OPEC azaltmağı çoxaldacaq - TƏHLİL

OPEC azaltmağı çoxaldacaq - TƏHLİL
  16 May 2017    Oxunub:3379
Məlumdur ki, ötən il noyabrın 30-da Neft İxrac edən Ölkələr Təşkilatı, yəni OPEC-in Vyanada keçirilən görüşündə neft hasil edən ölkələr tərəfindən hasilatı azaltmaq razılığına gəlinmişdi. Həmin qərarın müddəti bu ilin iyun ayında başa çatır. Növbəti iclasda, yəni mayın 25-də keçiriləcək növbəti sammitdə isə yenidən belə bir qərarın qəbul edilib-edilməyəcəyi bəlli deyil.
Yəni, bu sahədə konkret yekdil fikir hələki yox idi. Bəzi ekspertlər tərəfindən müvafiq hasilatçı ölkələr üzrə istehsal həcmlərinin azaldılması haqda qərarın yenidən uzadılması mənasız hesab edilsə də, digərləri tərəfdən bazarda tarazlığın yaranması istiqamətində pis-yaxşı yenicə əldə olunmağa başlamış prosesin davam etdirilməsi baxımından, müddətin uzaldılmasının lazım gəldiyi vurğulanırdı.

Müddətin uzadılmasını mənasız hesab edənlərin əsas məntiqi ondan ibarət idi ki, OPEC ölkələri hasilatı azaltsalar da bazardan “çıxan” neftin yerini ABŞ-da şist hasilatı nəticəsində əldə olunan məhsul həcmi tutmağa başladığından, bu, əsas hədəfə nail olmağa imkan yaratmayıb və yaratmayacaq da... Əksinə fikirdə olanlar isə qiymətin aşağı səviyyədə saxlanılmaqla bundan artıq itkilərin əldə olunacağını bildirirlər.

Öncədən də proqnoz edildiyi kimi, neftin qiyməti 50-60 dollar arasında olan kimi ABŞ-da şist hasilatı canlandı. Nəticədə ABŞ tərəfindən bazara əlavə neft həcmləri çıxarıldı ki, bu tendensiya davam etməkdədir. Ümumiyyətlə, hazırda mənzərə belədir: OPEC bazardan neft hasilatını azaltmaq yolu ilə müəyyən həcmdə məhsulu çəkib çıxardır, onun yerini isə ABŞ şist nefti tutur. Ona görə də qərarın vaxtının uzadılması əleyhinə çıxanlar belə bir fikir irəli sürürlər ki, hasilat həcminin azaldılması yönündə siyasət nə qədər davam etdirilərsə bu, məhz ABŞ-da şist neft hasilatına xeyir gətirəcək. Çünki neftin qiymətinin yüksək olması Amerikanın xeyrinədir.

Məsələ bundadır ki, digər bir “problem” də ondan ibarətdir ki, 1 il bundan öncə Amerikada şist hasilatının maya dəyəri 60 dollar təşkil edirdisə, yəni qiymət 60 dollarda enən kimi şist yataqları bağlanmağa başlayırdısa, Amerikada texnologiya durmadan inkişaf etdirildiyindən, şist neftinin maya dəyəri getdikcə aşağı düşür. Yəni, hazırda şist neftin maya dəyəri 45-50 dollar civarında təşkil edir. Bu, gələcəkdə çox acınacaqlı bir qiymət vəziyyəti vəd edir. Belə ki, bu gün 50-60 dollar arasında qiymət səviyyəsi ABŞ-a şist hasilatını artırmağa və batan neft yataqlarını canlandırmağa imkan yaradırsa, deməli, 2018-ci ilin eyni dövründə 40-45 dollar neft bareli də, ABŞ üçün sərfəli olacaq.

Yeri gəlmişkən, OPEC-in sonuncu qərarının yükü ən çox Səudiyyə Ərəbistanının üzərinə düşür. Çünki Səudiyyə OPEC və qeyri-OPEC ölkələri içərisində hasilatın ən çox azaldılması lehinə gedən ölkə sayılır. Eləcə də qiymətlərin aşağı düşməsindən ən çox əziyyət çəkən ölkələrdən biri də məhz Səudiyyə Ərəbistanıdır.

Sözün qısası, OPEC-in son Vyana görüşündəki qərarının 6 ay ərzində bazarda müəyyən balans yaratmağa kömək etdiyini əslində, bütün ekspertlər təsdiqləyirlər. Çünki neçə müddətdir, qiymət 55-60 dollara yaxın ətrafda dövr edir. Əgər, OPEC növbəti iclasında iyun ayından qərarın müddətini artırmaq haqda yenidən razılığa gəlməsə, onda neftin qiyməti 40 dollardan aşağı düşəcək.

Odur ki, qənaətimcə, növbəti iclasda OPEC yenidən 6 aylıq müddətə hasilat həcminin azaldılması qərarını qəbul edəcək. Bu da dünya bazarında neftin qiymətinin 50 dollar ətrafında dövr etməsinə yenidən şərait yaradacaq. Hesab edirəm ki, əgər 2018-ci il üçün Avropa İttifaqı ölkələrində, Çində istehsal artmasa, iqtisadi artım baş verməsə, buna müvafiq olaraq neftə tələbat yüksəlməsə, orta perspektivdə neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi qaçılmazdır.

Ancaq budur, Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh bildirib ki, OPEC və kartelə üzv olmayan ölkələr tərəfindən neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasının uzatmaq haqda ilkin razılıq əldə edilib. Eyni zamanda, Xalid əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekin də keçirilən görüşdən sonra birgə açıqlama ediblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə Səudiyyə Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək.

Bir daha xatırladım ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə qədər endirilməsi barədə razılıq əldə olunmuşdu. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması haqda sazişə imza atmışdı. Saziş bu ilin I yarısı üçün bağlanmışdı.

Yeri gəlmişkən, Azərbaycan dünya bazarlarında neftin qiymətinə təsir edə biləcək gücə malik deyil və olmayacaq da... Dünya bazarında neftin qiymətinə təsir edən dövlətlər şist hasilatı hesabına ABŞ və maya dəyəri nöqteyi-nəzərindən isə Səudiyyə Ərəbistanı hesab edilir. Daha sonra bu sıranı İran davam etdirir. Hansı ki, İrana qarşı qoyulan sanksiyalar götürüldükdən sonra bu ölkə əl-qolu açıldığından, hasilatı durmadan artırmağa çalışır.

Heç bir zəmanət yoxdur ki, sözügedən ölkə 1-2 ildən sonra bazarda Səudiyyə Ərəbistanına rəqabət tərəfdaşı kimi çıxış etməyəcək. Çünki hazırda İranda neft quyuları köhnədir və texnologiya çatışmazlığı var. İran nefti satıb valyuta gəlirləri əldə etdikcə, həmin quyuları təkmilləşdirə bilər. Nəticədə çox qısa bir müddət ərzində bazarda söz sahibinə çevriləcək. Bu, qaçılmazdır.

Yeri gəlmişkən, hasilatın azaldılması qərarı Liviyaya aid deyil. Çünki orada siyasi vəziyyət gərgindir. Əgər, Liviyada stabillik əldə olunarsa və hasilat artarsa, o, dünya bazarına normadan xeyli artıq neft çıxara bilər. Bu da avtomatik olaraq qiyməti aşağı salacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #OPEC   #Neft  





Xəbər lenti