`Bankları bağlamaq yox, birləşdirmək lazımdır`- Deputat

`Bankları bağlamaq yox, birləşdirmək lazımdır`- Deputat
  11 Yanvar 2017    Oxunub:2817
“2016-cı ildə bank sistemi Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran sistem oldu. Ötən il bank sistemini sağlamlaşdıra bilmədik”.
Bunu AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, bankların sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, hazırda bank sistemində çox ciddi problemlər var:

“Bu il bank sisteminin sağlamlaşdırılması üçün ciddi addımlar atılmalıdır. İlk növbədə bankların bağlanması məsələsinə gəldikdə, biz hər hansı bir bankın bağlanmasının tərəfdarı deyilik. Çalışmalıyıq ki, banklar birləşsin və Azərbaycanda 15-16 iri bank yaransın. Bu bankların da kapitalı yüksək səviyyədə olsun ki, ciddi problem yaranmasın, aşağı faizlə insanlara kredit verilsin. Təəssüflər olsun ki, ötən il bir neçə bank bağlandı. Hazırda 32 bank fəaliyyət göstərir. Fəaliyyətdə olan bankların bəziləri ilə bağlı bu yaxınlarda müəyyən qərarlar veriləcək. Biz dollarla olan kreditlərlə bağlı təkliflər vermişdik. Təkliflərə baxılıb, amma qərar yoxdur. Bu məsələ öz həllini tapmalıdır ki, həm banklarda sağlamlaşma prosesi getsin, həm də insanlar bu problemdəm qurtulsun”.

Milli Məclisin üzvü bankların dollar satmadığına diqqət çəkib: “Nəyə görə “qara bazar”da dollar var, amma banklar dollar satmır? Banklar hərracda dollar alırlar. Bu məsələni araşdırmaq lazımdır. Bank sistemi ilə ciddi işləmək lazımdır. Dövlət başçısı tərəfindən Strateji Yol Xəritəsi imzalanıb. Bu sənədin həyata keçirilməsi üçün bank sistemi sağlam olmalıdır. Sahibkarlar banklarla əlaqəli olmalı və banklar real sektora kredit verməlidirlər. İri banklar real sektorla çox ciddi işləmilidir ki, nəzərdə tutulan layihələr həyata keçsin”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib ki, keçən il iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub.

Dövlət başçısı qeyd edib ki, bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb: “Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti