Leninə görə məşhur olan azərbaycanlı - Kimdir o?
Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930 –cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.
1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub.
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə, respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb.
Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
V. Şekspirin “Otello”, A.Ostrovskinin “Tufan”, A.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif” və “Xanlar”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” və digər tamaşalarda ifa etdiyi baş rolları İsmayıl Dağıstanlıya böyük uğurlar gətirib.
O, teatrla yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan bir çox filmlərdə də yaddaqalan obrazlar yaradıb. Kərəmoğlu (“Böyük dayaq”), Vəzir (“Koroğlu”), Zahidov (“Kölgələr sürünür”), Aslanov (“Qara daşlar”), Fətəli Xan Xoyski (“Qatır Məmməd”), Mirzə Fətəli Axundzadə (“Səbuhi”), İsrafil Məmmədov (“Sovet pəhləvanı”), Dəmirov (“Sualtı qayıq “T-9”) obrazları da kino tariximizin yaddaşında qalıb.
Aktyor 1 aprel 1980-ci ildə vəfat edib.
Şahanə Rəhimli
AzVision.az