Nazir xarici şirkətlərə xəbərdarlıq etdi

Nazir xarici şirkətlərə xəbərdarlıq etdi
  13 Oktyabr 2016    Oxunub:2535
Azərbaycan Energetika Nazirliyində nazir Natiq Əliyevlə İtaliyanın “Tenaris Global Services” şirkətinin icraçı direktoru Paolo Rokka (Paolo Rocca) arasında görüş keçirilib.
Bu barədə AzVision.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Tenaris Global Services”in energetika sektoru və digər sənaye xidmətlərində polad boruların istehsalında və təchizatında dünyanın aparıcı şirkətlərindən biri olduğunu deyən P.Rokka 21 700 işçiyə malik şirkətin 2015-ci ildə büdcəsinin 7,1 mlrd. ABŞ dolları təşkil ediyini diqqətə çatdırıb.

Bildirilib ki, “Tenaris Global Services” şirkəti istehsalat, tədqiqat laboratoriyası, hazırlanmış məhsula son şəkil vermək və xidmət mərkəzlərindən ibarət şəbəkəyə malik olmaqla Amerika qitəsi, Avropa, Orta Şərq , Asiya və Afrikada sənaye sahəsi üzrə fəaliyyət göstərir.

Ən iri neft-qaz bazarlarında birbaşa iştiraka malikdir. Tərəfdaşları arasında dünyanın aparıcı neft şirkətlərinin yer aldığı “Tenaris Global Services” Azərbaycanla İtaliya arasında mövcud enerji əməkdaşlığının və həyata keçirilən enerji layihələrinin yaratdığı imkanlardan bəhrələnərək, öz xidmətlərini təklif etməkdə maraqlıdır.

N/Əliyev deyib ki, Azərbaycanla İtaliya arasında sıx münasiblətlər var və enerji sahəsində əməkdaşlığın gələcək inkişaf üçün müsbət perspektivlər müəyyənləşdirdiyini deyib.

Nazir İtaliyanın “Eni”, “Agip” “LUKAgip”,”Saipem”, “Maire Tecnimont”, “Amec Foster Wheeler”, “Edison” kimi onlarla şirkəti ilə neft-qaz, emal və neft-kimya sənayesində uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. “Tenaris Global Services”in də öz imkanlarını dəyərləndirmək üçün doğru zaman seçdiyini bildirib. Nazir ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə də məlumat verərək, ölkədə investiya üçün əlverişli mühütin olduğunu diqqətə çatdırıb.

İtaliyalı qonaq TAP-ın icra vəziyyəti ilə də maraqlanıb. N.Əliyev neftin qiymətinin kəskin aşağı düşməsi prosesinin davam etməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində ləngimələrə yol verilmədiyini deyib. Bildirib ki, 2020-ci ildə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) ilə Avropa bazarına çatdırılmasına nail olacaq. İtaliya hökuməti səviyyəsində TAP-a dəstək verildiyini qeyd edən nazir vurğulayıb ki, layihənin vaxtında reallaşması bütün tərəflər üçün eyni dərəcədə vacibdir: “İmzalanan müqavilələrin şərtlərinə əsasən, öhdəlikləri yerinə yetirməyən tərəf cərimələnəcək. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca mühüm əhəmiyyət daşıyır”.

Sonra DESFA-nın özəlləşdirilməsi və SOCAR-SNAM əməkdaşlığı barədə də müzakirələr aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti