`Elektron cinayət işi`nin tətbiqinə başlanılır

`Elektron cinayət işi`nin tətbiqinə başlanılır
  04 Noyabr 2016    Oxunub:1342
2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri başa çatıb.
Vergilər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu hazırlanıb və istifadəyə verilib.

Qeyd edək ki, “Elektron cinayət işi” modulu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

Nazirlikdən bildirilib ki, “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb. Müstəntiq və təhqiqatçılar modulun müvafiq bölmələrində (xanalarında) tələb olunan məlumatları doldurarkən, zəruri qeydlərini və əlavələrini də edə biləcəklər. Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti