Azərbaycan məktəbinin 3 əsri: I yazı - İmperiya dövrü

Azərbaycan məktəbinin 3 əsri: I yazı - İmperiya dövrü
  04 Oktyabr 2016    Oxunub:9616
Yeganə Kamal Cabbarlı

(Bu araşdırmanı “Bilik günü” münasibətilə gözəl tarixçi, müəllimim və atam Kamal Cabbarovun unudulmaz xatirəsinə və həm də bütün müəllim adını daşıyan kəslərə - Azərbaycanın çoxsaylı müəllim ordusuna ərməğan edirəm. Bayramınız mübarək, əziz müəllimlərimiz!)

“Elmlə gedilməyən yolun sonu qaranlıqdır” deyib aqillər. Bu qaranlığı aydınladan bir yol var – məktəb yolu! Bir ölkənin inkişafı, ayaqda durması həm də onun təhsil sisteminin uğuruna bağlıdır. Çünki oxuyaraq yetişmiş bir cəmiyyət uğurlu və güclü olacaq.

Sürətlə inkişaf edən və dəyişən bir cəmiyyətdə insanların təhsilinin səviyyəsinin də müsbətə doğru dəyişməsi, inkişaf etməsi vacibdir. Bu baxımdan məktəb bütün zamanlarda insanların yaxşı vətəndaş kimi yetişməsinə xidmət göstərən bir müəssisə olub. Bizə yaşam tərzimizi tənzimləmək üçün ən vacib bilgiləri verən, bacarıq aşılayan, bizə gözəl davranmağı, ailəmizi, dövlətimizi və vətənimizi sevməyi, paylaşmağı, yaxşını – pisdən, xeyiri – şərdən, həqiqəti – yalandan ayırmağı öyrədən ən müqəddəs ocaqdır məktəb.

Məktəb hər bir elmin ibtidasını öyrədən bilik qaynağı, bizi bir fərd kimi özümüzə tanıdan, müstəqil həyata hazırlayan, müstəqil qərar verə bilmək bacarığı aşılayan mədəniyyət ocağıdır. Biz titrək, balaca əllərimizlə bərk- bərk tutub sıxdığımız qələmlə kağız üzərinə hərflərdən muncuq düzməyi, höccələyə-höccələyə şirin uşaq ləhcəmizlə beynimizə yazdığımız əziz kəlmələri, oxuya-oxuya aydınlaşan nitqimizi, hər il bir boy böyüdükcə bizimlə birgə böyüyən, zənginləşən təfəkkürümüzü, güclənən zehnimizi və ən nəhayət kamilləşməyə qədəm qoyan şəxsiyyətimizi məktəbə borcluyuq. Bəli! İnsan üçün faydaları sonsuz olan təhsilin ən əsas dəyəri həm də ondadır ki, yalnız oxuyan insanlar dünyaya və hadisələrə fərqli yöndən baxa və fikir yürüdə bilərlər. Və həm də bilik sahibinin söz ehtiyatı zəngin, nitqi səlis, fikri aydın, məntiqi isə güclü olar.

Milli inkişaf təkcə milli – mənəvi dəyərlərin qorunması hesabına baş verə bilməz. Bir millətin, xalqın hərtərəfli inkişafı və dünyaya inteqrasiya edə bilməsi üçün təbii ki, həm də bəşəri dəyərlərin mənimsənilməsi vacib amildir. Təkamül və inkişaf isə ilk növbədə həm maddi və həm də mənəvi mədəniyyətlərin məcmuundan - insanlığın yaratdığı tarixi – ictimai hadisələr nəticəsində insan cəmiyyəti və şüuruna təsir edən ümumi mədəni proseslərdən keçir. Mədəniyyətin ən vacib halqasınınsa ictimai təfəkkür forması olmaq etibarilə elm və təhsil olduğunu nəzərə alsaq, onda birmənalı şəkildə qəbul etməliyik ki, elmli, savadlı cəmiyyət xalqın özünüdərk və özünütəsdiq imkanlarını genişləndirəcək, dövlətçiliyin hərtərəfli inkişafına stimul verəcək ən başlıca meyardır.

Məktəb anlayışının olduqca lakonik bir tərifi var: gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olan müəssisə. Geniş mənada isə məktəb təkcə müxtəlif biliklər məcmusu kimi deyil, ümumilikdə konkret məqsədlərə aparan təhsil sistemi kimi dərk edilməlidir. Bu gün beynəlxalq təhsil sistemində ümumi anlayışlar və yanaşmalar mövcuddur ki, məhz onlar dünya təhsil məkanına inteqrasiya probleminin əsasını təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda XIX əsr Azərbaycanının təhsil prosesinin təbii olaraq slavyan mədəniyyətinin təsiri ilə formalaşmağa başladığının şahidi oluruq. Daha dəqiq ifadə etsək, XIX əsr Azərbaycan təhsil sisteminin yaranması və inkişafı tarixinin öyrənilməsi “böyük islahatlar” dövrü Rusiyasının təhsil sistemi tarıxınin tərkib hissəsi və yaxud bilavasitə Rusiya təhsil sistemi tarixi kimi yanaşmanı tələb edir. Həmin təhsil sistemi isə olduqca zəif və yavaş templə irəliləyir, çətin inkişaf xarakteri ilə fərqlənirdi.

Azərbaycan xalqının qismətinə yazılan 200 ilə yaxın əsarət tarixi Rusiya adlı bir dövlətin adı ilə bağlıdır və hər nə qədər təəssüf hissi doğursa da, həmin xronoloji dövrdə ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında baş verən bütün hadisələr birmənalı şəkildə adıçəkilən dövlətin qanunvericiliyinə uyğun formalaşır və inkişaf edirdi. XIX əsrdə imperialist təhsil sistemindən başlanğıc götürən məktəb quruculuğu, növbəti əsrdə sovet cəmiyyətində yeni forma almış və Azərbaycanın müstəqillik tarixinədək ölkədə əsasən, rus təhsil sistemi hakim mövqeyini qoruyub saxlamışdır. Lakin onu da etiraf etmək lazımdır ki, Azərbaycan xalqı bütün zamanlarda keçdiyi təhsil quruculuğundan maksimum yararlana və elmin, texnikanın, sənayenin və kənd təsərrüfatının inkişafına işıq sala biləcək uğurlara imza ata bilib.

Mən isə keçdiyim təhsil yollarının şirinliyini bütün həyatında hiss edən bir ziyalı olaraq müqəddəs elm ocağımız olan məktəblərin – fikrimi xüsusiləşdirərək daha konkret söyləyim ki, Azərbaycan məktəbinin müəyyən dövrə dair tarixini araşdırmağı və qarşılaşdığım bütün maraqlı məqamları sizinlə bölüşdürməyi özümə borc bildim. Bu isə feodal və burjua mədəniyyətlərinin çulğalaşdığı və tarixin maraqlı bir formasiyasına şahidlik edən XIX yüzillik və XX yüzilliyin ilk onilliklərini əhatə edən bir dövrdür. Olduqca mürəkkəb, qarmaqarışıq və çətinliklərlə dolu bir dövr.

Siz də əziz oxucum, XXI əsrin ilk onilliklərinin hüdudlarından geriyə, 117 illik bir zaman kəsiyində Azərbaycanın məktəb quruculuğu tarixinə boylanmaq istəyirsinizsə, onda, mənimlə birlikdə ağ vərəq üzərində yol salan cümlələrin izi ilə səyahətə nə deyirsiniz? Əgər uzun yolun yolçuluğu Sizi çəkindirmirsə , lütfən, buyurun...

Məktəblə bağlı mövzular bütün cəmiyyətlərdə həmişə aktuallığı ilə seçilib. Gənc nəslin yetişdirilməsi və cəmiyyət üçün hazırlanmasında çox böyük rol oynayan təhsil sistemi , o cümlədən, təhsil müəssisələri bir cəmiyyət institutu kimi digər sosial institutlar mühitində baş verən proseslərdə böyüməkdə olan nəslin mədəni bazasının formalaşması və mənəvi sərvətlərinin müəyyənləşdirilməsi istiqamətində, bununla da onun bir şəxsiyyət kimi formalaşmasına əhəmiyyətli dərəcədə təkan verən vacib məqamdır.

Müxtəlif məsələlərə münasibətdə, xüsusilə, əhalinin savadlılıq səviyyəsinin artırılması, başqa xalqlarla qarşılıqlı münasibətlərin xarakteri və s. bağlı olarsa, hər hansı bir xalqın milli xüsusiyyətləri nəzərə alınmaqla yanaşı, həm də cəmiyyət üçün xarakterik olan bir sıra mövcud ümumi xüsusiyyətləri yaddan çıxarmaq olmaz. Bu baxımdan XIX yüzillikdə Azərbaycanda xalq təhsilinin tarixi öyrənilərkən məsələyə bu günkü prizmadan deyil, həmin dövrə münasibətdə yanaşılarsa müəyyən aydınlıq gətirmək mümkün olar.

Qafqaz regionu tarixən Rusiya üçün vacib strateji və iqtisadi məkan olub. İşğal edilmiş Qafqaz isə bir müstəmləkə kimi rus sənayesinin inkişafına stimul verəcək real xammal bazası hesab olunurdu. Lakin bölgənin strateji çəkisi onun iqtisadi gücünü üstələdiyindən çar hökuməti şimaldan yalnız Rusiya ilə kəsişən sərhədlərdən arxayın olsa da, Zaqafqaziyaya münasibətdə vəziyyət fərqli idi. Zaqafqaziya Rusiya üçün İran və Türkiyəyə qarşı əməliyyatlar aparmağa əlverişli meydan rolu oynayırdı və Rusiya çalışırdı ki, Qafqazı bütünlüklə, qeyd – şərtsiz özünə birləşdirsin.

İmperiya hökuməti bu məqsədlə Qafqazın istilasına məhz Zaqafqaziyadan başladı və işğal etdiyi ərazilərdə bütün sahələrdə çar üsul – idarəsinin tətbiqini məsələnin həlli üçün ən yaxşı çıxış yolu hesab etdi. Qafqazda ümumrusiya idarə üsulunun tətbiqinin təşəbbüskarı isə Qafqaz ordusunun baş komandanı İ.F.Paskeviç idi. O, belə hesab edirdi ki, vahid idarəçiliyin və qanunların olması vacibdir və “ gürcü və müsəlman idarəçiliyi ilə rus tərzi idarəçiliyin maraqlı qarışığı” yerli əhalidə Rusiyanın Qafqazdakı vəziyyətinin möhkəmliyi ilə bağlı “şübhələri” aradan qaldırar. Paskeviç vəziyyətdən çıxış yolunu bütün Qafqaz əyalətlərində ümumrusiya idarəetmə sisteminin tətbiqində görürüdü.

Bu məqsədlə 1833–cü ildə Zaqafqaziya diyarının qaydaya salınması ilə bağlı Komitə yaradıldı. Lakin Komitənin təklifləri ilə bağlı fikir ayrılıqları vardı. Qafqazın işlər müdiri baron Rozen “yerli araşdırmalar” aparılmasının vacibliyini ön plana çəkərək bildirirdi ki, rus idarəçiliyini birbaşa deyil, tədricən həyata keçirmək lazımdır”, əvvəlcə ikinci dərəcəli orqanlar fəaliyyətə başlamalı”, daha sonra isə baş idarələr.

Bu isatiqamətdə yerli tədqiqatların aparılması məqsədilə 17 mart 1837– ci ildə imperatorun fərmanı ilə xüsusi komissiya yaradılır və komissiyaya tapşırılır ki, “yerli icmal aparsın, bütün diyar tərkib hissələrinə bölünərək sərhədləri müəyyənləşdirilsin, hər bir əyalətə dair daha uyğun idarəçilik forması üçün vacib şərtlər müəyyən edilsin... və ümumi idarə planı işlənib hazırlansın”. Bundan başqa komissiya Zaqafqaziyada xidmətə çəlb olunmaq üçün etibarlı çinovliklərlə bağlı xüsusi layihə hazırlamalıydı.

Qafqazın Rusiyanın tərkibinə birləşdirilməsi digər Qafqaz və Zaqafqaziya xalqları kimi azərbaycanlıların da iqtisadi, siyasi və mədəni həyatına təsirsiz ötüşmədi.Çünki bütövlükdə yeni ərazilərin işğalı Rusiya imperiyasının ərazi ekspansiyası siyasətinin tərkib hissəsi idi və bu da şübhəsiz həmin ərazilərin əhalisinin həyatında müəyyən durğunluqlara gətirib çıxarırdı. Bütün qafqazlılar kimi azərbaycanlılar da rus mədəniyyətinə inteqrasiya etmək məcburiyyətində qalmışdılar. İmperialist Rusiya belə hesab edirdi ki, zorla əsarətinə aldığı ölkələrin xalqları məhz Rusiya mədəniyyəti üzərindən Avropaya çıxış əldə edə bilər. Baxmayaraq ki, Rusiya mədəniyyəti özü Avropadan əhəmiyyətli dərəcədə geri qalırdı. Lakin bununla belə, istehsal qüvvələrinin birləşdirilməsi Qafqaz və Zaqafqaziyanı da müstəmləkə kimi nəticə etibarı iıə ümumrusiya və ümumavropa bazarına çıxmasına sövq etdirirdi. Rus hökuməti bu diyarlarda müstəmləkəçiliyinin daha uğurlu nəticələnməsi üçün buradakı xalqların ümummədəni səviyyəsini yüksəltməyə imkan yaratmağa çalışırdı.

XIX əsr çar Rusiyasında Qafqaz vahid inzibati ərazi idi və vahid qanuna əsaslanan məktəb idarəçiliyinə malik idi. 1843-cü ildən 1917-ci ilə qədər Qafqazda xalq təhsili vahid bir orqan – Qafqaz Tədris Dairəsi tərəfindən idarə olunurdu və Qafqaz xalqlarının, o cümlədən, diyardakı müxtəlif tədris müəssisələrinin fəaliyyətini müəyyən edən bütün qaydalar da həmin qurum tərəfindən hazırlanırdı.

XIX əsr Rusiya-Qafqaz münasibətləri tarixinin ən mürəkkəb dövrü idi. Demək olar ki, həmin yüz ili Rusiya Qafqaz regionunu bütünlüklə özünə tabe etmək uğruna xərclədi. İmperiya Qafqaz və Zaqafqaziya xalqları arasında apardığı ruslaşma siyasətinin nəticə veməsi üçün çalışmalara ilk növbədə dünyəvi təhsl sistemini regiona gətirməklə başladı. Əslində, Rusiya baxmayaraq ki, Qafqaza münasibətdə özünü daha mütərəqqi və inkişaf etmiş hesab edirdi, lakin bununla belə, Rusiyanın xalq Təhsili Nazirliyinin yaranma tarixi elə Qafqazın işğal yaşı ilə eyni vaxta təsadüf edir.

Əsrin əvvəllərində Qafqazda yaradılan təhsil idarələri 1802-ci il 3 avqust tarixdə təşkil edilmiş Rusiya Xalq Təhsili Nazirliyinə Qafqaz canişinliyi üzərindən tabe edilir. Zaqafqaziyada isə əsrin ilk üç onilliyində mövcud olan yeganə dünyəvi təhsil müəssisəsi Tiflıs xeyriyyə müəssisəsinin uçilişi idi. Çar hökuməti Zaqafqaziya xalqlarının müstəmləkəçilik əsarətinə salınması prosesini gücləndirmək məqsədilə burada dövlət təhsil müəssisələri açmağa can atırdı ki, bu da birmənalı olaraq yerli əhalinin, xüsusilə, ilk növbədə yuxarı təbəqənin ruslaşması məsələsinin həllinə xidmət göstərəcəkdi. Qafqazda isə təhsil böhranlı vəziyyətdə idi və Qafqaz xalqlarının məktəb təhsili ilə bağlı üz-üzə qaldığı böhrandan “səmərəli” çıxış yolu axtarılırdı.

Bölgədəki xüsusi şərait təhsil işinin idarə olunmasıyla bağlı direktiv sənədlərin qəbul edilməsini qaçılmaz etmişdi. 1829-cu ildə qəbul edilmiş “Zaqafqaziya uçilişləri barədə Əsasnamə” bu sahədə müxtəlif vacib tədbirlərin həyata keçirilməsinə səbəb olan ilk qanun olur. Doğrudur, bu əsasən, Gürcüstanla bağlı təhsil sahəsində müsbət irəliləyişlərə gətirib çıxarır – 1830-cu ildə Tiflis üçilişi gimnaziyaya çevirilir, Tiflisdə xeyriyyəçi qızlar pansionu açılır, və 1840-cı ildə həmin pansion Zaqafqaziya Qızlar institutuna çevirilir. Zaqafqaziyanın digər yerlərində isə 20 qəza uçilişinin açılması nəzərdə tutulurdu. 1835-ci ildə həmin Əsasnamənin bazasında yeni bir Əsasnamə qəbul edilir, burada da gimnaziya bitirən qafqazlılara (təhkimli kəndlilər xaric olmaqla) 14-cü sinif (dərəcə) rütbəsi təyin edilirdi ki, bu da onlara şəxsi zadəganlıq hüququ verirdi.

Qafqazda tədris və təhsil müəssisələrinin yaranması prosesi olduqca ləng gedirdi. Buna əsas səbəb isə təhsil müəssisələrinin Xarkov tədris dairəsinin nəzdinə verilməsi (1832–1848) idi. 1844-cü ilin sonlarında Qafqaz canişinliyi təşkil edilir və imperatorun xüsusi canişini olan knyaz Vorontsova diyarın ictimai-iqtisadi və mədəni həyatını vahid system üzrə idarə olunmasıyla bağlı geniş səlahiyyətlər verilir. Canişin hesab edirdi ki, diyarda mövcud olan məktəblər say baxımından qənaətbəxş deyil və buna görədə Qafqazda təhsillə bağlı yeni əsasnamə qəbul edilməlidir. Beləliklə, 1848 –ci ildə “Qafqaz Tədris Dairəsi və onun tabeçiliyində olan təhsil müəssisələri ilə bağlı Əsasnamə” işlənib- hazırlanır.18 dekabr 1848- ci ildə Qafqaz Tədris Dairəsi yaradılsa da, fəaliyyətə 18 dekabr 1849 – cu ildən başlayır. Bu idarənin yaradılmasının əsas səbəbi bütün Qafqazı vahid inzibati-siyasi idarəçilik sistemində birləşdirməkdən ibarət idi.

XIX əsri ikinci yarısında Qafqaz Tədris Dairəsi artıq dayanıqlı bir orqana çevirilmişdi və Qafqazda xalq təhsili ilə bağlı işləri həyata keçirən faktiki mərkəzi idarə idi. Onun həqiqətən dayanıqlı bir təşkilata çevirilməsi üçün 25 illik (1848–1873)bir zaman tələb olunmuşdu.Həmin müddətdə xüsusi olaraq Qafqaz və Zaqafqaziya ilə bağlı yeddi Əsasnamə qəbul edilmişdir ki, onlar da öz spesifik xüsusiyyətləri ilə seçilirdi. Həmin qaydalar Qafqaz məktəblərini Rusiyanın digər məktəblərindən fərqləndirirdi: diyardakı real tələbatlara uyğun olmasa da təhsil müəssisələrinin sayının artırılması; təhsilin təşkili məsələlərinin həllində, xüsusilə, orta təhsillə bağlı məsələlərdə sinfi təbəqəlilik xəttinin aparılması; yerli millətlərin nümayəndələri içərisindən pedoqoji kadrların hazırlanmasına daimi diqqət göstərilməsi. Lakin bununla belə təhsilin səviyyəsi olduqca aşağı idi.

Təhsildəki ən vacib məsələ - əhalinin intellektual səviyyəsini artırmaq, milli ziyalılar formalaşdırmaq, sosial – iqtisadi infrastrukturu inkişaf etdirməkdən ötrü kadrlar hazırlamaq və s. həll edilməmiş qalırdı. Digər tərəfdən, təhsildə silki prinsip davam edirdi. Baxmayaraq ki, oxumaq istəyənlərin sayı az da olsa artırdı, bununla belə təhsil əvvəlki kimi sayca əhəmiyyətli dərəcədə üstünlük təşkil edən yerli əhalinin çox böyük hissəsi üçün əlçatmaz idi. Çar hökuməti normativ – hüquqi aktlarda kasıb təbəqədən olan uşaqların da təhsilə cəlb ediləcəyini səsləndirirdi, lakin bu formal olaraq qalır və kasıb uşaqların təhsil ala bilməsi hüquqları məhdudlaşdırılırdı. Bununla belə, bütün çatışmazlıqlarla yanaşı mədəni inkişaf gedir, xalq təhsilinin maliyələşdirilməsi qismən də olsa həyata keçirilirdi. Çünki iqtisadi tələbat və sənayenin sürətli inkişafı savadlı kadrların artırılmasını tələb edirdi.

XIX əsrin 60-70-ci illərində baş verən yeni sosial-iqtisadi münasibətlər zəminində həyata keçirilən müxtəlif islahatlar bütövlükdə Rusiya əhalisinin həyatından yan keçmədi.İslahatlar Rusiya imperiyasının bütün mədəniyyət və təhsil sistemində köklü dəyişikliklərə gətirib çıxardı.Bu təkmilləşdirmə prosesi öz nəticələrini verdi və bu dəyişilmiş təhsil sistemi 1917 –ci ilin oktyabrınadək davam etdirilərək qorundu.Təhsildəki sistemli dəyişikliklər təbii olaraq təhsil müəssisələrinin, müəllim və şagirdlərin savadlılıq səviyyəsinin artmasına, təhsil alan insanların sayının çoxalmasına stimul verdi. Möhkəmlənmiş bazar münasibətlərinə daxil ola bilmək üçün çar Rusiyası təhsilli, ixtisaslı kadrlar hazırlamaqda maraqlı idi və bu baxımdan da istehsal sahələrində, cəmiyyət və dövlət idarəçiliyi strukturlarında təhsilin təsirlilik səviyyəsinin yüksəldilməsinin vacib amil olduğunu anlayırdı.

1860-70-ci illərin yenilikləri əslində işğalçı ölkənin bütövlükdə inkişafı üçün geniş perspektivlər açırdı, o cümlədən, Qafqaz və Zaqaqaziya regionu üçün. Doğrudur, Qafqaz müharibəsi (1817-1864) hələ uzanırdı. Lakin bununla belə çar hökuməti işğal etdiyi Zaqafqaziya və Şimali Qafqaz xalqlarının da təhsilə cəlb edilməsi ilə bağlı müəyyən planlar hazırlamışdı. Qeyd etmək lazımdır ki, bu daha çox Qafqaz ərazisiylə bağlı imperiya planlarının tərkib hissəsi idi və bütün digər ərazilər kimi həm şimali, həm də cənubi Qafqaz ümumrusiya ticari- iqtisadi və mədəni əlaqələr sisteminə daxil edilməli idi.

18 dekabr 1848-ci ildə çar I Nikolay “Qafqaz təhsil dairəsi və onun tabeçiliyində olan təhsil müəssisələri barədə Əsasnamə” imzalayır. Qafqaz Təhsil Dairəsi yaranması fikri isə Qafqaz canişini qraf M.S. Vorontsovdan gəlmişdi. Rusların uzaqgörən və incə siyasətçi adlandırdıqları Vorontsov yaxşı başa düşürdü ki, Rusiyanın Qafqazda mövqelərini bərkitməyin yolu həm də təhsildən keçir. Yeni yaradılan idarə Rusiya Xalq Təhsili Nazirliyinin Qafqazda əvvəlcədən mövcud olan Tiflis, Kutaisi, Şamaxı-Dərbənd, Stavrapol və Çernomorsk qoşunlarının ərazi təhsil idarələri bazasında təşkil edildi. Qafqaz Təhsil Dairəsi bütün tədris idarələrinə, həmçinin, Qərb və Mərkəzi Avropadan köçürülərək məskunlaşan kolonistlərə məxsus poma-katolik məzhəbindən olanların məktəblərinə, məscidlərdə fəalıyyət göstərən dini məktəblərə, özəl məktəb və pansionatlara nəzarəti də üzərinə götürdü.

Lakin Qafqaz Təhsil Dairəsinə rəhbərlik edən popeçitel (müdir) isə təhsil nazirinə deyil, birbaşa Qafqaz canişininə tabe edildi. Qafqaz Təhsil Dairəsi müdiri olduqca ciddi məsuliyyət və nəzarət tələb edən vəzifələrlə səlahiyyətləndirilmişdi. Ən vacib şərt isə rus dilinin birinci dərəcəli fənn kimi tədris edilməsinə xüsusi diqqət göstərilməsi idi, çünki əks halda təhsil müəssisələri öz həqiqi məqsədinə çata bilməzdi. Əsasnamədə yerli gimnaziyalarla bağlı üç əsas məqsəd priaritet qəbul edilmişdi: 1)Qafqazda və Zaqafqaziya diyarında dövlət xidmətində işləmək üçün gənc insanları oxutmaq; 2)Gimnaziyanı bitirdikdən sonra təhsilini universitetlərdə davam etdirmək istəyən şagirdləri lazımi məlumatlarla təmin etmək; 3)Özlərini xidmət sahəsində görməyənlərə, gələcək zümrələrinin müəyyənləşdirilməsi istiqamətində lazımi məlumatları çatdırmaq.

Qeyd etmək lazımdır ki, islahatlardan qabaqkı dövrdə bütün Rusiya ərazisində, o cümlədən Azərbaycanda əhalinin savadlılıq səviyyəsi olduqca aşağı idi.Əsrin əvvəllərində təhsil sistemini liberal islahatlar çulğalamışdı.İmperiyanın hər yerində qızlar tamamilə təhsildən uzaq tutulurdu və oğlan uşaqlarını isə daha çox sənət məktəblərinə verirdilər.Çox az hallarda isə ruhani təhsil alanlar təhsillərini ya müəllimlər seminariyasında, ya da zemstvo uçilişlərində ( məktəb) davam etdirə bilirdilər. Məsələ burasında idi ki, belə məktəblərdə oxumaq müəyyən maddi vəsait hesabına başa gəldiyindən, kasıb təbəqədən olanların buna imkanı çatmırdı.

Lakin əsrin ortalarında universitet və ya digər təhsil müəssisələrində təhsilini davam etdirmək istəyən gimnaziyaçı qafqazlıların sayı o qədər də çox deyildi.Tələbələr əsasən imkanlı və yüksək zümrədən olanların uşaqları idi və onlar da dövlət idarələrində uzun müddətli qulluq işinə maraqlı deyildilər.Diyarda isə alı təhsilli kadrlara tələbat artırdı. Tələbat təkcə ixtisasını yaxşı bilən müxtəlif sahələrin mütəxəssislərinə deyildi, həmin mütəxəssis həm də yerli dilləri, adət- ənənələri bilməli və qafqaz xalqlarının dini inanclarına bələd olmalıydı.Lakin bununla belə Qafqazda hər hansı bir ali təhsil müəssisəsinin açılış məsələsi də maliyyə imkanlarının qıtlığından gündəmə gətirilmirdi.Bu sahədə vəziyyətin mürəkkəbləşməsinə həm də regiondakı hərbi- siyasi vəziyyət də təsirsiz ötüşmürdü.

Çar hökuməti dərk edirdi ki,qafqazlıları təhsilə cəlb etmək və onların oxumağa meyllərini artırmaqdan ötrü yeni bir strateji plan- fərman lazımdır. Belə bir fərman Qafqaz Tədris Dairəsi haqqında Əsasnamədən dərhal sonar işıq üzü gördü. Bu, “Qafqaz və Zaqafqaziya sakinlərinin imperiyanın ali və xüsusi təhsil müəssisələrində xəzinə hesaına təhsil almasına dair Əsasnamə” (1848-ci il 11 iyun) oldu. Bu fərmanın qəbulu əvvəllər daha çox hərbi təhsil müəssisələrinə meyl edən qafqazlıların qarşısında çoxşaxəli vətəndaş ixtisasları alınması istiqamətində daha geniş imkanlar yaratdı.

Çar hökuməti anlayirdı ki, bütün Qafqazda yaradılan ış sahələrini təmin etmək üçün imperiyanın digər ərazilərindən buraya işçi qüvvəsinin gətirilməsi asan başa gəlməyəcək və digər tərəfdən də yerli sakinlər ıçərisindən özünə möhkəm dayaq hazırlamalı və etibar edə biləcəyi nəsil yetişdirməli idi. Xüsusilə Qafqazın və Zaqafqaziyanın müsəlman əhalisinin öz övladlarını kilsə (prixod) məktəblərinə və yaxud digər rus üsul –idarəçiliyinin tabeçiliyində olan məktəblərə verməməsi hökuməti bu baxımdan müsəlman əhaliyə qarşı fərqli və incə davranmağa vadar etdi.

