Gənclərin ev probleminin həlli üçün 900 milyon lazımdır

Gənclərin ev probleminin həlli üçün 900 milyon lazımdır
  26 Dekabr 2016    Oxunub:2265
Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır.

AzVision.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində yer alıb.

Qeyd olunub ki, mənzilə sahibliyin yüksək faizini, yeni satışların nəzərə çarpmayan artımını, mənzil bazarının kiçilməsini və qabaqcıl təcrübələrə dair nümunələri nəzərə aldıqda qeyd etmək olar ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaqdır:

"Bu artım uyğun qiymətə mənzillərin sayının lazımi səviyyədə və mənzil bazarında tarazlığı pozmadan artmasına səbəb olacaqdır. Agentliyin mənzil təminatı ilə bağlı hədəfləri real mənzil bazarının göstəriciləri əsasında hər il yenilənəcək və belə hədəfləri müəyyən edərkən eyni təşəbbüsləri həyata keçirən digər ölkələrdə müəyyən edilmiş əsas faktlar nəzərə alınacaqdır".

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə 16237 mənzil istifadəyə verilib. Bu, o deməkdir ki, illik tələbat 30 min mənzil olduğu halda 10 mindən artıq mənzilə olan tələbat ödənilməyib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşəbbüslər müəyyən edilərkən bu fakt nəzərə alınacaqdır: "2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 mln. və dolayı 81 mln. manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət–özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti