`Maliyyəyə qənaət etmək lazımdır`-İlham Əliyev

`Maliyyəyə qənaət etmək lazımdır`-İlham Əliyev
  18 Oktyabr 2016    Oxunub:1993
`Bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir. Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir`.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib.

`OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər. Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə bu, baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir - şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq.

Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar", - deyə o qeyd edib.


"Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik"-deyən İlham Əliyev fikrini belə davam etdirib: “Bu il biz büdcəyə yenidən baxmaqla neftin qiymətini 25 dollar müəyyən etdik, lakin ili artımla başa vurduq. Növbəti il üçün qiyməti 40 dollar müəyyən etmişik. Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq”, - deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbi ilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: “Bəlkə də bu, müsbətə doğrudur. Çünki investisiya və tələb həddən atıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”.

İlham Əliyev bildirib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib: “Bu, hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. İstehlakçılar isə nəticədə məhrum olduqları sifarişlərin təmin olunması ilə qazana bilərlər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti