Manat süni bahalaşdırılır? – TƏHLİL

Manat süni bahalaşdırılır? – TƏHLİL
  10 Fevral 2017    Oxunub:17022
Dünən Mərkəzi Bankın (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmayıb. Təklif olunan 35 milyon dolların təxminən 7 milyona yaxını, yəni 19%-i satılıb. Nəticədə dolların manata görə məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə 5,2% enib. Bu da son günlər dolların guya, süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqument sayıla bilər.

Ümumiyyətlə, manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin fevralda səngiyəcəyi gözlənilən idi. Belə ki, keçən ilin də fevral ayını yada salsaq, məhz eyni tendensiyanın şahidi olacağıq. Yeri gəlmişkən, yanvarda manatın dollara qarşı dəyəri 8,23% civarında ucuzlaşmışdı ki, SOFAZ tərəfindən verilən məlumata əsasən, həmin ay ərzində ümumən 285 milyon dollar vəsait satılmışdı.

Dolların guya, süni olaraq ucuzlaşdırıldığı fikrini irəli sürənlərin əsas arqumentlərindən biri ondan ibarətdir ki, hökumət məzənnəni manatın xeyrinə süni olaraq dəyişməklə, əhalidə olan dollarları yığmaq məqsədi güdür. Əslində isə bu, çox gülünc fikirdir.

Məsələ bundadır ki, əhalinin dollar vəsaitləri çox olan hissəsinin vəsaitləri əllərdə deyil, ya banklarda, ya da Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarındadır. Belə ki, kommersiya banklarında əhali tərəfindən yerləşdirilmiş əmanətlərin 80%-dən çox hissəsi dollarladır, SOCAR-ın isə dövriyyəyə buraxdığı məlum istiqrazların illik gəlirliyi 5%-dir.

Odur ki, sual edirəm: yerdə qalan hissədə nə qədər dollar vəsaitləri var ki, hökumət bunu sözügedən yolla cəlb edərək, hansısa yarasını sağaltmaq məqsədi güdür?!... Hesab edirəm ki, bu, tamamilə cəfəng fikirdir...

O ki qaldı bankların "fırıldaqlarına" və yaxud da hökumətin həyata keçirdiyi iqtisadi siyasətə, opponent dairələrin fikirlərinə bahəm, spekulyativ əməliyyatlarına, ölkədə kommersiya banklarının hazırda başqa gəlir mənbələri yoxdur. Və mən, hələ keçən ilin dekabrında -/+ 4%-lik marjanın ləğv olunması təklifini ilk dəfə irəli sürərkən də yazmışdım ki, bunun ləğvi həm də qeyd olunan məqsəd naminə zəruri xarakter daşıyır. Yəni ki, bankların sözügedən marjanın ləğvinə görə müvəqqəti də olsa, müvafiq gəlir götürə bilmələri üçün...

Ona görə də, burada hələ ki heç bir mənfi hal yoxdur və bunu axtarmaq da lazım deyil. Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görəcəklər. Və bu da dolayı yolla əksinə, bir sıra yerli istehsalçılar üçün xeyirli məqsəd daşıyır.

Manat qıtlığı ilə əlaqədar arqument isə həqiqətə uyğundur. Bu, artıq, uzun müddətdir, belədir və sadəcə olaraq, tam üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar olaraq öz təsirini daha "effektiv şəkildə" göstərməkdədir.

Martda əks tendensiya başlayacaq. Belə ki, dolların çox ucuzlaşması hökumətə də sərfəli deyil. Sadəcə olaraq, yaranmış şəraitdən fürsət olaraq istifadə edərək, AMB rəsmi valyuta ehtiyatlarını artıra bilər. Ümumiyyətlə, artıb-azalma 1.65-2,05 azn aralığında müşahidə edilməlidir.

Aİ-95 və istehlak qiymətləri isə dolların ucuzlaşması ilə əlaqədar olaraq, ona görə enmir ki, tendensiya dayanıqlı deyil.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti