Müasir tibbin azərbaycanlı gənc dahisi – MÜSAHİBƏ
2011-2014-cü illərdə Kioto Universitetində bionanotexnologiya, bionanotexnoloji neyropsixologiya, gen mühəndisliyi, dərman və gen hədəfləmə nanosistemləri, immunobiomühəndislik, süni orqan və toxuma mühəndisliyi, pluripotent kötük hüceyrələri terapiyası, farmakogenetika sahələri üzrə ikinci doktorluq dərəcəsini alıb.
2014-cü ildən indiyə qədər Kioto Universitetində yerləşən “Integrated Cell-Material Sciences” İnstitutunda çalışır. Bu İnstitut Yaponiya hökumətinin təşəbbüsü olub, dünyanın qabaqcıl beynəlxalq tədqiqat mərkəzlərindəndir. Əsas məqsədi dünya və Yaponiyanın qabaqcıl alimlərinə müştərək layihələri reallaşdırmaq üçün elmi-texniki platforma təqdim etməkdir.
2016-cı ilin Aprel ayından Amerikada yaşayır və Pensilvania Universitetinin anestezologiya və renimasiya şöbəsində asistant professor işləyir.
(“Japanese Society for the Study of Xenobiotics” Cəmiyyətinin Beynəlxalq Konfransi, Tokio, Yaponiya 2011)
Kioto Universitetində revmatoidli artrit avtoimmun xroniki iltihabi xəstəliyinin müalicəsinə immunobiomühəndislik və bionanotexnoloji yanaşmalarla dünyada tam yeni üsul təklif edib.
- Təklif etdiyiniz yeni üsulun mahiyyəti nə idi?
- Bilirsiniz ki, effektiv müalicəsi olmayan bu xəstəlikdən dünya əhalisinin 5%-ə qədəri ömürlük əziyyət çəkir. Dünayda ilk dəfə olaraq insan immun sisteminin Toll tipli reseptorlarına səciyyəvi antaqonist nanostruktur sistem sintez etmişdim. Ümumiyyətlə, nanostrukturlarla və biomateriallarla insan immun sisteminin modulyasiyası istiqamətində dünyanın top üç universitetlərində yerləşən bir neçə tədqiqat labaratoriyası işləyir. Bu, çox bahalı, innovativ, yerinə yetirilməsi olduqca mürəkkəb, elm və texnoloji baxımdan ən qabaqcıl sahələrdəndir.
Nanosistemdən istifadə edərək, artritin pre-kliniki mərhələdə heyvan modellərində müalicəsinə nail olmuşuq. İndi bu sistem Yaponiyanın əczaçılıq şirkətlərinin birində istehsalçı miqyasında yoxlanılmaqdadır. Əgər uğurlu olsa, dünyada 370 miliona yaxın insan şəfa tapa bilər.
Bu işlər içtimayətə çatdırılması üçün Amerikanın Controlled Release və Yaponiyanın Drug Delivery System akademik cəmiyyətlərinin birgə təsis etdiyi və bu sahədə dünyanin ən prestijli “Journal of Controlled Release” (Impact factor ~9) jurnalinda çap olunub.
(Qeyd edək ki, həmin yazıları BURADAN oxumaq olar – red.)
2015-ci ilin qış aylarında Amerikanın Pensilvaniya Universitetindən böyük bir layihəyə dəvət aldım. Müəyyən səbəblərdən, əfsuslar olsun ki, həmin il imtina etməli olsam da, bir il sonra yeniden onlardan təklif alaraq bu layihəyə qoşulmağa qərar verdim. Bilirsiniz ki, Pensilvaniya Universiteti 2016-cı ildə Harvard və Stanford Universitetləri ilə yanaşı, tibb üzrə dünya reytinqində top üçlüyü bölüşür. Bəzi mənbələrdə, Benjamin Franklin tərəfindən təsis olunan bu universitetin tibb fakultəsi dunyada müassir tibb erasının yarandiğı yer kimi qeyd olunur. Bu mühitdə işləmək insana əvəzolunmaz təcrübə verməklə yanaşı, çox böyük resurslara keçid verir.
(Yaponiya Əczaçılıq Cəmiyyətinin Beynəlxalq Konfransi, Yokohama, Yaponiya 2012)
- Elmi fəaliyyətinizin çoxistiqamətli olduğu deyilir. Bəlkə o istiqamətlər haqqında danışaq?
Dünyanın bir neçə elmi mərkəzi ilə əməkdaşlıq şəraitində çalışıram. Yaponiyadakı əczaçılıq layihələrinin nəticələri haqqında bir neçə dəfə Yaponiyanın Əczaçılıq Cəmiyyəti (The Pharmaceutical Society of Japan, Yokohama 2012), Ksenobiotiklər Tədqiqatı, Dərman Metabolismi və Farmakokinetikası (Japanese Society for the Study of Xenobiotics, Tokio 2011) cəmiyyətlərinin beynəlxalq konfranslarında, eləcə də Beynəlxalq Əczaçılıq Federasiyasının (FIP) hər dörd ildən bir təşkil etdiyi Dünya Əczaçılarının Konqresində (World Congress of Pharmeceutical Scientists, Avstraliya 2013) məruzə etmişəm. Bunlar haqqında maraqlanan və məlumat almaq istəyən oxucuları Internetdə axtarış etməyə dəvət edirəm.
Yaponiyada avtoimmun xəstəliklərin müalicəsilə yanaşı, xərçəng xəstəliyinin bəzi növlərinin nanotexnoloji üsullarla diaqnostika və teraprapiyasına aid maraqlı layihələr üzərində işlərim olub. Bu işlər Tokio Universitetinin mütəxəssisləri ilə bərabər aparılıb. Xüsusən, Smart idarə olunan submikrometr ölçüdə qaz nanoqabarcıqları ilə dolu sferik nanostrukturların hazırlanması və onların spesifik olaraq xərçəng hüceyrəsi daxilinə yeridilməsini misal göstərmək olar. Smart nanosistem texnologiyasının əsasında yüksək intensivli fokuslanmış ultrasəs (HIFU), mühitin pH-nın dəyişməsi, temperatur, işıq, lazer və digər fiziki-kimyəvi stimulların bu nanokürəcikləri xərçəng hüceyrəsnin daxilində aktivləşdirib dağıdılması dayanır. Bu zaman nanosistemin daşıdığı mikro və ya small interfering RNT (siRNA) kompeksdən azad olur və xərçəng hüceyrəsi nüvəsinə daxil olaraq xərçəng genlərinə - karsinogenlərə birləşərək onları inaktivləşdirir. Bu texnologiya hazırda tədqiqat mərhələsində olsa da, yaxın gələcəkdə öz tibbi tətbiqini tapmalıdır.
Amerikada gördüyüm işlərin istiqaməti tam fərqlidir. Bu daha çox bionanotexnoloji neyropsixologiya, anesteziologiya, pre- və post-operativ ağri idarəolunmasına tətbiqi, dərman və narkotik asılılığın mexanizmlərinin və bu patologiyaların nanotexnoloji üsullarla müalicə yollarının araşdırılmasına aiddir. Məsələn, bir istiqamət olaraq biz gen mühəndisliyi ilə hazılanmış beyin µ-opioid reseptorlarnın suda həllolan mutant variantını təklif etmişik. Bildiyiniz kimi, transmembran G-proteinə birləşən reseptorlar (dünyada mövcud olan bütün dərmanların 60%-i bu reseptorlara birləşir) qrupuna daxil olan bu zulal, heroin, morfin, kokain kimi maddələrin asılılıq törətməsinə cavabdehdir. Bu reseptorun suda həll olmamaq xüsusiyyəti onu dərman sintezində istifadə etmək üçün çox əlverişsiz edir. Bu problemi genetik mutasiya ilə aradan qaldırdıqdan sonra, beynin µ-opioid reseptorlarını qızıl və qrafen sensor çiplərinin üzərinə depozit edə bilmişik. Bu bizə həm analgeziyada baş verən mexanizmlərin molekulyar səviyyədə öyrənilməsinə, həm də yeni, asılılıq törətməyən pre- ve post-operativ prosedurlar üçün yeni anestetiklərin sintezinə şərait yaradır. Bu texnologiyada, reseptor depozit olunmuş sensor çiplərinin avtomatlaşdırılmış robotiks hissələrlə idarə olunan avadanlıqlardan istifadə olunur.
- Layihələrinizlə bağlı məlumat verin. Layihələriniz nə ilə bağlıdır və dünyada necə qarşılanır?
Hazırda Harvard Universiteti pediatrik xəstəxanası ilə çox böyük bir layihədə irəliləməkdəyik. Bu layihə dünyada ilk dəfə olaraq anestetiklərin bakterial orqanizmə molekulyar səviyyədə təsir mexanizminin aşkar olunmasına aiddir. Bilirsiniz ki, hər bir həkim öz təcrübəsində reanimasiyada olan xəstənin (anesteziya təsirində) infeksion xəstəliklərlə yoluxması halları ilə rastlaşır və dərhal antibakterial mübarizəyə başlayır. Lakin çox az sayda həkim həmin prosesə məhz anesteziyanın effektinin fərqində olur. Ona görə yox ki, həkimlər bunu bilmir, ona görə ki, bu prosesin mexanizmi hələ də tam aydın deyil. Indi aydınlaşdırdığımız bu yeni konsept gələcəkdə bu hallarla rastlaşan həkimlərə ciddi mesaj olacaqdır.
Bu işin nəticələri hazırda dünyanın ən nəhəng `PlosOne` jurnalında ekspertizadadır və yaxın zamanlarda dünya ictimaiyyətinə çatdırılacaqdır. Bu layihə bir neçə il ərzində ildə 2 milyon dollar qrant vəsaiti alıb.
Digər bir layihə dərman asılılığının aradan qaldırılması üçün tam yeni istiqamət və molekulyar hədəflərin kəşfi olmuşdur. Bu layihə Pensilvania Universiteti ilə Çin Respublikasının Siçuan Tibb Elmləri Akademiyası və Şanxai Jiaotong Universiteti ilə birgə yerinə yetirilməkdədir. Bu işin ümumi istiqaməti artıq dünya ictimaiyyətinə təqdim olunub (BURADAN tanış ola bilərsiniz).
Digər, morfin asılılığına qarşı yeni preparatın pre-kliniki tədqiqatlarının nəticələri isə mən tərəfdən hazırlanmaqdadır və Nature Neuroscience jurnalına gedəcəkdir.
Ümumiyyətlə bir məqamı vurğulamaq istərdim ki, istənilən işin dünyada qarşılanması və onun səviyyəsinin müəyyən olunması həmin işin dünyanın prestijli jurnallarında (yüksək impakt faktorlu) çap oluna bilməsi ilə qiymətləndirilir. Hazırda bu jurnallar akademik cəmiyyət ilə sənaye arasında ekspertiza rolunu oynayırlar. Ona görə də, bu həmin işi kommersiyalaşdırmaq və dünya bazarına çıxarmaq üçün çox önəmlidir. Biz, məsələn, bu iki prosesi paralel aparırıq. Biz heç zaman ictimaiyyətə çatdırılmalı olan işi patentə və ya digər hüquqları qoruma formalarına görə gecikdirmirik. Biz bunları paralel edirik. Sadaladığım elmi-praktiki jurnallar hər nüsxəsində dünyadan qəbul etdiyi 10-15 min işdən yalnız 10-15 ədədini seçir və çap edir.
- Tələbələrinizlə bağlı danışın. Təhsil sistemlərimiz çoxmu fərqlidir?
- Yaponiyada müəyyən etdiyim istiqamət üzrə Kyoto Universiteti illik 5 milion yen qrant maliyyə vəsaiti alıb. Bu, Yaponiyadakı tələbələrimə bu istiqaməti davam etdirməyə şərait yaradır. Bir neçə tələbəm, man doktorluq işini müdafiə etdiyim ərəfədə magistr dərəcəsi almışlar və konfranslarda çıxış ediblər. Bir neçə tələbəm 2017-ci ilin Mart ayında doktorluq müdafiəsi etməlidir. Elə hazırda onların yazdıqları məqalələri redaktə etməklə məşqulam. Bir tələbəm, sintez etdiyim nanosistemlərin strukturuna bir sıra modifikasiyalar edib və onu Nikel allergiyasının kiçik gəmirici modellərində uğurla tətbiq edib. Digəri isə, qaraciyər sepsis modellərində istifadə etmişdir. Bu səbəbdən tez-tez Yaponiyaya getməli oluram.
Mən gün ərzində böyük həcmdə iş ilə məşqul oluram. Bura həm müxtəlif layihələr, həm akademik fəaliyyət, həm patent layihələri, şirkətimin işləri, tələbələrlə iş və s. daxildir. Söylədiyim işlərlə yanaşı man Masaçussets Texnologiyalar Institutunun professoru, biotexnologiya elminin banisi sayılan Robert Langerlə emekdaşlıq etməyə hazırlaşıram.
Professor Langerlə 2014-cü ildə Kyotoda onun şərqin Nobel mükafatı sayılan Kyoto Prize mükafatının təqdimolunma mərasimində görüşmüşəm. Onların da bir qrup tədqiqatçıları mənim istifadə etdiyim biomateriallarla işləyirlər. Bu formatda hazırda uzun müddətli bir proqram hazırlayırıq. Güman edirəm ki, 2017-ci ilin yaz aylarından Masaçussets Texnologiyalar Institutuna tez-tez ziyarətlər edəcəyəm. Bu proqramın nəticəsi olaraq dünya bazarına bir neçə hazır əczaçılıq məhsulları təqdim etmək fikrim var.
(Masaçusets Texnologiyalar Universitetinin professor Dr. Robert Langer (sağda). Kyoto Prize mükafatı mərasimi. Kyoto, Yaponiya 2014)
Tələbələr sadaladığım bütün işlərdə yaxından iştirak edir. Bu çox vacib məsələdir, çünki nəticə olaraq onlar təcrübə yığır, özlərini sənaeyə hazırlayır, uğurlu gələcəklərini təmin edirlər. Tələbələrə düzgün istiqamət vermək çox vacibdir. Onlara kritik və analitik düşünmək, məsələyə orijinal və yaradıcı yanaşmaq, istənilən sahədə problem həll etmək qabiliyyətlərini aşılamaq əsas məqsəd olmalıdır. Bunlar olduqda onlar istənilən sahədə özlərini tapa bilər. Azərbaycan Tibb Universitetində aspirantura dövrundə əczaçılıq fakultəsində iki ilə yaxın təcrübə və mühazirə dərsləri aparmışam. Azərbaycan, Yaponiya və Amerika təhsil sistemləri bir-birindən struktur baxımdan fərqlənir və bu haqqda uzun danışmaq olar. Fundamental, əhəmiyyət kəsb edən fərqlərdən biri isə tələbələrin təhsilə olan məsuliyyətidir.
Yaponiya universitet kitabxanaları səhər 8:00-da açılmasına baxmayaraq, 6:30-dan kitabxananın girişinə uzun növbə dayanır (halbuki hamıya kifayət qədər yer var). Ümumilikdə götursək Azərbaycanda əhali sayına görə bacarıqlı, potensiallı gənclər faiz etibarilə çox ola bilər. Lakin Yapon təhsil sistemində potensiallı tələbələri üzə çıxarıb onlara dayaq olmaq kimi mükəmməl mexanizmlər var. Amerika ali məktəbləri tələbələrə çox zəngin ixtisas seçimləri verməklə yanaşı, təhsillərini uğurla başa vurmaq üçün bütün təhsil müddəti boyu çox kritik və analitik düşünmək qabiliyyətini tələb edir. Ona görə də, bu universitetlərə qəbul olan tələbələrin təxminən yarısı universiteti başa vura bilir.
Məsələn, Harvard, Stanford və ya Pensilvania kimi top universitetlər namizədi cari biliyindən başqa, yalnız ondan yaxşı həkim ola biləcəklərinə tam əmin olduqdan sonra həmin ixtisasa qəbul edirlər. Bunun üçün də, çox mürəkkəb seçim prosesləri təşkil ediblər. Bu cur sistemə tələbələr artıq məktəbdən hazırlıqlı olurlar. Azərbaycan, Yaponiya və şərqin digər məktəblərindən fərqli olaraq, Amerika məktəblərində şagirdlər istənilən an müəllimlə material ətrafında birbaşa debata girə bilir və azad mübahisələr apara bilirlər.
- Sizin sahəni - Nanotexnoloji tibbi Azərbaycanda necə inkişaf etdirmək olar?
- Nanotexnologiya miqyas baxımdan ən kiçik, lakin sənaye həcmi baxımdan ən böyük sahədir. Buna baxmayaraq, bu sahə çox az sayda ölkələrdə ciddi texniki səviyyədə inkişaf etmişdir. Bunun əsas səbəblərindən biri bu sənayeyə ayrılan vəsaitin trilyonlarla ölçüməsidir. Digər tərəfdən inkişaf etməkdə olan ölkələrdə, bu sahədə ixtisaslaşan kadr potensialının az və yaxud heç olmamasıdır.
İndi demək olar ki, texniki və təbiət elmlərinin, sənayenin bütün sahələrini nano miqyasa endirmək mümkündür. Bu sahələrdən ən vacibi tibb və əczaçılıq sahəsidir ki, burada da nanotexnologiya öz tətbiqini tapır. Düşünürəm ki, tibbin və əczaçılığın bu istiqaməti digər sahələrlə zəncirvarı bağlıdır və bir-birindən ayrılıqda inkişaf etdirilə bilməz. Ona görə də, kompleks yanaşma gərəkdir.
Kompleks dedikdə həm texniki sahələrin mütəxəssisləri – mühəndislər, fiziklər, riyaziyyatçılar, polimer kimyaçılar və s. həm də, həkimlər və əczaçılar bir arada çoxistiqamətli layihələrdə işləməlidirlər. Məsələn, man nano-robotların hüceyrə daxilində reparativ işlər aparılması məqsədilə yaradılması üzrə bir neçə iş görmüşəm, amma bu işləri aydın məsələdir ki, tək edə bilmərəm. Söz yox ki, ona qədər bu sahəni təhsilə inkorporasiya etmək vacibdir; kadrlar yetişdirmək lazımdır; bu layihələrə vəsait cəlb etmək lazımdır. Əfsuslar olsun ki, ən bahalı avadanlıqla dolu bir otaq bu sahədə iş aparmağa kifayət etmir. Bu işin yalnız bir faizidir.
- 2012-ci ildə sizinlə bir yerdə işləyən alim Nobel mükafatına layiq görülüb. Siz də gözləyirsinizmi?
- Nobel mükafatına layiq olan və onu alan insanların heç biri bu mükafatı gözləməyib. Gözləməli olduqları vaxtı gördükləri işə sərf ediblər. Hazırkı dərman asılılığının mexanizmlərinin aşkarlanmasına yönəlmiş işimiz Nobel mükafatı kalibrində bir iş sayıla bilər. Ən azı ona görə ki, bu sahə demək olar ki, tam qeyri-müəyyəndir və o miqyasda insanlar cəlb olunub.
2012-ci ildə pluripotent kötük hüceyrələrinin diferensasiya faktorlarını aşkar edən Prof. Yamanaka işlədiyim institutun professorudur və bu sahədə doktorluq mudafiəsi etdiyim kafedranın kifayət qədər təcrübəsi vardır. Bu kəşf, mən Yaponiyaya gəlməzdən 5 il öncə baş vermişdir. 2011-2012-ci ildən isə (Nobel mükafatı verildikdən sonra) daha da böyük təcillə inkişaf etdirilmişdir.
Bu komandada olmaq mənim üçün çox böyük təcrübədir. Bu istiqamət çox inkişaf etsə də, hazırda yalnız tədqiqatlar səviyyəsindədir. Somatik hüceyrənin (məsələn, dəri hüceyrəsi) digər hüceyrəyə (məsələn, ürək əzələsi) diferensasiya edilməsi çox maraqlı olsa da, epigenetik kənaraçıxmalar kimi ciddi əks-təsirləri vardır hansı ki, gələcəkdə xərçəng törədə bilər. Məsələn, biz dəri biopsiyası ilə götürülmüş hüceyrəni virus vektorlarının köməyilə, bəzi genetik faktorları artıq miqdarda ekspressiya etməklə pluripotent hüceyrəyə, daha sonra bütöv döyünən ürək toxumasına çevirə bilmişik.
Bu 10 il öncə çox fantastik, ağılasığmaz bir cümlə kimi qarşılana bilərdi. Zənnimcə bu sahə və həmçinin hüceyrə terapiyasının digər sahələri talasemiya, limfoma, əzələ distrofiyasi, ALS kimi xəstəliklərin müalicəsi üçün çox perspektivlidir və gələcəkdə əks-fəsadları aradan qaldırılarsa tibbə tətbiq olunması qaçılmazdır. Məlumat üçün deyə bilərəm ki, talasemiyaya gen terapiyasi və hüceyrə terapiyasının kombinasiyaları ilə yeni müalicə strategiyasına aid artıq bir layihə təklifi vermişəm. Maliyyələşdiyi halda bu layihəyə başlayacağam.
(Dəri hüceyrələrindən yaradımış döyünən ürək toxuması)
- Xaricdə təhsil alan gənclər niyə ölkəyə geri qayıtmırlar? Siz nə vaxtsa Vətənə qayıtmağı düşünürsünüzmü?
- Bilirsiniz, xaricdə illər boyu təhsil almaq və təcrübə yığmaq çox əziyyətli və yuxusuz gecələrlə zəngin bir işdir. Zənnimcə, bu prosesi keçmiş insanlar haqqlı olaraq zəhmətlərinin bəhrəsini görmək istəyirlər. Xaricdə təhsil alan tələbələrin təhsil aldıqları cəmiyyətlər onların bu zəhmətini dərhal qiymətləndirir və onlara hətta təhsillərini başa vurmazdan öncə yüksək həyat səviyyəsi və karyera baxımından perspektivlər təqdim edirlər. Onların potensiallarından konkret səmərəli istifadə yollarını təklif edirlər. Bununla da həm onları inkişaf etdirirlər, həm də özləri inkişaf edirlər. Sürətlə qloballaşma insanların özünü inkişaf etdirmək istəklərini daha da asanlaşdırıb. Bu səbəbdən xaricdə təhsil alan tələbələrin əksəriyyəti daha da inkişaf etmək üçün daha yüksək müəssisələrə müraciət edirlər.
Mən Azərbaycanla mütəmadi iş görürəm. Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsinin professor heyəti ilə müştərək işlərimiz Azərbaycan Elmlər Akademiyasının və Tibb Universitetinin jurnallarında çap olunur. Bionanotexnologiya istiqamətində müəllifi olduğumuz bir neçə maraqlı işlər haqqında AMEA-nın və Tibb Universitetinin jurnallarının 2014-2015-ci il nəşrlərində tapa bilərsiniz. Bildiyim qədərilə, bu sahədə çap olunan ilk işlər olmuşdur.
- Hədəfləriniz nədir?
- Gələcək planlarim çoxdur və onları reallaşdırmaq üçün daim iş gedir. Tibbin və əczaçılıq sahəsinin, xüsusən də, bionanotexnologiya, hüceyrə və gen terapiyası, immunoterapiya, yeni əczaçılıq preparatlarının sintezi və onların öyrənilməsi sahələrində çoxistiqamətli layihələr hazırlayırıq, onlara böyük qrant vəsaitlər cəlb edirik. Bu planların hamısının bir hədəfi var. O da dünya insanlarının həyat və sağlamlıq keyfiyyətlərinin qaldırılmasıdır. Bu işdə söz yox ki, çox dərin bilikli və peşəkar insanlarla bir yerdə işləyirəm. Qeyd etmək istərdim ki, biznes strukturlarımızın, patent və digər müəllif hüquqlarının qorunma formalarımızın olmasına baxmayaraq, kəşf etdiyimiz texnologiyalar və nəzəri materialların qlobal cəmiyyət üçün açıqlanması hər zaman prioritetdir.
- İşdən kənarda nə ilə məşğul olursunuz?
- Əfsuslar boş vaxtım indi az olur. Onda da idmanla məşğul olmağı xoşlayıram. Uşaqlıqdan tenis oynayıram. Bu artıq həyat tərzimə çevrilib.
- Yaponiya və Amerikadakı insani dəyərləri bəyənirsinizmi?
- İnsani dəyərlər bütün dunyada demək olar ki, eynidir. Düzdür, insanlar fərqlidirlər, onların mədəniyyəti, tarixi, dini və hər hansı spesifik məsələyə yanaşma tərzləri ayrı ola bilər, amma onların mənəvi, insani dəyərləri zənnimcə, birdir. Ona görə də, insanlar bu dəyərlər ətrafinda bir-birini daha yaxşı anlaya və sülhə nail ola bilir.
Hafiz Əhmədov
AzVision.az