SSRİ-nin `Titanik`i: 745 məhbus dənizə necə gömülmüşdü – GİZLİ TARİX

SSRİ-nin `Titanik`i: 745 məhbus dənizə necə gömülmüşdü – GİZLİ TARİX
  26 Dekabr 2016    Oxunub:25013
Bəhram Çələbi
AzVision.az üçün

1939-cu ilin dekabr ayında SSRİ DTK-sı (Dövlət Təhlükəsizlik Komitəsi) Maqadandan Vladivostoka yollanan sovet gəmisi "İndiqirka"nın Yaponiyanın sahillərində qəzaya uğradığı haqda xəbər alır. Bu reysin sərnişinləri adi insanlar deyil, Kolıma düşərgələrində islah olunan məhbuslar idilər.

Dəhşətli silkələnmədən, gurultudan sonra su gəmiyə dolmağa başlayan zaman məhbuslar xilas olmağa çalışdıqda onları avtomat atəşi ilə geri qaytarırdılar. Nəticədə səkkiz yüz nəfər Oxot dənizinin buzlu sularında həlak olur.

“İndigirka” faciəsini əfsanəvi "Titanik" qəzası ilə müqayisə etmək olardı. Lakin üzən nəhəng qazamatın qəzasının sirləri uzun illər məxfiləşdirilmiş, baş verən olaylar barədə sənədlər "tam məxfi" qrifi altında dövlət təhlükəsizliyinin arxivlərində saxlanılıb.

"İndiqirka" nəqliyyat gəmisi Uzaq Şərqin NKVD-sinə məxsus idi. Lakin "İndiqirka" barədə şayiələr Kolıma düşərgələrinin hüdudlarını aşaraq bir çoxlarını şoka salır. Hazırda "İndiqirka"nın son reysi barədə heç bir dolğun məqalə, kitab və heç bir ətraflı məlumat yoxdur.

1971-ci ildə isə Yaponiyanın radio kanallarından biri Sarufutsu kəndində həlak olmuş sovet vətəndaşlarının xatirəsinə heykəl ucaldırıldığı barədə məlumat yayır. Bu məlumatı keçmiş siyasi məhbus Georqi Kusurqaşev də eşidir. O, uzun illər bu gəmi barədə məlumat toplamaq üçün arxivlərə müraciət etsə də, səyləri boşa çıxırdı. Lakin Moskvadakı Yaponiya səfirliyinə müraciəti cavabsız qalmır. Səfirlikdən gələn məktubdakı məlumatlar o dövrdəki yapon qəzetlərinin materialları əsasında qurulmuşdu.

Yaponların versiyasına görə, balıqçılar, onların ailələri və yüzlərlə məhbus doldurulmuş gəmi Naqayevo bux-tasından Vladivostoka istiqamət götürmüşdü. 12 dekabr tarixində baş vermiş fırtına nəticəsində gəmi təyin edilmiş istiqamətdən yayınaraq Sarufutsu qəsəbəsi yaxınlığında qayaya dəyərək sahildən altı yüz metr aralıqda böyrüstə əyilir.

Buza dönən məhbuslar

Elə həmin gecə Genitiro Dzin adlı balıqçının evinə beş nəfər xarici vətəndaş təşrif buyurur. Başdan-ayağa islanmış həmin şəxslər imdad istəyirdilər. Dzin xariciləri sobanın yanında əyləşdirərək yedizdirir, içirdir və haradan gəldiklərini soruşur. Qeyd edək ki, o dövrlərdə SSRİ ilə münasibətlər düşməncəsinə olduğundan Yaponiyadakı bütün xaricilər casus hesab olunurdu.

Balıqçı öz oğlunu dənizdə nə baş verdiyini öyrənmək üçün sahilə göndərsə də, fırtına yarıbatmış gəmini görməyə imkan vermir. Səhər tezdən isə hər şey aydın olur. Sakinlər "İndiqirka"nı dənizdə çökdüyünü gördükdən sonra həmin dairənin mərkəzi sayılan Vakkanay limanına telefonoqramma göndərirlər. Bir müddət oradan cavab gəlmir. Görünür komandanlıq rəhbərliklə rusları xilas edib-etməməyi müzakirəsini aparırmış. SSRİ səfirliyi isə bu barədə yalnız on yeddi saatdan sonra məlumatlandırılır.

Tokiodan "İndiqirka"nı xilas etmək əmri gəldikdə xilasedici gəmilər dənizə çıxırlar. Nəhəng dalğaların gəmidəki sərnişinləri suya atdığını görən Sarufutsu balıqçıları da öz gəmilərini işə salırlar. Böyük zəhmət nəticəsində "İndiqirka"nın 395 sərnişini xilas edilərək polis tərəfindən dindirilməyə aparılır. Ancaq xilas olanlar gəminin zirzəmisində məhbusların olduğu barədə bir kəlmə belə söyləmirlər. Çox keçmədən ləpələr həmin məhbusların meyitlərini sahilə atmağa başlayır.

Dzin Kaddukonun qızının söylədiklərindən: "Cəsədlər bir anın içərisində donaraq kötük kimi bir-birinə dəyirdilər. Biz məktəbə getməyə qorxurduq. Çünki məktəbə gedən yol sahildən keçirdi. Orada isə saysız-hesabsız meyitlər görünürdü”.

Təhqiqatçı Saotoms Kasumoto yazır: "İndiqirka"da xilasedici işlər aparılmasına üç gün vaxt sərf olundu. Fəhlələr xüsusi cihazlarla gəminin korpusunda dörd dəlik açaraq möcüzə nəticəsində sağ qalmış daha 25 nəfəri - məhbusları xilas edə bildilər".

Balıqçıların sahildən yığdıqları meyitlər sonradan kremasiya edilərək SSRİ-yə göndərildi. Bir qədər sonra isə daha on meyit sahildə göründü. Onları buddist məbədinin kiçik qəbiristanlığında dəfn etdilər.

Sonra nə baş verir?

"İndiqirka"nın kapitanı Nikolay Lapşin ən ağır cəzaya məhkum edilir və istintaq işində "qəsdən gəmini batırıb" sözləri qeyd edilir.

SSRİ-nin qəza ilə əlaqədar yaratdığı Dövlət komissiyası "xilasetmə tədbirlərinin pis təşkil olunduğunu" qeyd edərək yüzlərlə insanın həlak olmasında Yaponiya hökumətini günahlandırdı. Qeyd olunduğu kimi, 1939-cu ildə Yaponiya ilə SSRİ arasında münasibətlər bir o qədər də ürəkaçan deyildi. Və həmin ilin 16 dekabr tarixində Siyasi Büronun Moskvada keçirdiyi iclasında "İndiqirka"nın qəzası barədə məlumatlar dinlənilərək, gəminin taleyi və Yaponiya ilə maliyyə münasibətləri müzakirə olundu. Həlak olmuş səkkiz yüz nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi qərarlaşdırılsa da, onların taleyi barədə qohumlarına xəbər verilmədi.

Sonralar məlum oldu ki, kosmik elmin yaradıcılarından sayılan Sergey Korolyov da həmin reysdə "İndiqirka" ilə üzməli imiş. Lakin o yeni istintaq işi ilə əlaqədar Moskvaya çağırıldığından sağ qalmışdır. Yaponlar üçün isə "İndiqirka" əhvalatı "Titanik"in qəzasından sonra ən dəhşətli dəniz faciəsinə çevrilir. Ölənlərin ümumi sayı 745 nəfər idi.

Hazırda da Sarufutsudakı monumentin önünə gələn turistlər həmin faciəli gün həlak olanları və xilasediciləri yad edib suya əklil atırlar.


Teqlər:





Xəbər lenti