SOCAR istiqrazları təkrar bazara çıxarılır

SOCAR istiqrazları təkrar bazara çıxarılır
  18 Oktyabr 2016    Oxunub:2096
Oktyabrın 18-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) Bakı Fond Birjasında (BFB) təkrar bazarına start verilir.
BFB-dən verilən məlumata görə, SOCAR İstiqrazlarının anderrayteri olmuş PSG-Kapital İnvestisiya Şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş Market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək.

“PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.

SOCAR birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.

SOCAR istiqrazlarının BFB-də yerləşdirilməsi oktyabrın 14-də həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 000 000 ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilib.

SOCAR İstiqrazlarına ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.

Tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı Emissiya Prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib.

Bu gün İstiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb. İistiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması bugünki tarixdən etibarən başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti