Azexport.az Sumqayıtda təqdim olundu

Azexport.az Sumqayıtda təqdim olundu
  08 Fevral 2017    Oxunub:2003
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin region sahibkarları ilə görüşləri davam edir.
AzVision.az xəbər verir ki, bu dəfəki görüş Sumqayıt, Abşeron və Xızıdan olan sahibkarlarla keçirilib. Sumqayıtda təşkil olunan görüşdə rayon və şəhər icra hakimiyyətlərinin rəhbərliyi iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iqtisadi təhlükəsizlik, yaxşı infrastruktur və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafı üçün fundamental zəmindir. İcraçı direktor vergi və gömrük gömrük islahatları, həmçinin investisiya təşviqi və ixrac təşviqi sahəsində aparılan islahatlardan danışıb.

Vüsal Qasımlı bildirib ki, bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 70-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.

Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti