Qadınlar ona baxıb çadralarını atdılar- Kimdir o?

Qadınlar ona baxıb çadralarını atdılar- Kimdir o?
  25 Noyabr 2016    Oxunub:26296
Bu gün Azərbaycan və SSR-nin Xalq artisti Mərziyyə Davudovanın doğum günüdür.
XX əsrin 20-ci ilinə kimi Azərbaycan səhnəsində qadın rollarını kişi aktyorlar oynayırdılar. Buna görə onlar təhqir olunur, hətta ölümlə hədələnirdilər. Azərbaycan səhnəsi uzun illər idi ki, öz qadın aktrisalarının həsrətindəydi.

Mərziyyə Davudova bu həsrətə son qoyanlardan biri oldu. Sənətşünas Mehdi Məmmədov onun haqqında belə yazırdı:
"Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır".

Səhnəmizin ən güclü aktrisalarından biri sayılan Mərziyyə Davudova 1901-ci ildə Həştərxanda anadan olub. İlk dəfə səhnəyə 16 yaşında çıxıb. Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu oynayıb. Onun səhnə istedadının kəşf edilməsində unudulmaz sənətkarımız Hüseyn Ərəblinskinin birbaşa rolu olub.

1918-ci ildə Həştərxana qastrol səfəri zamanı Ərəblinski, gənc qızın oyununu çox bəyənir və onu Bakıya dəvət edir.

Mərziyyə Davudovanın da ən böyük istəyi Hüseyin Ərəblinski ilə tərəf müqabili olmaq idi. Lakin Hüseyn Ərəblinskinin 1919-cu ildə doğma dayısı oğlu tərəfindənqətlə yetirilməsi aktrisanın arzusunu ürəyində qoyur.

Lakin çox keçmir, həyat Mərziyyə Davudovanın üzünə gülür. Abbas Mirzə Şərifzadə kimi nəhəng aktyorla səhnədə tərəf müqabili olur. Bir müddət sonra onlar vəfalı ömür-gün yoldaşına çevrilirlər.



Mərziyyə xanımın qismətinə Azərbaycan tarixində yeniliyə imza atmaq da düşür. Cəfər Cabbarlının "Sevil" pyesi səhnələşdirilən zaman aktrisamızın yaratdığı “Sevil” obrazı böyük əks-səda yaradır. O, rolunu elə inandırıcı oynayır ki, tamaşaya gələn qadınlar çadralarını zaldaca çıxarıb atırlar.

"Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və s. filmlərdə oynayan Mərziyyə Davudovanın bir uğuru digərini səsləyirdi.



O, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli insan cizgiləri yaradıb.

Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli kimi cəsarətli sənət fədailərinin sırasına qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarını oynayıb. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında həyat yoldaşı Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olub.

1936-cı ildə Mərziyyə Davudova “Xalq artisti ” adına layiq görülür. Lakin bu sevincini gözüdolusu yaşaya bilmir. Belə ki,1937-ci ilin repressiyası onun ailəsindən də yan keçmir. Mikayıl Müşfiqdən , Ülvi Rəcəbovdan, Əhməd Cavaddan, Hüseyn Caviddən sonra növbə onun ömür-gün yoldaşına çatır.



1938-ci ildə Abbas Mirzə Şərifzadənin güllələnməsi Mərziyyə xanımın həyatını alt –üst edir. Həyat yoldaşının ölümündən sonra onu ayaqda saxlayan oynadığı rollar və böyük məhəbbətinin nişanəsi olan qızı aktrisa Firəngiz Şərifova olur.

1956-cı ildən Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən aktrisa 1962-ci ildə 61 yaşında vəfat edir.

Qeyd edək ki, Mərziyyə Davudova Eurovision mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən Eldar Qasımovun ulu nənəsidir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti