AŞPA Türkiyəni niyə hədəf aldı? - “Avropa baharı” yaxınlaşır (ŞƏRH)

AŞPA Türkiyəni niyə hədəf aldı? - “Avropa baharı” yaxınlaşır (ŞƏRH)
  26 Aprel 2017    Oxunub:6154
Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Nəticədə Türkiyənin AŞPA-nın Montorinq Komitəsinin montorinqi altına alınması haqqında qərar qəbul edilib. Sessiyada iştirak edən 170 deputatdan 113-ü qərarın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat isə bitərəf qalıb.
Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın qərarına dərhal reaksiya verib. Bəyan edib ki, Ankara Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə yenidən baxacaq. Türkiyə XİN bu qərarı siyasi motivlərə əsaslanan ədalətsiz hesab edir.

Ankara eyni zamanda, parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Bəyanatda vurğulanıb ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.

AŞPA-nın qərarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibəti daha sərt olub. O, belə bir qərarı tanımadığını bəyan edib: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı tamamilə siyasi mahiyyət daşıyır və biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”.

O, vurğulayıb ki, Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi olmayıb: “Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar? Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs, Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

Ərdoğan deyib ki, hazırda Avropa İttifaqında dağılma prosesi gedir: “Avropa İttifaqı bizə qarşı səmimi olmadığı üçün başqa çıxış yolları tapmağa məcburuq. Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir, iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.

Türkiyə ilə bağlı qəbul olunan qərar Azərbaycanda da birmənalı qarşılanmayıb.

Millət vəkili Hikmət Babaoğlu AzVision.az-a bildirib ki, AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətələrə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir:

“Zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar, əslində imperializmin maraqlarına xidmət edir. Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu tip qurumlara cəlb edilir və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci, əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq üçün, yəni dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azdlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa Birliyinin bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli başlı siyasi terror müharibəsi aparır. Onlara belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edilir. Qərb Yaxın Şərqdə başlatdığı idarə olunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışır. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarə olunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə öz qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir”.

H.Babaoğlu vurğulayıb ki, ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı: “Ancaq Türk xalqı qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir.

Belə şantajlara Azərbaycan da zaman-zaman məruz qalıb. Siyasi məhbus manipuliyasiyası, məhşur Ştrasser monitorinqi kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını göz ardı etmək idi. Məqsəd Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamafob fəlsəfə ilə idarə olunur və Müsəlman Şərqində apardıqları müharibə onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə sonlanmasına isə başlıca maneə Türkiyədir. Bax, məsələnin kökündə bu dayanır. Ona görə də bundan sonra da Qərb imperializminin hücumları davam edəcək. Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və ayıq olmalıyıq. Yeni birliklər inşa etməliyik. Türk PA, Türk Şurası kimi təşkilatlanmalarımızı gücləndirməli və birgə addımlar atmağı bacarmalıyıq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə Qərb imperializminin müharibə maşını bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almaqda davam edəcək”.

Millət vəkili Elman Nəsirov hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə münasibətdə qəbul etdiyi qərar qərəzlidir və AŞPA-Türkiyə münasibətlərinin bu gününə və gələcəyinə kölgə sala biləcək addımdır: “Bunun əsas səbəbi onunla bağlıdır ki, Avropa Şurası Parlament Assambleyasında bu gün islamafob və ksenofob qüvvələrin sayı artmaqdadır. Onlar heç bir vəchlə Türkiyə kimi bir müsəlman ölkəsinin sürətlə inkişaf etməsini həzm edə bilmirlər. Bu qüvvələr beynəlxalq ictimai fikirdə müsəlmanların neqativ obrazını yaratmaq istəyirlər. Reallıqda Türkiyə müsəlman ölkəsi kimi dinamik inkişaf tempi nümayiş etdirir, öz hədəfləri və fəal xarici siyasət kursu ilə seçilir. Bunu isə qəbul etmək istəmirlər. Onların yuxusuna haram qatan hadisələrdən biri odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən yüksək səviyyədə qəbul edilir. Bunun əyasi sübutu kimi Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini, mayın 15-16-da Çin Xalq Respublikasına gözlənilən səfərini, ardınca ABŞ-a səfəri və prezident Donald Trampla görüşəcəyini misal çəkə bilərik. Bundan bir müddət öncə Türkiyədə referendum keçirildi və xalq Ərdoğanın təklif etdiyi islahatları dəstəklədi. Bütün bunlar onu göstərir ki, Türkiyə sürətlə inkişaf edir, konkret hədəfləri var və ona çatmaq yollarını bilir. Müsəlmanları sevəməyən qüvvələr bunu həzm edə bilmir. Ona görə də müxtəlif təzyiq üsullarını işə salırlar”.

E.Nəsirov qeyd edib ki, Türkiyə 1996-2004-cü illərdə monitorinq altında olub və 2004-cü ildən post-monitorinq dövrünə qəbul edilib: “Türkiyə belə bir vəziyyətdə yeganə Avropa ölkəsidir ki, ikinci dəfə monitorinq mərhələsinə geri qaytarılıb. Bunun özü bir daha onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasında islamafob qüvvələrin sayı artıb. Təsəvvür edin ki, bu qurumun 318 deputatı var. Onun 170-i belə bir qərarın qəbul olunması barədə müzakirə aparır. Bunlar bir daha göstərir ki, orada hətta konkret qruplar çərçivəsində toplaşaraq bu və ya digər dövlətə qarşı təsir və təzyiq üsulları işə salına bilər. Deməli, AŞPA-nın özündə də müəyyən idaretmə boşluğu var”.

Millət vəkilinin fikrincə, AŞPA rəhbərliyi əslində Türkiyəyə təşəkkür etməlidir: “O səbəbdən ki, Türkiyə üç istiqamətdə terrorizmlə - FETÖ, PKK, İŞİD-lə mübarizə aparır. Türkiyə Yaxın Şərq ölkələrindən gələn 3 milyon 200 mindən artıq qaçqına qucaq açıb. Hansı ki, Türkiyə onların Avropaya getməsinin qarşısını alıb və bütün yaşamı təmin edib. Buna görə Türkiyəyə təşəkkür etmək lazımdır. Çünki, heç bir Avropa ölkəsi bu addımı atmayıb. Bütövlükdə Avropa ölkələrinin hamısı birlikdə Türkiyənin atdığı bu adımı ata bilməyib. Əslində bir qədər dərinə getsək, məhz elə Avropa ölkələrinin günahı ucbatından bu qədər qaçqın ordusu meydana gəlib. Amma, onların sosial problemlərinin həlli ilə Türkiyə məşğul olur. Qaçqınların sosial problemlərinin həlli üçün Avropa İttifaqı 3 milyard avro vəsait ayırmalı olsa da, bunu verməyib. Bütün bunlar göstərir ki, Avropada nə qədər islamafob qüvvələr formalaşıb. Hesab edirəm ki, belə qüvvələr dünya üçün çox təhlükəlidir”.

E.Nəsirov əlavə edib ki, bu məsələ Azərbaycan üçün də yeni hal deyil: “Azərbaycan da AŞPA timsalında dəfələrlə qərəzli, ikili standartlı yanaşmaların şahidi olub. 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycan əleyhinə hazırlanmış məruzəsi çox ciddi müzakirələrə səbəb olmuşdu. Anti-Azərbaycan məruzəsi həmin qüvvələrin təsiri altında Ştrasser tərəfindən hazırlanmışdı. Ona görə də hesab edirəm ki, belə təzyiqlər Türkiyəni seçdiyi yoldan döndərə bilməz. Çünki, Türkiyənin işi haqq işidir. Hətta lazım gəldikdə, AŞPA ilə münasibətlərinə yenidən baxa bilər. Necə ki, Rusiya AŞPA ilə münasibətlərinə yenidən baxdı. Bu baxımdan Türkiyə də belə bir addım ata bilər. Gələcəkdə Avropa İttifaqında baş verən mərkəzdən qaçma meylləri AŞPA-da da özünü göstərə bilər. Bu qənaətdəyəm ki, Avropada “Avropa baharı” yaxınlaşır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   AŞPA  





Xəbər lenti