`Dünyaya səs salacaq proqram hazırlayıram` - `Oracle`ın azərbaycanlı Heraklı

`Dünyaya səs salacaq proqram hazırlayıram` - `Oracle`ın azərbaycanlı Heraklı
  03 Noyabr 2016    Oxunub:72112
AzVision.az -ın müsahibi İnformasiya Texnolgiyaları (İT) sektorunda məşhur ekspert, Oracle Verilənlər Bazısı üzrə dünyada 10 mütəxəssisdən biri, Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) prezidenti Kamran Ağayevdir. O, Oracle şirkəti tərəfindən Ace Director mükafatına layiq görülən yeganə azərbaycanlıdır.

Kamran yeddi ildir ki, Azercell şirkətində Verilənlər Bazası Şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Oracle - məlumat bazası sistemidir. Dünyanın əksər bankları, sigorta şirkətləri, agentliklərində Oracle verilənlər bazasından istifadə olunur. Müştərilər, abunələr, hansısa mağazada satışlar, ümumilikdə hər şey barədə məlumatlar haradasa saxlanılmalıdır. Bütün bunlar ən böyük və kompleks sistem olan Oracle-da saxlanılır.


- Təxminən 14-15 yaşında olardım. Evdə bir kompüterim vardı. Ona böyük maraq göstərirdim və marağımın ardınca da getdim. Universiteti proqramçı kimi bitirdim. O vaxtlar proqramçılar üçün Azərbaycanda əlverişli mühit yox idi. Administratorların sayı isə barmaqla sayılacaq qədər az idi. Fikirləşdim, mən elə bir sahəni seçməliyəm ki, günbəgün biliyimi yeniləyim, qabağa gedim. Araşdırdım ki, Oracle verilənlər bazası elə mənim düşündüyüm, həddindən artıq ağır bir sistemdir. Özümə sual verdim ki, niyə də mən Oracle-ı bilməməliyəm?
Oracle ilə bağlı Cənubi Koreyada iki günlük imtahan verdim. 12-14 saat davam edən praktiki imtahandır. Xeyli çətinliklərlə üzləşsəm də, bu imtahandan uğurla keçdim.

- Gördüyümüz qədərilə, İT sahəsində çalışanların əksəriyyətində müəyyən xəstəliklər, psixoloji problemləri olur... Sizcə də belədir?

- Artıq on beş ildir ki, İT sahəsi ilə məşğul oluram. Bu illər ərizində mənimlə birlikdə çalışan dostlarımda onurğa, boyun-fəqərə problemləri yarandı. Saatlarla əyri vəziyyətdə kompüter arxasında oturanda, əlbəttə ki, belə problemlər yaranacaq. Mənim də gözlərimdə problem yanadığı üçün hazırda linzalardan istifadə edirəm. Özünə qapanmalar olur, əsəblər pozulur.



- Buna görə idmanı seçdiniz?

- Hazırda Ciu-Citsu idman növü ilə məşğul oluram. Bu, məni stressdən xeyli uzaqlaşdırır. Yarışlarda iştirak edirək, hətta çemiyon da olmuşam. 10 saatlıq işdən sonra gedib iki saat da idmanla məşğul oluram. Nəticədə xoşbəxt halda zaldan çıxıram, bütün stress dağılır. Hətta zalda bir dəfə əlim, burnum sınıb. Dünyadakı əksər idman zallarında olmuşam.

- Necə oldu ki, Oracle şirkəti tərəfindən siz Ace Director mükafatına layiq görülən yeganə azərbaycanlı oldunuz?

- Bu mükafat Oracle Verilənlər Bazası ilə çalışıb, məqalələr, kitablar yazan, forumlarda suallara cavab verən, fərqli ölkələrdə Oracle haqqında çıxışlar edənlərə təqdim olunur. Yəni ki, Oracle-ın dəyər verdiyi insan bu mükafata layiq görülür. Bu mükafatın üstünlüyü ondan ibarətdir ki, bütün beynəlxalq konfranslara girişlər pulsuz olur. Bu mükafata dünyada hazırda cəmi 120 nəfər layiq görülüb. Azərbaycanda isə tək mənə verilib. Azərbacanda Oracle İstifaçiləri Qrupunu (AzerOUG) yaratmışam, bu sahə ilə bağlı kitablar yazmışam. Bu mükafatdan sonra dünyanın bütün qapıları üzümə açılır.



- Bu sahə üzrə Azərbaycanda təhsil verilirmi?

- Konkret olaraq Oracle Verilənlər Bazası üzrə tədris verilmir. Ümumiyyətlə, Azərbaycanın təhsil sistemi barədə danışmaq istəmirəm. Olub ki, Universitet məzununu Azercell-də imtahan etmişəm, heç nə bilməyib. 4 il təhsil alırlar və nəticə bərbaddır. Tələbələr də öz üzərlərində çalışmalıdırlar. Bəzi gənclər şirkətlərə işə girirlər. Bu zaman onlardan Oracle-ı öyrənmək tələb olunur. Bununla bağlı həmin gəncləri şirkətlər kurslara göndərirlər. Onlar da öz üzərlərində çalışıb hansısa bir mərhələyə qədər gəlib çıxırlar. Bəzilərinin isə ümumiyyətlə, Oracle-dan məlumatları yoxdur. Ona görə də Oracle itifadəçiləri qrupunu yaratdıq. Dünyanın ən məşhur dörd Oracle mütəxəssisini Azərbaycana gətirdik, görüşlərimiz oldu.

- Necə oldu ki, Azercell-də işləməyə başladınız?

- 2009-cu ildə həmin şirkətin verilənlər bazası üçün Administrator axtarırdılar. Müsahibə götürdülər, işə qəbul olundum. Əvvəl çox çətinliklər çəkdim. Çünki çoxlu tapşırıqlar alırdım.

- İş seçimi zamanı nəyə üstünlük verdiniz?

- Mən, ümumiyyətlə, həmin vaxt əmək haqqı barəsində düşünmədim. Nə verilsə də, getməyə razı idim. Əslində mənim o vaxtlar tək hədəfim Azercell-də işləmək idi. Çünki Azərbaycanın ən böyük verilənlər bazası oradadır.



- Niyə Microsoft, Facebook, Google kimi nəhəng xarici şirkətlərə getmirsiniz?

- Düşünürəm ki, mən hələ Azərbaycanda qalmalıyam. Bu, ailəmlə bağlı məsələdir. Özüm də istəmirəm.

- Əksər valideynlər istəyirlər ki, övladları İT sektoru ilə məşğul olsun. Sizcə buna səbəb nədir? Çoxmu pullu sahədir?

- Əgər Azərbaycanı nəzərdə tutsaq, hazırda heç kim bir milyon, yaxud, yüz min qazanmır. Söhbət bir neçə min manatdan gedir. Bu sahədə yaxşı pul qazanmaq üçün çox güclü mütəxəssis olmalısan, fərqlənməlisən. İndi minlərlə proqramçı var. Eyni işi görüb normal maaş alırlar. Bəlkə də “Sədərək”də çalışan, heç bir məktəb, universitet təhsili olmayan bir şəxs ondan çox pul qazanır.

- Sizin kimi bir mütəxəssis üçün əmək haqqı nə qədər olmalıdır?

- Avropada mənim səviyyəmdə bir işçi üçün bu məbləğ hardasa 6-7 min avrodur. Bizim ölkədə o qədər deyil.

- Bu gün əmək haqqınız sizi qane edirmi?

- Bu sualın cavabını mənim müdirim oxuya bilər. Ona görə, bu barədə heç nə demirəm. Pis deyil (Gülür).

- Oracle-dən Microsofta keçid çətindirmi?

- Microsoft və Oracle rəqib şirkətlərdir. Oracle mütəxəssisinin Microsofta getmə ehtimalı sıfıra bərabərdir. Onlar tamam fərqli formalarda işləyirlər. İllərdir ki, bir-birlərinə rəqib və hətta düşmən kimidrlər. Hər ikisinin Verilənlər Bazası sistemi var. Hər biri istəyir ki, bütün dünya onların sistemlərindən istifadə etsin. Amerikada rəqabət Azərbaycandakıdan fərqlidir. Onlar həddindən çox aqresssiv olurlar.



- Xüsusilə Oracle-ın prezidenti belə məsələlərdə çox aqressivdir.

- Heç bir güzəştə getmir. Mənim özüm Microsofta-da işləməyin marağında deyiləm. Dünyada minlərlə onun kimi şirkətlər var. Hamımız sadəcə olaraq gözümüzü açıb, Windovs istifadə etmişik. İT ilə məşğul olan kimsə mütləq Microsofta getməlidir deyə bir fikir yoxdur. Mən getməli olsam, yenə də Oracle-a gedərdim. Oracle-ın baş ofisində çox böyük işlər görülür.

- İş dəvətləri alırsınızmı?

- Tez-tez konfranslarda iştirak etdiyim üçün böyük şanslar yaranır. Baş menecerlərlə görüşürəm, məni tanıyırlar. İstədiyim vaxt başqa işə gedə bilərəm. Xarici ölkələrə etdiyim bütün səfərlər Oracle tərəfindən qarşılanır.

- Niyə bizim də Bill Qeytslərimiz yoxdur? Və ya yetişmir?

- Çünki bizdə o mühit yoxdur. Bəlkə, bu barədə heç düşünən də yoxdur. Heç mənim də Bill Qeyts olmaq fikrim yoxdur.



- Hədəfləriniz nədir?

- Çox ciddi proqramlar yaratmaqla bağlı hədəflərim var. Həmin proqramlar dünyaya səs salacaq. Hazırlayıram.

- Mark Zuckerbergə rəqib olacaqsınız?

- Tamam başqa bir proqramlar olacaq. Bu, məxfidir. Verilənlər bazası ilə bağlı proqram təminatıdır.

- Sizcə, Mark Zuckerberqin uğur sirri nə idi?

- Mark Harvard məzunudur. Bizdə isə Harvard yoxdur. Bu gedişlə heç olmayacaq da! Elə beyinə sahib olan insanlarımız var, amma heç biri indi burada deyil. Burada qalanlar da çıxıb gedəcəklər. Çünki onları saxlayacaq mühit yoxdur. Mark uyğun anda, uyğun yerdə, uyğun qərar verdi. Və onda alındı. Hər gün yüzlərlə start–uplar yaranır. Onların çox böyük hissəsi uğursuz olur. Bizim də Tural Bədirxanlı kimi perspektivli gənclərimiz var. O da zamanında riskə getdi. Və onda alındı.

- Azərbaycanda İT sahəsinin inkişafı ilə bağlı hansı addımlar atılmalıdır?

- Fikrimcə, bu sahə bir az nəzarətsizdir. Bütün mütəxəssislərimizin xaricə getməsi buna sübutdur. Kimsə buna nəzarət etməlidir. İndiyə qədər heç kəs mənimlə maraqlanmayıb ki, gənclər üçün nəsə edim. Bu, onlara maraqlı deyil. Amma mən özüm nələrsə etmişəm. Dünyada ən tanınmış müxtəxəssisləri Azərbaycana gətirmişəm. Buna görə mənə heç kəs təşəkkür etməyib. Heç buna ehtiyacım da yoxdur.



- Bəs Azərbaycanda olan böyük şirkətlərin İT sistemini kimlər qurur?

- Hazırda bəzi mütəxəssislərimiz Bakıda qalıb. Onlar idarə edirlər. Gedənlər isə sözün əsil mənasında yağ-bal içindədirlər. Səlahiyyətli orqanlardan bir vision olmalıdır artıq! Bu, kimdəsə bir alarm oyatmalıdır. Professionallar Bakıdan gedirlər.

- Gündə neçə saat yatırsınız?

- Hələ ki, 5 saat yatıram. Bu da bir dəfə məni xəstəxanalıq edib. Bunu heç kəsə məsləhət bilmirəm. Kifayət qədər yatın. Böyük həfələri olan adamlar isə çox yata bilmirlər. Mənim də böyük hədəflərim var

- Nələrdir?

- Ən böyük hədəfim yeni yazdığım kitab idi. Hazırda başqa kitablar üzərində də çalışıram. Bu kitabımı tək özüm hazırlamışam. Növbəti böyük hədəflərimdən biri isə Ciu-Citsu üzrə dünya çempionu olmaqdır.

- Kitablarınız nə haqqındadır?

- Bir neçə il öncə bir kitab şirkəti – Rampant,- məndən kitab yazmağımı istədi və ABŞ-da nəşr olunmağına şərait yaradılacağını, bütün işləri görəcəklərini bildirdilər. Dedilər ki, bu kitaba görə mənə bir qəpik də pul verməyəcəklər. Mən də heç bir maddiyyat güdmədən iki il müddətində bu kitabı yazdım. Kitabda Oracle verilənlər bazasının qorunması yollarından bəhs etmişəm. Problemlərdən çıxış yollarını təqdim etmişəm. Kitab çox böyük tirajla çıxmışdı. Sadəcə olaraq, mən Amerikada kitabımın çap olunması ilə bağlı hədəfimə çatmışdım.

İkinci kitabım isə Oracle imtahanı ilə bağlıdır. İmtahandan keçmək yollarından bəhs etmişəm. Bu barədə hələ ki, dünyada heç bir kitab yoxdur. Dünyada yeganədir. Amerikada satışa çıxarılıb. Tələb çox yüksəkdir. 820 səhifədir. Bu kitabımı da iki il ərzində yazmışam. Bu kitabı oxuduqdan sonra sən Oracle imtahanına hazır olursan.
Bu kitabların çıxmasında əsas maraqlarımdan biri onun üz səhifəsində “Azərbaycan” yazılmasıdır. Kitabı alan hər bir şəxs Azərbaycan haqqında məlumatlı olacaq. Məqsədim odur ki, Yer üzündə Oracle-da çalışıb, Azərbaycanı tanımayan heç bir adam qalmasın.



- Qiyməti nə qədərdir?

- 69 dollar. Bu kitabım üçün mən ömrümü vermişəm. Kitabım yalnız “Amazon”da satılır. Sifarişlə bura da gətirtmək mümkündür

- “Azercell”də iş rejiminiz necədir?

- Həftənin beş günü, səkkiz saat çalışıram. Məni qane edir.

- Gələcəkdə Oracle şirkətinin baş ofisində çalışmaq şansınızı nə qədərdir?

- Çox böyükdür. Əlbətə ki, hədəfdə getmək də var. Burada inkişaf bəlli yerə qədərdir. İstədiyim yerə getmək şansım yüz faizdir.



- Sizi adaş olduğunuz futbolçu ilə tez-tezmi səhv salırlar?

- Arada olur. Bir dəfə gecə saat ikidə bir qız zəng edib ki, siz qapıçı Kamran Ağayevsiniz, gəlin görüşək. Nə qədər izah etdim ki, mən o deyiləm, qız yenə də dedi ki, siz osunuz. Dedim ki, bir də zəng etsəniz, sizi polisə verəcəyəm. Daha zəng etmədi.

Mənim idealım Məhəmməd Əlidir. Onun bütün həyatını bilirəm. Keçən il onunla görüşümüz olacaqdı, amma alınmadı. Onun həyat yoluna baxanda hələ heç bir şeyə nail olmadığımı düşünürəm. O öləndə depressiya keçirmişdim. Onu Bakıda mənim qədər sevən yoxdur. Siz onun gördüyü işlərin heç bir faizini də bilmirsiniz. O, çox böyük çevrilişlər edib.

- Azərbaycanlı, müsəlman olduğunuz görə ayrı-seçkiliklə üzləşirsiniz?

- Bəzən Azərbaycanlı olduğumu bilənlər ağız büzüblər. Bu vaxt onlara yaxınlaşıb qınayaraq deyirəm ki, siz necə ola bilər ki, Azərbaycanı tanımırsınız? Və səhv etdiklərini anlayıb, peşman olublar.


Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti