Davos Forumu bizə nə vəd edir? - Ekspertlər şərh edir

Davos Forumu bizə nə vəd edir? - Ekspertlər şərh edir
  20 Yanvar 2017    Oxunub:3480
Azərbaycan prezidenti İlham Əliyev Davosda işgüzar səfərdədir. Səfər çərçivəsində ölkə başçısı bir sıra siyasi liderlərlə, şirkət rəhbələri ilə səmərəli görüşlər keçirib. Görüşlər zamanı hazırki iqtisadi, siyasi durum dəyərləndirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır: “Azərbaycan hər zaman Davos İqtisadi Forumuna əhəmiyyət verib. Bu, prezident İlham Əliyevin nümayəndə heyəti ilə forumda iştirakı ilə nümayiş olunub. Davos yeganə iqtisadi forumdur ki, dünyanın çoxlu sayda dövlət, hökumət və aparıcı şirkətlərinin rəhbərlərini bir araya yığır. Bu baxımdan dünya liderləri, böyük şirkətlərin rəhbərləri, ekspertlər və aparıcı media qurumları forumun kifayət qədər ciddi tribunaya çevrilməsinə səbəb olub. Azərbaycan da bu tribunadan istifadə etməyə çalışır”.

V.Bayramov qeyd edib ki, prezident İlham Əliyevin Davosda şirkət rəhbərləri görüşlər keçirməsi əlaqələr baxımından mühüm əməliyyətə malikdir.



“Bundan öncəki forumlarda Azərbaycan prezidenti bir neçə şirkətin rəhbərini ölkəmizə dəvət etmişdi. Müəyyən müddətdən sonra bu şirkətlər Azərbaycanda fəaliyyətə başladılar. Bu baxımdan Davos əhəmiyyətli forumdur. Builki Davos İqtisadi Forumu isə daha əhəmiyyətlidir. Çünki, post-neft dövrüdür. Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ona görə də Azərbaycan xarici sərmayələrin ölkəyə dəvət edilməsi üçün bu tribunadan yararlanır.

Azərbaycan prezidenti Davosda ikitərəfli və çoxtərəfli görüşlər keçirir. Eyni zamanda forumun internet səhifəsində prezident İlham Əliyevin məqaləsi yayımlanıb. Bu, çox əhəmiyyətli məsələdir. Nəticə etibarı ilə Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Azərbaycanın forumda ən yüksək səviyyədə təmsil olunması göstərir ki, ölkəmiz bu imkandan yetərincə yararlanmağa çalışır və müsbət nəticələrə nail olmaq niyyətindədir”.



Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərə diqqət çəkən enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, forum çərçivəsində aparılan danışıqların nəticəsi kimi bu il ölkəyə yeni investisiya yatırımları cəlb oluna bilər:

“16 ildir Davos İqtisadi Forumunda iştirak edən Azərbaycanın məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir. Forumun platforması informasiya mübadiləsi nəticəsində dünya ictimaiyyətinə qlobal iqtisadiyyatla bağlı fikirləri formalaşdırmaq və çatdırmaqdır”.

İ.Şaban vurğulayıb ki, bu il yeni neft və qaz yataqlarının işlənməsi gözlənilir: “Azərbaycan prezidenti Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Azərbaycanın qarşısında həm BP, həm də Total şirkəti ilə neft və qaz yataqlarının işlənməsi kimi vəzifələr durur. Bu baxımdan hesab edirəm ki, forumda iştirak Azərbaycan üçün faydalıdır”.

Qeyd edək ki, dünyanın ən böyük iqtisadi forumlarından olan Davos Forumunun ilk iclası 1971-ci ildə keçirilib. Həmin forumda Avropadan və dünyadan 1000-dən çox iri iş adamı iştirak edib. Forumun təsisçisi isveçrəli professor Klaus Şvabdur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti