Gecikdirilən sosial ödəniş işçilərə ödənilib

Gecikdirilən sosial ödəniş işçilərə ödənilib
  10 Aprel 2017    Oxunub:1230
Cari ilin birinci rübü ərzində vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində işəgötürənlər tərəfindən ümumilikdə 56 516 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin vəsaitin 96,3%-ni əmək haqları, 1,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.

Müraciətlərin araşdırılması zamanı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş işçilərin də yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub. Görülən tədbirlərlə bərabər, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları aidiyyəti məsələlərlə bağlı işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri barədə ətraflı hüquqi izahatlar veriblər.

Hesabat dövründə xidmətin cari il üçün İş planına uyğun olaraq, ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də həyata keçirilib. Tədbirlərdə uşaq əməyinin istismarının qanunla qadağan olunduğu vurğulanıb, ölkəmizin əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə yuxarı sinif şagirdlərinə geniş məlumatlar verilib.

AzVision.az


Teqlər: sosialödəniş   ƏƏSMN  





Xəbər lenti