Dünyanın məşhur aktyorları Bakıya gələcək

Dünyanın məşhur aktyorları Bakıya gələcək
  27 Oktyabr 2016    Oxunub:2957
VII Avropa kino festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq.

AzVision.az xəbər verir ki, ötən ilki festivalla müqayisədə iştirakçıların sırasına daha 3 ölkə qoşulub. Festivalı Yunanıstan və İspaniya istehsalı olan filmlər açacaq.

Yunanıstan festivalda rejissor Pantelis Vulqarisin Yunanıstan kino akademiyasının altı mükafatına layiq görülmüş “Kiçik İngiltərə” dramı təmsil edəcək.

Rejissor David Truebenin komediya-dram janrında çəkdiyi və festivalın ilk günündə təqdim olunacaq İspaniya istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır” filmi də bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası daxil olmaqla altı “Qoyya” mükafatı qazanıb.

Festivalda müxtəlif janrlarda– komediya, dram, triller janrlarında çəkilmiş 19 bədii və sənədli film təqdim olunacaq. Filmlərin arasında əvvəllər müxtəlif nüfuzlu kino mükafatlarına layiq görülmüş filmlər də var.
Avropa film festivalında Azərbaycan “Qırmızı bağ” dramı ilə iştirak edəcək . Flm Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından bəhs edir. Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev ifa edib.

Festivalın işində iştirak etmək üçün Avropanın bir sıra məşhur aktyor və rejissorları Bakıya gələcək. Onların arasında “Kiçik İngiltərə” filmində çəkilmiş Yunanıstanlı aktyor Vasilios Vassilakis, “Milli qəhrəman” filminin rejissoru, Xorvatiya təmsilçisi Vitez İvan, Fransanın təqdim etdiyi “Terra” sənədli filminin rejissorlarından biri Mişel Pitio Pyerr, nəfəsləri kəsən “Ştrayf – Cəhənnəmə Səyahət” sənədli filmi üzərində çalışmış avstriyalı filmmeyker və prodüser, eləcə də xizəklə sürətli enmə yarışları üzrə menecer Herald Salmina və başqaları var.

Filmlər ingilis dilində subtitrlə təqdim olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti