İtinə toy edən goranboylu iş adamı: "Burada ayıb nə var ki?" (VİDEO)

İtinə toy edən goranboylu iş adamı: "Burada ayıb nə var ki?" (VİDEO)
  24 Aprel 2017    Oxunub:36411
Bu gün yerli KİV-lərdə yayılan məlumata görə, Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə toy edib. Məclis bu günlərdə Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub.
Məclisdə çoxlu qonaqlar olub. Avtosfer.az-ın məlumatına görə, onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.

Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbayana elektronika malları gətirir. Qalib Mustafayev, həmçinin “Evalar”, ”Regular”, “Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı “Qalib Group” MMC-nin tərkibindədir. Onun “Bentley” və “Jeep Wrangler” markalı maşınlara sahib olduğu deyilir. Oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı maşınları var.



Maraqlıdır ki, Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib.

İş adamı Qalib Mustafayev itlərin “evləndirilməsi” ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, AzVision.az-a bildirib ki, həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içirmişlər.

“Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoyunumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.

Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Goranboy   İş-adamı   İt   Toy  





Xəbər lenti