Tağıyevin qəbrini tanımaq üçün açıb, tabuta baxmışdılar – ÖZƏL MÜSAHİBƏ (FOTO+VİDEO)

Tağıyevin qəbrini tanımaq üçün açıb, tabuta baxmışdılar – ÖZƏL MÜSAHİBƏ (FOTO+VİDEO)
  07 Dekabr 2016    Oxunub:54261
Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın şəxsi arxivi bir neçə gün öncə Bakıya gətirilib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov Sara Tağıyeva-Sarayevanın oğlu Oleq Nikolayeviç Sarayevlə görüşmək məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olub. Onunla görüşən Oleq Sarayev Sara Tağıyeva-Sarayevanın arxivini muzeyin elmi katibinə təqdim edib. Həmin arxiv Sara xanımın 1950-1980-ci illərdə H.Z.Tağıyevin şərəfli adının bərpa olunması, ona bəraət verilməsi uğrunda apardığı mübarizəyə dair unikal sənədlərdən ibarətdir.

Fərhad Cabbarov AzVision.az-a müsahibəsində Sara Tağıyeva-Sarayevanın arxivi, həyatı, fəaliyyəti, Rusiyada yaşayan iki övladı, Tağıyevlər nəslilə bağlı maraqlı məlumatları açılayıb. O, həmçinin Tağıyevin davamçılarının arxivini saytımıza nümayiş etdirib.



- Oleq Sarayev anası Sara xanımın üç böyük qovluqda olan sənədlərini mənə təqdim etdi.Həmin arxiv qovluqlarını özümlə Bakıya gətirdim. H.Z.Tağıyevin fəaliyyətini araşdıran bir tarixçi kimi həmin sənədlər mənə çox maraqlı gəldi. Bildiyimiz kimi, Sara xanım böyük məhrumiyyətlərə düçar olub, atasının adının bərpası uğurunda əziyyətlər çəkib. Qovluqlarda maraqlı məlumatlar vardı. Sara xanımın atası Hacı Zeynalabidin Tağıyevin maarifçilik fəaliyyəti ilə bağlı məqaləsi də arxiv sənədlərinin arasındadır.

Arxivdə çoxlu şəkillər də var. Hələ Sovet dövründə Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı qəbri yerlə yeksan olmuşdu. Hazırda Cənab Prezidentin sərəncamı ilə məzar bərpa olunub. Mənə təqdim edilən arxivdə Sara xanım və bir neçə Mərdəkan sakinin şahidliyi ilə bir yazı var. Orada qeyd olunub ki, H.Z.Tağıyevin qəbrini tapmaq çox çətin idi. Onun harada dəfn olduğunu öyrənmək üçün qəbri açmağa məcbur olublar. Dəmir tabutu gördükdən sonra əmin olublar ki, bu, Hacı Zeynalabidin Tağıyevin qəbridir.


Sara Tağıyevanın oğlu Oleq Nikolayeviç Sarayev

Sara xanım öz həyat yolunu yalnız bir məqsədə çatmağa həsr edib. Bu da ki, atası Hacı Zeynalabidin Tağıyevin adının yenidən bərpa olunması, ona qarşı təqiblərə son qoyulması idi. Sara xanım bunun üçün çox instansiyalara müraciət və şikayətlər edir, arxivlərdən müxtəlif sənədlər toplayıb, idarələrə göndərirdi. Qeyd edirdi ki, Hacı Zeynalabidin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görüb.



- Bu arxivdən mənə maraqlı gələn məqamlardan biri də odur ki, bizim məşhur alimlərimiz o vaxt Sara xanımın yazdıqlarını dəstəkləyirdilər...

- İndiki dövr üçün bu, normaldır, amma sovet dövrü, yəni 60-70- ci illərdə kommunist ideologiyasının hökmranlıq etdiyi bir vaxtda H.Z.Tağıyevin istismarçı, qaniçən, qəddar kapitalist olmadığını demək böyük cəsarət tələb edirdi. Arxivdə Azərbaycan Elmlər Akademiyasının o vaxtkı prezidenti Rüstəm İsmayılovun imzası ilə yazılmış bir sənəd də var. O, Fəlsəfə və Tarix İnstitutlarına tapşırır ki, Sara xanımın yazdıqlarını araşdırın. Bu isə o vaxt böyük cəsarət tələb edirdi.



Bizim görkəmli tarixçilərimizdən biri olan Mahmud İsmayılov da öz yazısında Hacı Zeynalabidin Tağıyevin fəaliyyətinə müsbət rəy verib. Fəlsəfə İnstitutunun Şabanov soyadlı bir əməkdaşı da Tağıyevlə bağlı müsbət rəyini ifadə edib. Maraqlıdır ki, Moskva və Leninqradda çalışan azərbaycanlı, rus alimlər də öz müsbət rəylərini veriblər. Hətta Sara xanım Rusiyanın Şərqşünaslıq İnstitutuna qədər gedib çıxıb. Tarix İnstitutuna da sənədlər gönədərib müsbət rəy alıb ki, həqiqətən də Qızlar Məktəbini Hacı Zeynalabdin Tağıyev açdırıb, teatr binasını o tikdirib.



Bəzi kitablarda yazılırdı ki, guya Qızlar Məktəbini Həsən bəy Zərdabi açdırıb, Tağıyev isə sadəcə olaraq vəsait ayırıb. Əslində isə belə deyildi. Tağıyev həm vəsait ayırıb, həm də binanın tikintisindən tutmuş, qızların məktəbə qəbulu, oxumaları və təmin olunmalarına qədər hər şeyi özü həll edirdi. H.Zəradabi isə sadəcə, prosesdə iştirak edirdi. Bəzən də teatr binasının tikildiyi ili yazırdılar, amma bunu Tağıyevin tikdirdiyini yazmırdılar. Sara xanım da çalışırdı ki, bu işləri təbliğ etsin. Daha sonra Hacı Zeynalabidin Tağıyev Mərdəkanda Bakı kəndlərindən olan uşaqlar üçün bağçılıq məktəbi açdırmışdı. Bu məlumatı o vaxtlar kitab və məqalələrdə yazmırdılar. Amma Sara xanım bunu öz yazılarında vurğulayırdı.



Bu arxiv sənədlərini Sara xanım həmişə öz üzərində gəzdirib. Qorxurdu ki, çantada olan sənədləri oğurlayarlar, bəzən isə onlar itirdi. Məhz bu səbəbdən Sara xanım sənədləri o vaxt öz sinəsinə, belinə bağlayıb, üzərindən paltosunu geyinirdi.

Sara xanım çox ağır bir həyat yaşayıb. Oleq Sarayevin bizə təhvil verdiyi bəzi sənədlərdə anası Sara xanımın hətta psixiatrik xəstəxanaya yerləşdirildiyi öz əksini tapır. Hətta bəziləri elə rəylər yazırdıları ki, guya bu xanım əqli və psixi baxımından özündə deyil, ona görə də belə hərəkətlər edir. Düzdür, sonradan onu ruhi xəstəxanadan çıxardılar. Çünki elə bir xəstəliyi yox idi. Sara xanım çox savadlı insan idi. Sankt-Peterburqda ali təhsil almışdı. Sadəcə olaraq, onu bu araşdırma fəaliyyətindən uzaqlaşdırmaq üçün “ruhi xəstə” adlandırırdılar.



Arxivdə daha bir maraqlı yazı da var. Sara xanım həyatının son illərində yazdığı bu yazıda ona kömək edənlərə öz təşəkkürünü bildirib. Bəlkə də artıq dünyadan köçəcəyini hiss edirdi. Bir növ özünə mənəvi borc bildiyi üçün belə bir təşəkkür xarakterli yazı yazıb və ruhi xəstəxanadan çıxmaq üçün ona kömək edənlərin adlarını sadalayıb. Sənədlərin yazılması, çoxaldılmasında göstədikləri yardıma görə Tarix İnstitutunun kollektivinə də öz minnətdarlığını bildirir.

- Sara Tağıyeva-Sarayevanın ikinci rus həyat yoldaşının aqibəti necə olub?

- Sara xanım Bakıdan Leninqrada köçdükdən sonra orada Nikolay Sarayev adlı bir rusla tanış olur və ailə həyatı qurur. Bu, Sara xanımın ikinci ailəsi olur. Nigahdan Sara xanımın Lev və Oleq Sarayev adlı iki oğlu dünyaya gəlir. Bu iki övlad analarının ağır həyatını bir növ özləri də yaşayırlar. Övladları bir az böyüdükdən sonra Sara xanım Bakıya gəlməli olur. Leninqrada yenidən qayıdanda isə onların evlərini əllərindən alırlar. Bunu mənə Oleq Sarayevin özü danışıb. Evi hanısa bir prokurora veriblər. Sara xanım da məhkəməyə şikayət edib. Məhkəm isə qərar çıxarır ki, onlar evlərinə qayıda bilərlər. Amma qərarda qeyd olunub ki, bir il müddətində onlar evin yeni sakinləri ilə birlikdə həmin evdə yaşamalıdırlar.
Görüşümüz zamanı Oleq Sarayev dedi ki, atalarının qəbrinin harada olduğunu bilmirlər. 1941-ci ildə müharibə başlayanda onların atasını arxada cəbhədə işləməyə göndəriblər. Cəbhəyə gedənə yemək üçün bir “payok” çörək və müəyyən ərzaqlar verirdilər. Oleq mənə dedi ki, evlərində bir kağız var, ataları yazıb ki, həmin “payok”dakı yeməkdən imtina edir və uşaqları üçün aparacaq. Günlər bir günü “payok”u gətirən vaxt acından ürəyi gedib yıxılır və oradaca dünyasını dəyişir. İndi onun harada dəfn olunduğu heç bilinmir. Oleq bildirdi ki, hər il mayın 9-da Qələbə günü adı naməlum olanların dəfn edildiyi Qardaşlıq məzarlığına gedirlər. Hələ də atalarının məzarının yerini bilmirlər. Bu, əslində bir ailə faciəsidir.


Sara Tağıyeva və Zeynal bəy Səlimxanovun qızı Səfiyyə xanım Səlimxanova övladları ilə birlikdə

- Bəs Sara xanımın birinci həyat yoldaşı Zeynal bəy Səlimxanovdan olan övladları haqqında nə məlumat var?

- Onların Səfiyyə xanım adlı övladı vardı. Səfiyyə xanım Türkmənistana köçüb, bir müddət Aşqabadda yaşayıb. Sara xanım da bir müddət Bakıda qalır. Daha sonra isə Leninqrada, oğlanlarının yanına gedir. Bir müddət sonra isə yenidən Bakıya qayıdır. Ömrünün qalan hissəsinin yalnız atasının adını yenidən bərpa etməyə xərcləyir. Məqsədinə çatmaq üçün ailəsini, sağlamlığını da gözə alır. Sonda istədiyinə çatsa da, sözün həqiqi mənasında o anları görə bilmir, çünki artıq gözlərinin nurunu itirmişdi. Amma məqsədinə çatdığını bilir.

O, 1991-ci ildə vəfat edib. Amma H.Z.Tağıyevin adının bərpası 1980-ci illərin sonundan başlayıb. Sara xanım isə gördüyü işin hədər getmədiyi üçün bu dünyadan arxayn köçdü. Sara xanım bütün cəmiyyətə Tağıyevin əslində kim olduğunu, Azərbaycan xalqı üçün nələr etdiyini sübut etdi.


Sara Tağıyevanın oğlu Lev Nikolayeviç Sarayev

- Oleq və Lev Sarayev qardaşlarının Azərbaycana gəlmək fikirləri varmı?

- Onlar sovet dövründə anaları Sara xanımla bir müddət Azərbaycanda yaşayıblar. Daha sonra doğulduqları ölkəyə qayıdıblar. Orada ailə həyatı qurublar və yaşayıblar. Bir neçə il öncə yenidən Bakıya gəlmişdilər. Ögey bacıları Səfiyyənin övladları da Azərbaycanda yaşayır.

Oleq Sarayevlə danışanda o, dedi ki, özü Bakıya gələndə bəzi başqa sənədləri də Azərbaycan Tarixi Muzeyinə verəcək. Mənə verdikləri isə tam arxiv deyil. Sözsüz ki, müəyyən sənədlər hələ də ailədə qalır.



- Sarayev qardaşları hazırda hansı işlə məşğuldurlar?

- Oleq Sarayev hazırda Sankt-Peterburq Elmlər Akademiyasında çalışır. Böyük qardaşı Lev təqaüdçüdür, işləmir. Onların övladları müxtəlif sahələrdə çalışırlar. Birinin oğlu sənətkarlıq sahəsindədir, digəri Daxili İşlər Orqanlarındadır. 2010-cu ildə Sara xanımın nəvələri - Oleq və Lev Sarayevin oğlanları Bakıya gəldilər. Biz onları Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə dəvət etmişdik. Amma ataları səhhətləri ilə bağlı gələ bilmədilər.



- Deyilənlər düzdürmü ki, Sara xanım oğlanlarından imtina edib, onları övladlığa verib?

- Xeyr. Sadəcə olaraq, uşaqlar Sara xanımın baldızının, yəni bibilərinin himayəsində yaşayıblar. Oleq bunun səbəbini də mənə danışdı. Dedi ki, anamız Bakıya getməli idi. Kimsəsiz qalmamaq üçün bizi bibimizin himayəsinə vermişdi. Bibimiz rəhmətə gedəndən sonra bir müddət uşaq evində yaşadıq. Daha sonra anamız gəlib bizi uşaq evindən götürdü. O, övladlarına bağlı bir ana olub. Biz Sara xanımı belə bir həyat yaşadığına görə nə tənqid, nə də ittiham edə bilərik.

- Övladları Sara xanımın ömrünün son günlərini necə xatırlayırlar?

- Sara xanım vəfat edən zaman övladları burada olmayıb. Birinci həyat yoldaşı Zeynal bəy qızı Səlimxanovdan olan qızı Səfiyyə xanım həmin vaxt Bakıya gəlib və anasının dəfn mərasimində iştirak edib. Sara xanım çox mərd qadın olub, hansısa maddi və məişət ehtiyacları üçün kiməsə ağız açmayıb.



- Sarayev qardaşları özlərini azərbaycanlı hesab edirlərmi? Azərbaycanla bağlı düşüncələri necədir?

- Özlərini Azərbaycanlı kimi hiss edib-etməmələrilə bağlı heç nə deyə bilmərəm. amma onlar özlərini Tağıyev ailəsinə birbaşa aiddiyyatı olan insan kimi hiss edirlər. Məsələn, mən ora getməmişdən öncə Oleq Sarayevlə telefonda danışdım. Məndən xahiş etdi ki, Azərbaycan Tarix Muzeynin fotolarını ona aparım. Dedi ki, babalarının yaşadığı evin bərpadan sonrakı şəkillərini görmək istəyirlər.











Hafiz Əhmədov
Video- Elvin Abdulla
Montaj- Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti