“Ailə üzvlərimin mənə baxmasını sevmirəm” - Azərbaycanlı balet artisti (Müsahibə)

“Ailə üzvlərimin mənə baxmasını sevmirəm” - Azərbaycanlı balet artisti (Müsahibə)
  28 Mart 2017    Oxunub:20243
AzVision.az-ın müsahibi Opera və Balet Teatrının solisti, balet artisti Anar Mikayılovdur. Yəqin ki, balet sevərlər onu «Min bir gecə», «Arlezianka», «Paxita», “Yeddi Gözəl”, “Qıpçaq rəqsləri” və digər balet tamaşlarından çox yaxşı tanıyırlar. Həmsöhbətimlə baletin pərdəarxası məqamlarından, balet artistlərinin bizə həmişə maraqlı gələn həyatlarından danışmışıq.

- Adətən, balet tamaşalarını izləyəndə gözümün qarşısına tamaşadan sonra ayaqlarını yorğunluqdan qucaqlayıb məşq zalında dəqiqələrlə oturan balet artistləri gəlir...

- Sözün düzü,tamaşadan qabaq xeyli məşq etdiyimizə görə ayaqlarımız çox ağrıyır. Tamaşadan sonra isə elə bil, ağrılar yox olur. İnsana elə güc gəlir ki, fikirləşirsən, bundan sonra 5-6 tamaşa da oynaya bilərsən. Əslində o, adrenalin kimi bir şeydir. Tamaşadan sonra belə xoş hisslər yaranır. Yorğunluq ikinci plana keçir, adama sevinc gəlir.

- Tamaşa zamanı teatrın direktoru da oyunlarınızı izləyir. Bu, əlavə məsliyyət yaradırmı?

- Əslində, mən o baxışları görmürəm. Çünki səhnəyə çıxanda nə edəcəm, nəyə hazır olmalıyam kimi şeyləri fikirləşirəm. Heç kimi görmürəm. “Qız qalası” baletində “Cahangir şah”ı oynamışam. Birinci, ikinci pərdələr çox çətindir. Orada texnikalı hərəkətlər, çətin duetlər var. Üçüncü pərdədə isə sadəcə, oturub baxırsan. O zaman vaxtın olur ki, zalı nəzərdən keçirəsən. Amma, ümumən fikir vermirik, səhnəyə çıxırıq və oynayırıq.



- Teatr aktyorları arasında “Hamlet” obrazı zirvə sayılır. Hər aktyor arzulayır ki, nə zamansa bu rolu oynasın. Bəs baletdə hansı obraz solistlərin karyerasının zirvəsi hesab olunur?

- Klassik baletdə “Qu gölü” və “Don Kixot”, milli baletdə isə “Min bir gecə” tamaşlarının adını çəkmək olar. Çox çətin tamaşalardır.

- Rusiyada balet artistləri adətən balerina Anastasiya Voloçkova ilə birlikdə hansısa partiyanı ifa etmək istəmirdilər. Deyirdilər ki, onun çəkisi çoxdur və qaldırmağa gücləri çatmır. Azərbaycan səhnəsində də elə problemlər olurmu?

- Voloçkova ilə bizim azərbaycanlı balet artisti Rinat Arifulin oynayıb. Heç kim onu qaldıra bilmirdi, ancaq bizim balet artisti bunun öhdəsindən gəlib. O, mənim, müəllimimin oğludur, Bakı Xareoqrafiya Akademiyasını bitirib, Rusiyaya getdi, Böyük Teatrın solisti olub.

- Müəlliminiz kim olub?

- Ramazan Arifulin. O, bizim teatrımızın solisti olub.

- Baleti izləyərəkən diqqət yetirdiyim məqamlardan biri də səhnədə kişi balet artisti ilə balerina arasında harmoniyanın olmasıdır. Şəxsi münasibətlərdə və ya səhnə arxasında da həmin harmoniya olurmu?

- Ola bilsin ki, adi həyatda bir-birimizlə heç danışmırıq. Amma səhnədə sevgi, eşq və s. hissləri keçirməliyik.




- Bizdə də Nikolay Çiskaridze kimi balet rəqqası varmı ki, özünü Rusiya və ya dünya çapında tanıda bilsin?

- Əlbəttə, var. Məsələn, “Mariinka” teatrının əsas solisti azərbaycanlıdır. Bakı Xoreoqrafiya Akademiyasını bitirib.

- Kimdir?

- 25 yaşlı Teymur Əsgərov. O, həm də Beynəlxalq Moskva Festivalında birinci yeri qazanıb.

- Kişi balet artistlərinə balerina seçiləndə fiziki göstəricilər nəzərə alınırmı? Qarşı tərəf hansı amillərə əsasən seçilir?

- Ümumiyyətlə, partnyor böyük tamaşanı aparan duetdə hansısa elementi, dəstəyi etməlidir. Etmirsə, artıq qızın çəkisindən aslı deyil, oğlanda problem var deməkdir. Qızlarda onsuz da limit var, onu keçmək olmaz.




- İstəyərdim solistlərimizi daha çox maraqlandıran bir məqama da toxunum. Əvvəllər baletdə təqaüdlə bağlı konkret yaş var idi. İndi isə yeni qanunla bu, ləğv olunub. Hamı 65 yaşında təqaüdə çıxacaq. Belə olan halda, siz solistlərin neçə yaşınıza kimi teatrda qalıb işləmək hüququnuz var?

- Bizdə artıq təqaüd yoxdur, elə çıxır ki, biz 65 yaşına kimi oynamalıyıq.

- Bəs maraqlanmadınız ki, taleyiniz necə olacaq?

- Direktorumuz, xalq artistlərimiz bu problemi araşdırmaqla məşğuldurlar.

- Baletdə də təqaüd iş stajına görə təyin edilir, ya necə?

- Rusiyada 15 ildən sonra aparıcı solistlərə, 20 ildən sonra isə kordebalet iştirakçılarına təqaüd verilir.

- Məsələn, siz subyektiv olaraq 50 yaşınızda balet partiyası oynamağı təsəvvür edirsinizmi?

- Yox, heç mən özüm də istəmərəm. 33-34 yaşına qədər nə yığırsansa, 5-6 il o baza ilə özünü tutursan. Məncə, maksimum 40 yaş kifayət edir. 50 yaşımda mənim bədənim 50 yaşlı kişinin bədəni olacaq axı. Ancaq Gürcüstanda modern baletdə 45-50 yaşa kimi oynamaq olar. Yaşa uyğun hərəkətlərdən ibarət qəşəng quruluş verirlər. Gürcüstanda işləyəndə mənimlə birlikdə 44 yaşlı rəqqas da oynayırdı. Ona baxanda deməzdin ki, həmin yaşdadır. Xoreoqraf ona yaraşan hərkət qurmuşdu. Amma klassik baletdə bir az fərqlidir, qəbul edilmir. Məncə, yaş limiti olmalıdır. Ən yaxşı limit isə 35 yaşına kimidir. Ondan sonra reaksiyalar zəifləyir.



- Bizim cəmiyyətimizdə balet o qədər də geniş yayılmayıb.Tamaşları daha çox ziyalı, elit təbəqənin insanları izləyirlər. Yəni baleti bizdə insanların hamısı ciddi peşə kimi qəbul etmirlər. Siz bu peşəyə gələrkən ətrafınızdakı dostlar, tanışlar necə yanaşırdılar?

- O da insandan asılıdır. İnsanın zəkası varsa, başa düşür ki, balet ciddi və çətin bir peşədir. Başqa ölkələrdə baletə fərqli yanaşırlar. Biləndə ki, sən balet rəqqasısan, deyirlər ki, çətin peşədir. Hörmətlə yanaşırlar. Dostlarım mənimlə arada zarafat edir. Amma ciddi şəkildə üzümə heç nə deyən olmayıb. (Gülür)

- Bir tamaşanın ərsəyə gəlməsi üçün kollektiv məşqlərə nə qədər zaman ayrılır?

- Bu, tamaşadan asılıdır. Tamaşa var ki, biz onu oynamışıq, növbəti dəfələrdə ora nəsə əlavə etmək, araşdırmaq lazım gəlmir. Yeni balet qurulanda isə 3-4 həftə vaxt gedir.

- Səhnədə başınıza gözlənilməz hadisələr gəlibmi?

- 2005-ci ildə birinci dəfə səhnəyə çıxanda elə birinci hərkətlə yerə yıxıldım. O zaman məktəbdə oxuyurdum, 17 yaşım var idi, çox həyacanlı idim. Amma heç kim ona fikir vermədi. Tez durub davam etdim.

- Danlamadılar?

-Müəllimim çox danladı (gülür).



- Çətin başa gələn hansı rollarınız olub?

- Hansısa bir duetdə problem yaşamamışam. Qızları qaldırmaq, hansısa elementləri duetdə yerinə yetirmək və s. kimi problemlərim olmayıb. Texnika məsələsində də çətinliyim yoxdur. Ancaq elə hərkətlər var ki, mənim bədənimə görə heç vaxt alınmayacaq.

- Onlar hansı hərəkətlərdir?

- Məsələn, klassik şahzadə obrazları əslində mənə yaraşmamalıdır. Ancaq onu da ifa etmişəm.

- Niyə düşünürsünüz ki, yaraşmamalıdır?

- Bəlkə özümdə problem var, kompleksliyəm.

- Əksinə, deyərdim, siz Bəhram şah obrazında çox uğurla çıxış etdiniz.

- Mən “Qu gölü”, “Şelkunçik”dəki klassik şahzadə obrazlarını nəzərdə tuturam. Milli balet isə mənim üçün çox asandır. Özümü suda balıq kimi hiss edirəm. Xarakterli rollar mənim daha çox xoşuma gəlir.



- Oynadığınız obrazlardan hansının xarakteri ilə özünüz arasında oxşarlıq var?

- Mən əksərən şah obrazlarını canlandırmışam. “Yeddi gözəl”, “Min bir gecə”, “Qız qalası”, “Rast” baletlərində şahı oynamışam. “Sehirli alma”da div obrazım olub. Həmişə hansısa mənfi obrazı oynayıram. (gülür)

- Oğlunuz “Sehirli alma”ya baxıb?

- Baxıb. O, ümumiyyətlə, baleti xoşlamır. Deyir, “mən baletdə yatıram, məni aparmayın”. Özüm də 10 yaşımda hansısa baletə gedib baxanda gülürdüm. Sonra isə maraqlı gəldi.



- Bir müddət Gürcüstanda işlədiniz. Onlarda baletə yanaşma necədir? Nə kimi fərqlərimiz var

- Onlarda incəsənətə çox böyük maraq var. Çoxlu incəsənət tədbirləri, sərgiləri olur, incəsənət bayaramlarını qeyd edirlər. Baletlə baqlı teatrlarının sayı bizdən çoxdur.

- Hansısa zədələriniz varmı?

- Bakıda işləyərkən belim zədələnmişdi, barmağım sınmışdı. Fikirləşirdim ki, ümumiyyətlə, baletlə vidalaşacağam. Sonra Ukraynaya gedib müalicə alıb bədənimi bərpa etdim. Ondan sonra məni dövlət xəttilə Cənubi Afrikada keçirilən müsabiqəyə çağırdılar. Orada üçülüyə düşdüm. Birinci yeri meksikalı, ikinci yeri isə kubalı götürdü.

- Afrikalıların, kubalıların özlərinə məxsus, enerjili rəqsləri var. Maraqlıdır, bəs balet onlarda necə alınır?

- Məncə, onlara bir il vaxt versən, bizim milli rəqslərimizi də oynayarlar. Orada 24 yaşlı bir oğlan var idi. Baletlə 21 yaşından məşğul olmağa başlamışdı, inanılmaz da olsa, üç ilin içində hansısa bir səviyyəyə çatmışdı.



- Sevimli aktrisamız - ananız Sona Mikayılova tamaşalarınızı izləyirmi?

- Gürcüstandan qayıdandan sonra tamaşalarıma tez-tez gəlib baxır. Ancaq mən özüm ailədən kiminsə gəlib baxmasını sevmirəm.

- Rollarınızla bağlı fikir bildirirmi? Tamaşa sonrası nəyisə müzakirə edirsinizmi?

- Anam daha çox aktyor oyununa baxır və bu sarıdan məni çox incidir. (gülür) Ən xırda nüansları, nöqsanları belə gözdən qaçırmır. Amma axrıncı dəfə “Yeddi gözəl”dəki aktyorluğum xoşuna gəldi. Onu da deyim ki, mən də borclu qalmıram. (gülür). YUĞ teatrında “Medeya” tamaşası olmuşdu. Baş rolda anam oynayırdı. Tamaşanın rejissoru isə qardaşım Mikayıl Mikaylov idi. Tamaşaya baxandan sonra səhvləri tapıb, qardaşıma deyirdim.

- Acıq çıxırdınız?

- Hə. Nəyi var. Nə xoşuma gəlmirdi, deyirdim. Qardaşım mənim tənqidlərimi heç vaxt sevmir. Mən də pisləyirəm. (gülür). “Yuğ”da tamaşa ilə bağlı üzərində rəqs qurarkən anam həmişə mənə deyirdi ki, səninlə işləmək mümkün deyil. Bizim yaradıclıq çəkişməmiz istər anamla, istərsə də qardaşımla həmişə olur. Bu, normaldır.



- Qardaşınız təkcə “Yuğ” teatrı ilə çalışır?

- Əsasən “Yuğ”-da fəaliyyət göstərir. Ancaq başqa ölkələrlə də müqavilələri var. Qazaxstanda, Türkiyədə, Tumendə, Peterburqda, Praqada tamaşaları olur. Türkiyədə festivalda işitrak edərkən “Türksoy” un direktoru qardaşımı mənə çox tərifləmişdi. Təbii ki, belə bir şeyi eşitmək xoşdur.

- Bu tərif haqqında Mikayıla dediniz?

- Yox, demədim (gülür). Bizi həmişə bir-birimizə tərifləyirlər.

- Atanız da incəsnət adamıdır?

- Əvvəlcə polis olub. Sonra anama yaxın olmaq üçün işindən uzaqlaşıb, teatrda işıq rejissoru işləyib. Hazırda çalışmır.

- Teatrda çox vaxt əsas partiyaları ifa edirsiniz. Sizi fərqləndirən nədir ki, bu rollar sizə verilir?

- Bunu artıq rəhbərlikdən soruşmaq lazımdır. Bilmirəm.

- Heç rolsuz qalmaqdan qorxmusunuzmu? İçinizdə belə bir təlaş olubmu?

- Elə bir şey olmayıb.



- İşiniz daim hərkətlilik, enerji tələb edir. Yəqin ki, uşaqlıqdan od-alov saçan, yerində qaynayan biri olmusunuz.

- Yox. Əksinə, çox sakit, fağır olmuşam. Boyum 17 yaşıma kimi çox balaca, 162 sm. olub. Qızları qaldıra bilmirdim. Tullananda çətinlik çəkirdim. Məni ümumiyyətlə, Bakı Xoreoqrafiya Məktəbinə götürmək istəmirdilər. Hətta bir dəfə ”Şəhriyar” obrazını oynamaq istədiyimi demişdim. Bildirmişdilər ki, bu rol mənə heç vaxt yaraşmayacaq. Mən də sınmırdım, deyirdim yaxşı, baxarıq. Dəfələrlə bir şeyin üzərində alınanadək işləyirdim. Məqsəd qoyub, ona çatmağı sevirdim. Müəllimimin bir sözünü həmişə yadımda saxlayırdım ki, insan ya qabağa, ya da arxaya getməlidir. Yerində durmaq olmaz.

- Baletdən əlavə nə ilə maraqlanırsınız? Məsələn, kitab oxuyursunuzmu?

- Sözün düzü, bilmirəm niyə, amma mənim əlavə işlərə vaxtım olmur. Hər dəfə harasa getməliyəm, nəsə etməliyəm. Həmişə hansısa bir iş çıxır. Gecə 2–yə ancaq evə gəlirəm.

- Axı fiziki hərkət yaxşı istirahət, yaxşı yuxu tələb edir.

- Düzdür. Ancaq məndə rejim fərqlidir. Səhər saat altıda-yeddidə yatıb, doqquzda dururam. Bu rejimə öyrəşmişəm. Axşamlar filmlərə baxıram, videoroliklər
montaj edirəm, futbol izləyirəm.

- Bəs özünüz oynamırsınız?

- Yox. Özümü zədələrdən qorumalıyam deyə, istəsəm belə, oynamıram.



- Balet haqqında çəkilən bir filmdə hansı rolda çıxş etmək istərdiniz?

- Romantik obraz yaratmaq istərdim.

- “Mənim günahım” adlı balet əsərində yaşlı balerina gənc balerinanı qısqanır. Buna görə də onun ayaqlarını şüşə qırıntıları ilə zədələyir...

- Yox, bizdə belə şeylər olmur. Əksinə, bir-birimizə kömək edirik. Nəsə olsa da, istəyərəkdən baş vermir. Məsələn,“Qıpçaq rəqsləri” balet tamaşasında solistlərdən kimsə qaçarkən bilmədən mənə dəymişdi və burnumdan qan gəlmişdi. Bu, o demək deyil ki, o, qəsdən etmişdi, sadəcə, bir təsadüf idi.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti