İnfliyasiyanın birrəqəmli olması üçün nə edilməlidir – TƏHLİL

İnfliyasiyanın birrəqəmli olması üçün nə edilməlidir – TƏHLİL
  16 Noyabr 2016    Oxunub:4553
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin 10 ayının nəticəsinə görə, infliyasiya yenə ikirəqəmli səviyyədə - 11,6% təşkil edib. Başqa sözlə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində istehlak məhsulları və xidmətlərinin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4% bahalaşıb ki, bu da infliyasiyanın yüksəlməyə doğru meyl etdiyini göstərir.

Yeri gəlmişkən, 2016-cı ilin oktyabrında sentyabra nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,3, ərzaq məhsullarının qiymətləri 2,3, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% bahalaşıb. Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurtanın, kərə və bitki yağları, şəkər və şəkər tozu, şokolad və konfetləri, qəhvə, çay və kakao, armud, üzüm, göyərti, pomidor, xiyar, kartof, kök, çuğundur, sarımsağın qiymətlərində bahalaşma müşahidə edildiyi halda, almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin, balqabağın qiymətlərində isə ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Məsələ ondadır ki, qeyd olunan ümumi infliyasiya səviyyəsi bizdə iqtisadiyyatı idarəetmə vasitələrinin işləmədiyini bir daha göstərir. Belə ki, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldonun hökm sürdüyü, Mərkəzi Bankın (AMB) uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində lazımi həddə olmasa da, hər halda, indiki ilə müqayisədə nisbətən iqtisadi aktivlik müşahidə olunduğu bir zamanda illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə təşkil edirdisə, hazırda dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsinin 15% və heç bir iqtisadi aktivliyin isə müşahidə olunmadığı halda bu cür ikirəqəmli inflyasiya qeydə alınır.

Deməli, bu, bilavasitə manatın ucuzlaşmasının nəticəsidir desək, səhv etmərik. Başqa sözlə desəm, inflyasiya bilavasitə idxal ilə bağlıdır. Və bu, daxili valyuta bazarında mövcud vəziyyətin necə təklükəli xarakter daşıdığını bir daha göstərir. Nəzərə almaq vacibdir ki, manat hələ idarəolunan üzən məzənnə rejimindədir.
Yəni, əgər, sərbəst buraxılarsa, infliyasiyanı saxlamaq ümumiyyətlə, mümkün olmaz.

Qeyd edim ki, ölkəmizdə neft hasilatının ən pik dövrü sayılan 2010-cu il ərzində inflyasiya 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, keçən il isə 4% təşkil edib. Yəni, birrəqəmli səviyyədə... Halbuki, göstərilən illərdə AMB-in mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, keçən ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, bu ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Yəni, pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib.

Hələ onu qeyd etmirik ki, AMB özünün cari ilin ötən 9 ayı üzrə açıqladığı “Pul siyasəti icmalı”nda da bəyan etdiyi kimi, 2016-cı ilin iyun ayından likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərracları da keçirməyə başlayıb. İcmalda da qeyd olunub ki, hesabat dövründə 13 hərrac keçirilmiş və nəticədə cəlb edilmiş depozitlərin həcmi 555 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 8,95% təşkil edib. Sentyabr ayının sonuna depozit hərracları vasitəsilə cəlb edilən vəsaitin qalığı 109 milyon manata bərabər olub. Depozit əməliyyatları həm də pul bazarının inkişafı və beləliklə də, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə yönəlib. Ancaq, göründüyü kimi, inflyasiya düşmür.

Bəs, nə etməli? Ölkədə ikirəqəmli infliyasiyanı necə cilovlamalı?

Bir az əvvəl AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, hazırda başlıca məqsəd ikirəqəmli inflyasiyanı aşağı salmaq - yəni, onu həm əhali, həm biznes, həm də dövlət üçün məqbul səviyyədə saxlamaqdır. “Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır... Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”,- deyə, o, bildirmişdi.

Eyni mövzuda əvvəlki şərhimdə yazmışdım ki, AMB sədrinin də inflyasiyanın ikirəqəmli olduğuna dair ifadə etdiyi narahatlıq əslində manatın dəyərinin, sırf tədiyyə balansında artıq xeyli müddətdir yaranmış və bir qədər də dərinləşmiş mənfi saldo ilə əlaqədar vəziyyətin bilavasitə təsiri və təzyiqi nəticəsində ucuzlaşması ilə bağlıdır.

Odur ki, inflyasiyanı aşağı salmaq üçün hesab edirəm, ilk növbədə, aşağıdakıları həyata keçirtmək lazımdır:
1) Keçən ilin dekabrın 21-də manatın üzən məzənnə rejiminə keçdiyi bəyan olunsa da, növbəti dəfə də kiçik aralıqda (məsələn, 1 $=1.90-2 azn civarında) devalvasiya haqda qərar qəbul edilməli

2) Tədiyyə balansında disbalansın böyüməməsi üçün ölkədən kənara xarici valyuta axını müvəqqətti olaraq inzibati yolla məhdudlaşdırılmalı;

3) İdxal əməliyyatları daha bir sıra istiqamətlər üzrə gömrük rüsumlarının bir az da sərtləşdirilməsi yolu ilə məhdudlaşdırılmalı;

4) Yerli istehsala aid məhsulların daşınması və satışı mərhələləri ilkin olaraq 6 ay ərzində bütün növ vergilərdən tamamilə azad olunmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti