İqtisadi artım bərpa olunur – TƏHLİL

  06 Aprel 2017    Oxunub : 2065
İqtisadi artım bərpa olunur – TƏHLİL
Cari ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarının açıqlanmasına az qalıb. Lakin indidən məlumdur ki, ölkə iqtisadiyyatında 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq, stabilləşmə müşahidə edilir.

İki il deyəndə söhbət 2015-ci və 2016-cı illərdən gedir. Xatırladım ki, 2015-ci ildə birincisi 34%, ikincisi isə 47% olmaqla iki dəfə devalvasiya baş verdi. Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 5 milyard ABŞ dollarına düşdü. Halbuki, 1 il öncə, yəni 2014-cü ilin payızında bu məbləğ nə az, nə çox 15 milyard dollardan çox idi. Keçən il isə üstəlik, 1 milyard dollar da xərcləndi. Və AMB-nin ehtiyatı 4 milyarda qədər endi.

2016-cı ilin əvvəli də çox pis başladı. Neftin dünya bazar qiymətlərinin 30 ABŞ dollarından aşağı düşməsi hökuməti əməlli-başlı təşvişə saldı. Belə ki, fevralda dövlət büdcəsinə yenidən baxıldı, neftin proqnoz qiyməti 25 dollara qədər aşağı salındı. Ölkədə 43 bank var idisə, sürətlə bir-bir sıradan çıxmağa başladı: 11 bank bağlandı.

Manatın ucuzlaşması prosesi isə əvvəlki ildəkindən fərqli olaraq, bu dəfə “üzən məzənnə” rejiminə keçidlə əlaqədar, tədriclə davam etdi. Belə ki, 2015-ci ilin dekabrın 21-i tarixdən, yəni ikinci devalvasiyadan sonra AMB onun dəyərini sərbəst buraxdığını və sözügedən rejimə keçdiyini bəyan etdi. Ancaq bu, idarəolunan, başqa sözlə desəm, tələb və təklifin nisbəti əsasında müəyyən edilsə də, əsas etibarı ilə AMB tərəfindən intervensiyaların məhdudlaşdırılacağı demək idi. Odur ki, bütövlükdə il ərzində manat 15%-dək ucuzlaşdı.

İnflyasiya səviyyəsi isə 2015-ci il ərzində 4% qeydə alınmışdısa, 2016-cı ildə 12,4% təşkil etdi. Ümumi daxili məhsul (ÜDM) istehsalı həcmi 2015-ci ilin yekununa güc-bəla ilə 1,1% təşkil edə bilmişdisə, keçən il 3%-dən də çox aşağı düşdü. İnvestisiyaların həcmi də həm daxili, həm də xarici mənbələr hesabına azaldı. 2014-cü ildən etibarən start götürən bu proses (1,7%), 2015-də 11,1%, keçən il isə 26%-dən yuxarı təşkil etdi. Və beləliklə də, ölkədə makroiqtisadi sabitlik qorunub saxlandısa da, kövrək hala düşdü.

Ancaq bütün bunlara rəğmən, həm keçən il hökumətin həyata keçirdiyi bir sıra tədbirlər - iqtisadiyyatı idarəetmə sisteminin təkmilləşdirilməsiylə bərabər, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətinin dəyişdirilməsi, ölkədə pul-kredit siyasətinin daha da sərtləşdirilməsi və sair nəticəsində, həm də xarici iqtisadi faktorların təsirlərinin ilin 2-ci yarısından etibarən yumşalması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfindən istehsalın azaldılacağı haqda söhbət ortaya çıxan gündən sabitləşməsi səbəbindən, 2017-ci ilə böyük ümidlər bəslənilirdi. Hətta, bu il ölkədə iqtisadi artımın bərpa olunacağı da proqnoz edilmişdi. Elə ilin elə ilk ayından da bu, özünü doğrultmağa başladı.

Belə ki, 2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 % çox ÜDM istehsalı qeydə alındı.

Manatın dollara qarşı dəyərisə qeyd olunan ayda 8,23% civarda ucuzlaşdığına baxmayaraq, valyuta bazarında “alov” tədricən yatmağa doğru meyillənməyə başladı. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88% artdı ki, bunun da çox müsbət bir işartı olduğu və manatın ucuzlaşması prosesinin də nəhayət ki, dayanacağı aydın göründü.

Uyğun tendensiya fevralda da davam edir. 2017-ci il yanvar-fevral aylarında ölkədə ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq, 10042,6 milyon manat təşkil edib ki, üstəlik manat da uzun fasilədən sonra möhkəmlənməyə başladı. Ümumiyyətlə, dolların məzənnəsində rekord səviyyə, yəni 1,9200 manat səviyyə sonuncu dəfə fevralın 1-i tarixdə qeydə alınıb.

Hazırda manatın dollara nəzərən rəsmi məzənnəsi hətta ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə yaxın səviyyədə təşkil edir. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi fevral ayında və martda da artım göstərməklə aprelin 1-nə 4 milyard 432,7 milyon dollara çatıb ki, ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə qurumun valyuta ehtiyatları həcmində 458,3 milyon dollar və yaxud 11,5% artım baş verib.

İstehlak məhsullarının və xidmətlərin qiymətlərinin yüksəlməsi tempi zəifləməsə də, buna manatın məzənnəsi və idxal faktorlarının təsirləri xeyli səngiyib. Bank sektorunda da böhranlı vəziyyətin "kəskinliyi və şiddəti" hissolunacaq dərəcədə azalıb. Xarici ticarət və tədiyyə balansı üzrə isə müsbət meyillər var.

Sözün qısası, vəziyyət belə deməyə əsas verir ki, tezliklə bütün istiqamətlər üzrə müsbət tendensiyalar müşahidə edə biləcəyik.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: #İqtisadiyyat   #Təhlil   #Artım