Niyə Nobel ala bilmirik? - İki mühüm səbəb

Niyə Nobel ala bilmirik? - İki mühüm səbəb
  21 Oktyabr 2016    Oxunub:6086
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli alim və yazçılarımızın Nobel ala bilməməsinin səbəblərini açıqlayıb.

Bununla bağlı AzVision.az-a açıqlama verən İ.Həbibbəylinin fikrincə, alim və yazıçılarımızın Nobel ala bilməməsinin iki mühüm səbəbi var: “Birinci səbəb odur ki, Azərbaycanın alim və yazıçıları Nobel iddiaçısı olaraq çox az hallarda Nobel komitəsinə namizəd kimi göstərilir. Müxtəlif qurumlar, nəşriyyatlar, yazıçılar, alimlər bir- birlərini Nobel mükafatına namizəd kimi təqdim edirlər. Bizdə isə bu ənənə yoxdur. Nobel mükafatı ilə bağlı eyforiya var və ya bir-birlərini layiq görmürlər. Ona görə də namizədlərimiz az olur və ya olmur”.

Komitə sədri qeyd edib ki, indiki halda Azərbaycan elminin və ədəbiyyatının elə nümunələri və nümayəndələri var ki, müzakirə üçün onları ən azından Nobel komitəsinə təqdim etmək olar.

“Bunların siyahısından gec-tez Nobel mükafatçısı çıxa bilər. Biz az iddiada oluruq. Bir dəfə Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri Nobel komitəsinə təqdim olunub. Ondan başqa Nobel komitəsinə namizədimizi təqdim etməmişik. Nobel mükafatına müzakirə və müsabiqə üçün təqdim olunan elmi əsərlər və bədii əsərlər dünyanın diqqət mərkəzində olur. Nobel almasaq belə, Nobel mükafatı komitəsində seçim üçün Azərbaycan elmi və ədəbiyyatı müzakirə obyekti olmalıdır.

Düşünürəm ki, Azərbaycanın alimləri, müəyyən elmi qurumlar, yazıçılar cəsarət tapıb ən layiqli əsərlərini Nobel komitəsinə təqdim etməlidirlər”.



İ.Həbibbəyli ədəbiyyat üzrə Nobel mükafatının verilməsində müəyyən məqamlara diqqət çəkib. Bildirib ki, ədəbiyyat üzrə Nobel mükafatları daha çox disident yazıçılara, ölkəsindən narazı qalan və ya hansısa siyasi qrupu kəskin tənqid edən yazıçılara verilir: “Bu cəhətdən hesab edirəm ki, Azərbaycan ədəbiyyatının nümayəndələri həmin bucaq altında olan namizədlərdən olmaq istəmirlər. Böyük ədəbiyyatın missiyası hər hansı mükafatı almaqdan daha çox dövlətinə, xalqına xidmət etməkdir. Bizdə kəskin fərqli düşüncə ilə yanaşı, öz ölkəsini aşağılayan yazıçı yoxdur”.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Nobel mükafatının şərtləri ağırdır. Onun sözlərinə görə, alim və yazıçılarımız çalışmalıdırlar ki, Nobel mükafatına layiq parlaq əsərlər yazsınlar. “Nobelə təqdim edilən əsərlər Avropa dillərində çap olunmalı, yayılmalı və diqqəti cəlb etməlidir. Bizdə Azərbaycan yazıçılarının əsərləri və ya elmi əsərlər dünya dillərinə az tərcümə olunur. Dünya dillərində, mətbuatda çıxan yazılar da çox az diqqət cəlb edir. Bunlar hamısı faktorlardır. Azərbaycan ədəbiyyatı, elmi müstəqillik illərində milli dövlətçilik, bəşəri dəyərlər əsasında inkişaf edir. Arzu edirəm və düşünürəm ki, Azərbaycan öz Nobelini yetişdirəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti