FES-in son qərarı manata təsir edəcəkmi?

FES-in son qərarı manata təsir edəcəkmi?
  16 Mart 2017    Oxunub:2391
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır.

AzVision.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov FES-in son qərarını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, son illər ilk dəfə olaraq FES-in qərarı valyuta bazarımızda dollara olan tələbi demək olar ki, artırmadı.

“Martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktiki olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqey dollara olan tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir.Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır"

Manatın məzənnəsi necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər?!

Suala cavab olaraq iqtisadçı bildirib ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. “Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da Beynəlxalq Bank hərraclarda az görsənəcək. Belə olan halda Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyili asan olacaq. Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə, o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkün olacaq. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca, manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək və belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq”.

V.Bayramov qeyd edib ki, liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib.

“Oxşar təcrübə bizdə də təkrarlanarsa, o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olması mümkündür. Bu, milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Mərkəzi Bankın əsas hədəfi bu olmalıdır. Çünki bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır.

Bəs, hansı halda dollar yenidən möhkəmlənə bilər?

Dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər. Əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil.

Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq manatın yenidən ucuzlaşmasının qarşıının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda psixoloji üstünlük manatın tərəfindədir”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb. Uçot dərəcəsinin artımı ekspertlərin proqnozları ilə üst-üstə düşüb.

Sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: FES   Dollar   Manat  





Xəbər lenti