Mixaylonun Sloveniyada yerləşən Xatirə Muzeyi - Fotolar

Mixaylonun Sloveniyada yerləşən Xatirə Muzeyi - Fotolar
  09 May 2017    Oxunub:14587
2011-ci ilin yay ayları idi. Men Almaniyanın Frankfurt Oder şəhərində Hüquq üzrə magistraturada təhsil alırdım. İxtisasım isə insan hüquqları və humanitar hüquq olub. Almaniyada təhsil almaq nəinki yüksək səviyyəli akademik biliklərə yiyələnmək imkanı, eləcədə Avropa ölkələrinə səfər etmək imkanı verib.


2011-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfəri və Nova Qoritsa vilayətində Sovet İttifaqı milli qəhrəmanı Mixaylo kimi tanınan Mehdi Hüseynzadənin memorial muzeyinin açılışında iştirakı barədə xəbərlərdə video reportajı izlədim. Xəbərdə deyilirdi ki, Prezident İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər. Prezident İlham Əliyev açılışda qeyd etmişdir ki, “Mehdi Hüseynzadə burada sloveniyalı dostları ilə bərabər partizan dəstəsində faşistlərə qarşı döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə və xalqlarımızın birgə səyləri nəticəsində faşizm kimi bəla üzərində hamımız birlikdə qələbə qazanmışıq”.



Xəbərləri fərəh hissi ilə dinlədim. Doğrudan öz qəhrəmanını yad ölkədə bu cür anmaq Prezidentimizin Mehdi Hüseynzadəyə olan münasibətinin bariz nümunəsi idi. Əslində Prezident bu səfərlə digər vətəndaşlarımıza vətənpərvərlik nümunəsini nümayiş etdirirdi. Bu fakt məni ruhlandırdı. Dərhal atlası götürüb olduğum şəhərdən Sloveniyanın həmin vilayətinə qədər olan məsafəni, təxmini marşrutu müəyyən etdim. Almaniyada oxuduğum müddətdə tək yaşayırdım. Lakin təhsil aldığım 2 il ərzində ailəli olduğumdan tez-tez Bakiya gedirdim. Bu dəfə həyat yoldaşım Nigar Almaniyaya gələcəkdi. Belə qərara gəldik ki, o Almaniyaya gələndə qaldığım Frankfurt Oder şəhərindən Almaniyanın Münhen şəhərinə, sonra Avstriyanın Zalzburq şəhərinə, İtaliyanın Venetsiya və Qoritsiya şəhərinə, Qoritsiyadan isə piyada İtaliyanın Sloveniya ilə sərhəddini keçərək Sloveniyanın Nova Qoritsa vilayətinə gedək. Mixaylonun xatirə muzeyi də yuxarıda qeyd etdiyim kimi məhz həmin vilayətdə yerləşirdi.



Mehdi Hüseynzadə düz 70 il əvvəl Alman faşistlərinə qarşı növbəti diversiya əməliyyatnın uğurla həyata keçirdikdən sonra qaldığı kəndə qayıdanda faşıstlərə üzləşmiş və qeyri-bərabər döyüşdə güllə yarası almış və çoxlu qan itirmə nəticəsində dünyasını dəyişmişdir. Sloveniyanın Şepovan kəndində sovet əsgərlərinin və o cümlədən də Mixaylonun uyuduğu məzarlıq yerləşir. İlk olaraq biz yüksəklikdə yerləşən Şepovan kəndinə getdik və həmin məzarlığı ziyarət etdik. Sonradan həmin məzarlığın yerini bizə göstərən bir xanımla tanış olduq. Məlum oldu ki 80 yaşında olan bu xanım Şepovan kənd məktəbinin uzun illər direktoru olmuşdur. O bizi evinə dəvət etdi. Bizi müsbət mənada heyrətləndirən xanım Mehdi Huseynzadəni tanıdığını və onun necə qəhrəman olduğunu deyirdi. Xanım hətta Mixaylo barədə qəzetlərdə yazılan yazıları da saxlayırdı. Bizi həmin yazılarla tanış etdi. Biz çox fərəhləndik ki, bu xanım Mixaylonun aşıqı idi.



Keçmiş məktəb direktoru hətta Mixaylonun qəbrinin dəmir lövhəsini də öz evində saxlayırdı. O dedi ki məzarlıq abadılaşdırılanda həmin köhnə dəmir lövhəsini təzəsi ilə əvəzləyiblər və o da köhnə dəmir lövhəni öz evinə gətirmişdir. O bizə Mixaylonun qəhrəmanlıqlarından və kənd əhalisinin ona müsbət münasibətdindən danışırdı. Xoş təəssüratla biz ondan ayrıldıq və yolumuza davam etdik. Sloveniyanın Şempas kəndi Nova Qoritsa vilayət mərkəzinə çox yaxındır. Biz Şepovan kəndindən Şempas kəndinə yollandıq. Məhz bu kənddə bir çox qəhrəmanlıqlar göstərmiş Mixaylonun büstü və xatirə muzeyi yerləşir. İlk olaraq muzeyin həyətində yerləşdirilən büstü seyr etdik və gül qoyduq. Daha sonra isə Mehdi Hüseynzadənin adına Xatirə Muzeyinə daxil olduq. Muzeydə Mixayloya heykəl də qoyulmuşdu. Bundan başqa Mixaylonun vəsiqələri, Mixaylonun silahı və müharibə dövründə çəkdirdiyi fotolar yerləşdirilmişdir.



Muzeyin qonaqlar kitabında öz qeydlərimizi etdik. Mən həmin kitabda “Fəxr edirik ki, bu cür qəhrəman azərbaycanlının Sloveniyada yerləşən xatirə muzeyində olduq” cümləsini yazdım. Muzeydən doğrudan da indiyədək bəlkə heç vaxt keçirmədiyim fərəh dolu hisslərlə ayrıldıq. Fikrimcə Azərbaycan tarixində mövcud olmuş ən sevdiyim qəhrəman Mixaylodur. Bəlkə də bu subyektiv yanaşmadır. Amma mənim üçün qəhrəmanlıq kriteriyası təkcə qərhrəman obrazının yaradılması, təbliği və fərziyyələrdən ibarət deyil. Mənim üçün əsas kriteriya bizim qəhrəmanlarımızın nəinki yerli səviyyədə, həmçinin real olaraq beynəxlalq səviyyədə tanınmasıdır.



Mən şəxsən özüm şahidi oldum ki, bizim səfər etdiyimiz kəndlərdə yerli əhali Mixaylo barədə nə cür həvəslə, sevgilə, ağız dolusu və müsbət təəssüratlarla danışırdı. Əminəm ki bunlar tam səmimi idi və real müşahidələrə əsaslanmış fikirlər idi. Sovet İttifaqı qəhrəmanı adı Mixayloya ölümündən bir neçə il sonra verilsədə, o artıq çoxdan azərbaycanlılar və slovenlər üçün milli qəhrəman idi.Bu gün qəhrəmanımızın ölümünün 70 ili tamam olur. Əminəm ki Azərbaycan torpağı Mixaylo kimi qəhrəmanları gələcəkdə də yetişdirəcək və onlar da öz qəhramanlıqlarını düşmənlə üzbəüz mubarizədə göstərəcəklər. Allah rəhmət eləsin!

Ramil İskəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri






Teqlər: Sloveniya   Mehdi-Hüseynzadə  





Xəbər lenti