"Sahibkarlarımız üçün siyasi əngəl yoxdur” - İlham Əliyev

"Sahibkarlarımız üçün siyasi əngəl yoxdur” - İlham Əliyev
  17 Aprel 2017    Oxunub:1457
Azərbaycanda istehsal lazımi səviyyədə olmayan sahələrə dövlət tərəfindən kredit ayrılacaq.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Azexport” portalı barədə danışan dövlət başçısı portalın müfəssəl məlumatlarla təmin edilməsinin vacibliyini önə çəkib. “Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Görəcək ki, misal üçün filan məhsula tələbat var, ancaq Azərbaycanda bunun istehsalı lazımi səviyyədə deyil. Deməli, dövlət də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə o sahəyə kreditlər verəcək. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaq. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında “Azexport” portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq”, - deyə o vurğulayıb.

“Bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq” deyən İlham Əliyev bildirib: “Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaq. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir:

"“Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır".

Prezident bildirib ki, Azərbaycanda fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. “Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır. Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar”.

Dövlət başçısı həmçinin qeyd edib ki, ixrac prosedurlarını sadələşdirmək lazımdır: “Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər”.

AzVision.az


Teqlər: İlhamƏliyev   müşavirə  





Xəbər lenti