Bakı Limanında yükaşırma 47 faiz artıb

Bakı Limanında yükaşırma 47 faiz artıb
  09 Yanvar 2017    Oxunub:1636
2016-cı ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb.
Bakı Limanından AzVision.az-a verilən xəbərə görə, ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 % artaraq 4.5 milyona çatıb. Yükaşırmanın 87 %-i tranzit yükaşırmanın payına düşüb. Eyni zamanda ən böyük artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb:

“Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23415 ədəd iri həcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunların 13791 ədədi (58.3%) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41.7%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib”.

Qeyd olunub ki, 2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28.5 % artaraq 17100 TEU təşkil edib:

“Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87.5%) artaraq 1 milyon 575 min tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17.4% artaraq 36896 ədədə çatıb. Bunlardan 11109 vaqon (30.1%) Bakı-Aktau-Bakı istiqamətində, 25787 (69.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20203 nəfər olub”.

Qeyd olunub ki, Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% artaraq 418.1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti