Trampın dollara təsiri haqda: "Manat bahalaşa bilər"

Trampın dollara təsiri haqda: "Manat bahalaşa bilər"
  30 Mart 2017    Oxunub:2716
“Federal Ehtiyatlar Sisteminin (FES) keçən ilin dekabr ayında və bu yaxınlarda uçot dərəcəsinin artırılmasına dair qərarlarından sonra ABŞ milli valyutasının bahalaşması baş verməli idi, lakin bunun əksi oldu”.

Bunu AzVision.az-a “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq nazir Fikrət Yusifov dolların indeksinin zəifləməsinin milli valyuta məzənnəsinə təsirindən danışarkən deyib. Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəblərinin nə ilə izah olunması, bu prossesin nə qədər davamlı olacağı, dünyanın bir saylı valyutasının ətrafında baş verən prosseslərin bizim milli valyutamızın məzənnəsinə necə təsir edəcəyi ilə bağlı suallar bu gün çoxlarını düşündürür.

“Dolların indeksi dünyanın altı ən aparıcı valyutasından ibarət valyuta səbətinə nisbətdə müəyyən olunur. Hazırkı dönəmdə dolların indeks göstəricisinin getdikcə aşağı düşməsinin investorların gözləmə mövqeyi tutmaları ilə izah edilə bilər. Onlar Tramp adminstirasiyasının iqtisadi və sosial sahədə hansı islahatlar aparılacağını bilmək istəyindədirlər. İnvestorların belə gözləmə mövqeyi seçmələrinin əsas səbəbi isə Trampın bir sıra məsələlərlə bağlı atdığı gözlənilməz addımlar oldu. Məsələn, onun səhiyyə sahəsində başlanmış islahatları dayandırmaq cəhdləri çoxlarını təccübləndirib və ABŞ-da bu təşəbbüs əksəriyyət tərəfindən dəstəklənmir. Bu kimi addımlar investorları düşünməyə və bir qədər ehtiyatlı davranmağa vadar edir. Belə abu-hava isə ABŞ iqtisadiyyatına valyuta axınının səngiməsinə və nəticə etibarilə bütün gözləntilərin əksinə olaraq, dolların indeksinin aşağı düşməsinə gətirib çıxarır”.

F.Yusifov qeyd edib ki, dünya maliyyə bazarlarında dolların indeksinin aşağı düşməsi neftin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər: “Çünki dolların indeksi ilə neftin qiymətləri arasında əks asılılıq həmişə müşahidə olunub. Dollar ucuzlaşdıqca neftin qiyməti artıb və əksinə, o bahalaşdıqca neftin qiymətləri aşağı düşüb. Dolların indeksinin aşağı düşməsi bizim milli valyutamızın da müəyyən qədər möhkəmlənməsinə gətirib çıxara bilər. Ancaq biz bir məsələni unutmamalıyıq. Milli valyutaların məzənnəsinin durumu hər bir ölkənin iqtisadiyatının vəziyyətindən və ölkəyə daxil olan möhkəm valyutanın həcmindən bilavasitə asılıdır. Ona görə də biz durmadan qeyri-neft sektorundan ixracın həcminin artırılmasına nail olmalıyıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dollar   Manat   Eksnazir  





Xəbər lenti