İran Ermənistana niyə qucaq açır? - Tehranın anti-İslam siyasəti
Millət vəkili Elman Məmmədov hesab edir ki, İran İslam pərdəsi altında müsəlman dünyasını dağıtmaqla məşğuldur: “Azərbaycan xalqının başının bəlası, böyük Azərbaycanın parçalanmasının səbəbkarı İran-fars rejimi olub. İranlılar bizim ölkəmizi Quzey Azərbaycan adlandırır. İran-fars molla rejimi tarix boyu Azərbaycan xalqına, onun dövlətçiliyinə düşmən kəsilib. 1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başlatdığı hadisələr bunu bir daha sübut etdi. Qanlı olaylar başlayanda İran Ermənistana kömək etdi, bütün sahələrdə düşmən ölkəni qorudu. Burada Rusiya amilini, silahını, əsgərini inkar etmək olmaz. 25 ildən çoxdur ki, İran Ermənistanı enerji, ərzaq, silahla təmin edir. İşğal altında olan ərazilərimizdə nə qədər təbii sərvətlərimiz varsa, İran tərəfindən talanır”.
Millət vəkili bildirib ki, İran müstəqil, güclü Azərbaycan dövlətinin mövcudluğunu istəmir: “İran tərəfi düşünür ki, birdən qəflət yuxusuna dalmış 30 milyondan çox azərbaycanlı müstəqillik və bizimlə birləşmək arzusuna düşər. Ona görə də İran Azərbaycana belə münasibət sərgiləyir. Ruhani Ermənistanda riyakarlıqla bəyan etdi ki, İran Ermənistan və Azərbaycanla dost ölkədir, İran Ermənistanla dostdur. Azərbaycana gəldikcə isə bizə dost münasibəti göstərilmir. İranın islamdan, qardaşlıqdan danışmağa haqqı yoxdur. Bu dövlət islam pərdəsi altında pərdələnmiş, parçalayıcı, mənfur simasını itirib. İran Ermənistanla birləşərək çirkin oyunlar aparır”.
Politoloq Qabil Hüseynlinin fikrincə, İran müstəqil Azərbaycanı heç cür həzm edə bilmədiyindən özünün elan etdiyi bütün islami dəyərləri tapdalayaraq təcavüzkar Ermənistanla əməkdaşlığı genişləndirir: “Bu əməkdaşlıq bu gün yox, Azərbaycan müstəqillik qazandıqdan və Ermənistan ərazilərimizə təcavüz etdikdən sonra başlayıb. İran yeganə ölkədir ki, Ermənistan blokadada olan bu ölkəyə hər cür dəstəyi verib. İran təcavüzkar Ermənistanı iflas etməkdən xilas edib. Bəzi hesablamalara görə, İranın Ermənistana yardımı 2 milyard dollar yaxındır. Bu, Rusiyanın etdiyi yardımdan bir qədər azdır. Bu onu göstərir ki, tarix boyu Rusiya Azərbaycan xalqına, dövlətçiliyinə hansı münasibəti göstəribsə, İran da eyni münasibəti göstərib. Yəni, Azərbaycan dövlətinin problemlərinin bir çoxu bu iki dövlətdən qaynaqalanıb.
Sözdə islam həmrəyliyindən, əməkdaşlığından dəm vuran rəsmi Tehran əməldə islam dəyərlərini tapdalayan, məscidləri yerlə yeksan edən, islama qarşı sözün həqiqi mənasında lokal miqyasda səlib yürüşünə çıxmış bir ölkə ilə hər cür əməkdaşlıq edir. Səfər zamanı hərbi əməkdaşlıq haqqında saziş gündəmdə idi. İran bundan öncə də Ermənistana silah-sursat, avadanlıqlar göndərib. İndi isə İran Ermənistanla münasibətləri strateji səviyyəyə qaldırmaq niyətindədir. Zahirən bunu İsrail-Azərbaycan əməkdaşlığına görə etdiyini bildirir. Amma, Azərbaycan İsrail əməkdaşlığı sıfır səviyyəsində olduğu bir vaxtda da İran Ermənistana yardım edib. Bu, biabırçılıqdır. Eyni zamanda bu məsələyə orada olan 35 milyon soydaşımızın səssiz qalması da təəccüblüdür. İranın Azərbaycan xalqının düşməni ilə əməkdaşlıq etməsi heç bir məntiqə sığmır”.
Politoloq vurğulayıb ki, Azərbaycan dövlətlərarası əməkdaşlığın normal qaydada aparılmasının əleyhinə deyil: “İranın Avropaya Ermənistan vasitəsilə çıxış əldə etmək niyəti Cənubi Qafqazı qarışdırmaq xarakteri daşıyır”.
Elvin Abdulqədirov
AzVision.az