`Qarabağ atı` `Alman qartalı`na qarşı

`Qarabağ atı`  `Alman qartalı`na qarşı
  29 Avqust 2013    Oxunub:1712
Bu axşam Bakı vaxtı ilə saat 23:30-da ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” komandası cavab qarşılaşmasında Almaniya “Ayntraxt” ilə üzləşəcək.

İlk oyunda evdə rəqibinə 0:2 hesabı ilə yenilən Qurban Qurbanovun komandasının qrup mərhələsinə adlamaq şansları yüksək qiymətləndirilməsə də, ağdamlıların indidən ağ bayraq qaldırmasına əsas yoxdur.

“Ayntraxt” son vaxtlar çox qeyri-sabit çıxış edir. Bundesliqada ikinci dövrənin startından sonra 6 oyunda qələbəyə həsrət qalan “qartallar” öncə “Şalke 04”-ə, ardınca isə “Frayburq”-a uduzmuşdu. Avroliqaya vəsiqəni isə yalnız son turda təmin etmək mümkün olmuşdu.

Bir həftə öncə səfərdən 2:0 üstünlüklə qayıdan Frankfurt təmsilçisi ikinci qarşılaşmaya mərhələ adladığını düşünərək çıxsa, bu amil komandamızın xeyirinə işləyə bilər. Belədə meydan sahiblərinin oyuna köklənməsində problem yaşana bilər ki, bu da “Qarabağ”ın Frankfurtda sərfəli nəticə qazanmasını şərtləndirə bilər.

Ölkə Premyer-Liqasında itkisiz irəlləyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurabanovun son çempionat matçında “Qəbələ” qarşısında Qara Qarayev və Vüqar Nadirov istisna olmaqla digər əsas heyət üzvlərini meydana buraxmaması komandamızın əsas üzvlərinin “Ayntraxt”la oyunda yorğunluqdan əziyyət çəkməyəcəyini düşünməyə əsas verir ki, bu da “Qarabağ”ın üstünlüyü kimi qiymətləndirilə bilər. Ağdamlılardan fərqli olaraq, son bundesliqa matçında “Braunşveyq” qarşısına əsas heyətin 10 üzvünə güvənməklə çıxan “Aytraxt”ın heyətində cəmi bir dəyişiklik var idi ki, bu da “Qarabağ”a qarşı oynamış Srcan Lakiçin əvəzinə “Sparta”dan transfer olunan və UEFA-nın qaydalarına əsasən “köhlən atlar”a qarşı forma geyə bilməyəcək Vatslav Kadleçin meydanda olması idi.

Bakıda keçirilən ilk qarşılaşma “Ayntraxt”ın müdafiə xəttinin səhvsiz oynamadığını göstərdi. Xüsusən cinah müdafiəçilərinin “Qarabağ”ın hücumları zamanı mövqeylərində boşluq yaratması mümkündür. Rəqibin orta xətti güclüdür. Almaniya çempionatının ilk üç turunda üç qola imza atan frankfurtluların hər üç qoluna yarımmüdafiəçilər imza atması da sıradan fakt deyil.

Amma hücum xətti haqqında eyni sözləri deyə bilmərik. Ötən mövsüm heyətdə olan 4 hücumçunun birgə cəmi 6 qol vurması ön xəttdə işlərin qaydasında olmamasından xəbər verir.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti