçün terminoloji dilə ehtiyacımız var, o isə yoxdur! Azərbaycan dilində fəlsəfə, sosiologiya, politologiya, kultura araşdırmaları və s. bu kimi sahələr üzrə ortaq terminoloji bazis təqdim edən terminologiya lüğətləri yoxdur. Heç nəyin definisiyası verilməmişdir, heç bir mövzuda heç bir terminoloji aydınlıq və dəqiqlik yoxdur.

Terminlər bilinmədiyi üçün hansısa bir problem, o cümlədən, sosial bir problem terminoloji qəliblərə yerləşdirilə bilmir. Nəticədə, problemlərimiz amorf, adsız, kateqoriyasız xammal olaraq qalır, onları mövcud elmi konseptlərin işığı altına gətirmək mümkün olmur. Azərbaycanda sosial və siyasi problemlərin terminoloji formulirovkasına olduqca nadir hallarda rast gəlmək olur.

Belə bir şəraitdə indi siz din, allah, islam, dövlət, demokratiya, siyasət, Avropa, Qərb, cəmiyyət, xalq, ideologiya və s. bu kimi “görülməz” və “toxunulmaz” nəsnələr mövzusunda sosial şəbəkələrdə və mediada aparılan müzakirələrə baxın. Məsələn, biri deyir: “Siyasətdə belə şeylər olur”, o biri deyir: “Siyasət belə yapılmaz”, bir başqası da: “Bizdə siyasət yoxdur”. Azərbaycanda hələ ortaq terminoloji dil olmadığı üçün tərəflər arasında heç bir produktiv söhbət başlana bilmir. Başlanan müzakirələr də tezliklə dirənir, ya da ucuzluğa gedib çıxır. Çünki Azərbaycanın intellektual məkanında definisiyalar (təriflər) yox, deskripsiyalar (təsvirlər) hökm sürür. Nəticədə, insanlar mediada və sosial şəbəkələrdə, ən yaxşı halda, öz təsvirlərini toqquşdururlar.

Gərək, qabaqca bəlli terminoloji müstəvi və definitiv meydan formalaşsın ki, sonra mübahisələr və müzakirələr aparılsın. Əks halda, belə müzakirələrin faydası az olur. Ensiklopedik terminlər lüğətlərinin hazırlanması ya da xarici dillərdən tərcümə edilməsi, habelə, elmi əsərlərin terminoloji tərcümələri universitetlərin, ayrı-ayrı alimlərin işidir. Yəni publikaya terminoloji aydınlıq universitetlərdən gəlməlidir. Ancaq o çağacan yaxşı olardı ki, gənclər ayrı-ayrı terminlər üzərində definitiv “... nədir?”, “...-in izahı” formasında müzakirələr açsınlar. Və nəinki şeir yazmaqdan biryolluq əl çəksinlər, ümumiyyətlə, bədii dillə köşə yazısı qoşmağı da tərgitsinlər.

Terminoloji savadsızlıqdan terminoloji məsuliyyətsizlik doğulur. Azərbaycan mediasında bəzən hansısa bir məqalədə elə cümlələrə rast gəlmək olur ki, o cümləni qurmaq üçün avropalı 10 kitab oxuyardı. Çünki Avropa elminin zənginliyi o həddə çatıb ki, avropalılar hər bir terminə kitablar həsr edirlər. Avropa dillərində az qala hər bir söz termindir! Biz isə hansısa bir çıqqılı köşə yazımızda terminləri söz yerinə qoyub, məsuliyyətsizcəsinə işlədirik. Avropalılar sözləri terminləşdirirlər, biz terminləri sözləşdiririk. Məsələn, “Cəmiyyətdə islahatlara ehtiyac var” kimi bir cümlədə dörd sözün hər biri termindir. “Cəmiyyət” haqqında indiyəcən böyük bir kitabxana qədər kitab yazılıb; cəmiyyət nədir, necə qurulur, hansı şərtləri var və s. “İslahat” da onun kimi. Hələ mən “ehtiyac” nəzəriyyələrini demirəm. “Var olmaq” haqqında danışmaq üçün isə gərək bütün fəlsəfə tarixini biləsən.

Terminoloji savad əsla o demək deyildir ki, öz danışığında, ya da yazında terminlər işlədəsən. Terminoloji savad terminoloji səhv etməmək deməkdir. Məsələn, Azərbaycanda nəinki ədəbi saytlarda, hətta xəbər saytlarında da yazarlarımızın ən çox sevdikləri sözlərdən (?) biri duyğu sözüdür. Şairlərimiz, yazıçılarımız, sənətçilərimiz və s. hamısı duyğu (sevgi) əlindən bezardırlar. Ancaq yaxşı olardı ki, onlar əvvəlcə qalın bir psixologiya kitabında “duyğu” termininin izahını, hansı emosiya konseptlərinin olduğunu və s. öyrənsinlər...

İslamı nəzərdə tutaraq “Din elmdir” iddiasına, “dənizlər birləşmir” kimi səfeh misallarla olsa da, səmimiyyətlə inanan şəriətçilərə hamımız dəfələrlə rast gəlmişik. Bu şəriətçinin cahilliyi onun, ən azından, “elm” termininin anlamını bilməməyindədir. Əgər o, hansısa bir lüğətdən “elm” termininin izahını oxuyub başa düşsəydi, nə dediyini anlayıb bəlkə də utanardı. Biz “Quran elmdir” deyən şəriətçini cahil adlandırırıq (haqlı olaraq), ancaq bizə elə gəlir ki, biz cəmiyyətin, islahatın, ehtiyacın, var olmağın nə demək olduqlarını bilirik. Nəticədə, bütün Azərbaycan mediasının dili səhv qurulmuş pazl (puzzle) mənzərəsinə bənzəyir.

Avropa telekanallarında bəzən saatlarla çəkən telemüzakirələr üçün xarakterik olan cəhətlərdən biri, ekspertlərin öz mühakimələrini statistik rəqəmlərlə qurmaqdırsa, digəri terminoloji dillə danışmaqlarıdır. Çünki terminlər definitiv aydınlıq verir. Əlbəttə, bir anlayışın dəqiq və hamı tərəfindən qəbul edilmiş vahid tərifi verilə bilməz. Ancaq ən azından hansı əsas yönlərin və variantların olması bilinməlidir. Tutaq ki, kimsə debat zamanı “ədalət” sözünü işlədirsə, ya da nədəsə ədalətsizliyi tənqid edirsə, digər ekspertlər bilirlər ya da bilməlidirlər ki, o, üç ədalət nəzəriyyəsindən və buna uyğun olaraq da, üç ədalət anlayışından birini nəzərdə tutur ya da tutmalıdır. Yəni müzakirə vahid terminoloji müstəvidə getməsə də, amma ümumi terminoloji savad baqajı üzərində gedir. Bizdə hamı ədalətsizlikdən danışır (haqlı olaraq). Ancaq bəlli deyil kim nəyin necə olmasını ədalətsizlik sayır və ədalət dedikdə nəyi gözünün qabağına gətirir. Axı, ədalət Ay, ya da əmzik deyil.


Teqlər:  





Xəbər lenti