1847 və 1848 – ci illərdə şiə və sünni məscidlərinin nəzdində fəaliyyət göstərən müsəlman məktəbləri açılmışdı. Həmin məktəblərdə təhsil müddəti 3 illik idi və burada yerli dillər və rus dili, qısa coğrafiya və tarix, hesab, rus qanunşünaslığının əsasları, mühakimə üsulu, yazı qaydaları öyrədilirdi. Həmin məktəblər Qafqaz dairəsi təhsil müəssisələrinn ümumi sisteminə daxil deyildi və müstəqil fəaliyyət göstərirdilər. 1849 – cu ildə çar hökuməti həmin məktəblərə nəzarəti öz əlinə keçirmək məqsədilə onları Qafqaz canişinliyi müdirinin tabeçiliyinə keçirir, lakin əhalinin ciddi narazıçılığı ilə qarşılaşmamaq üçün həmin məktəbləri yerli müsəlman ruhaniliyinin tərkibində saxlayır.

1853–cü ildə Zaqafqaziyanın bütün müsəlman məktəblərinin şagirdləri xüsusi hüquq və imtiyazları olan həmin 2 şiə və sünni məktəblərinin üstünlüklərindən yararlanmağa başladılar. Müsəlman məktəblərindən seçilmiş gənclər isə imperiyanın ali təhsil müəssisələrində xəzinə hesabına təhsillərini davam etdirərək başa çatdırmalı idilər. Bu baxımdan yuxarıda adı çəkilən əsasnamə ilə dövlət qafqazlı gənclərlə bağlı məqsədini ortaya qoyurdu. Əsasnamə təsdiq edirdi ki, ali və xüsusi məktəblərdə veriləcək təhsil diyarda təhsilin genişləndirilməsində daha əlahiddə, həm də xüsusi yerli əhəmiyyətə malikdir. Bu ilk növbədə: 1) Qafqaz və Zaqafqaziyanın zadəgan əhalisinin övladlarını Qafqazın və Zaqafqaziyanın dövlət xidmətlərində müxtəlif, hətta yüksək vəzifələrdə işləməsinə hazırlayacaq; 2) Tüccarlar və başqa zümrələrin uşaqlarının isə bilik almaqları , gələcəkdə isə onların müəyyən vəzifələrə təyinatı öz diyarlarında ticarətin və sənayenin uğurlu inkişafına təsir edəcəkdir”.

Əsasnamədə qafqazlı şagirdlərin təhsil alacaqları təhsil müəssisələrinin siyahısı və qafqazlılara ayırılan şagird yerlərinin sayı da göstərilirdi. Məsələn, Sankt-Peterburq İmperator Universitetində 28 yer, Rabitə Yolları Mühəndisləri Korpusu İnstitutunda 4 yer, Dağ mühəndisləri İnstitutunda 4 yer, Rabitə Yolları Tikinti Uçilişində 6 yer, Meşə və Mərzçəkmə İnstitutunda 10 yer,İmperator Bədii Akademiyasında 2 yer, Sankt – Peterburq Kommersiya İnstitunda 5 yer, Sankt – Peterburq Texnologiya İnstitunda 2 yer ayrılmışdı.

Bundan başqa, Moskva Universitetinin tibb şöbəsində “ bilavasitə Qafqaz və Zaqafqaziya da mülki tibb işçisi kimi işləmək üçün” daim 20 yer qafqazlılar üçün ehtiyat saxlanılırdı.Kazan Universitetinin şərq bölməsində isə şərq dili və tərcüməçi mütəxəssis hazırlanması üçün qafqazlılara 5 yer verilirdi.Digər institutlarda da qafqazlılar üçün ehtiyat yerlər nəzərdə tutulmuşdu.Təhsil müəssisələrində Qafqaz və Zaqafqaziyadan olan şagirdlərə himayəçiliyi Qafqaz Komitəsinin sədri öz üzərinə götürmüşdü.
Əsasnamənin xüsusi paraqrafında göstərilirdi ki, təhsil müəssisələrində tədris edilən ümumi fənlərdən asılı olmayaraq, onlar həm də “ diyarda yaşayan millətlərin istifadə etdiyi yerli dilləri də öyrənməlidirlər”. Məsələn: gürcü və tatar (azərbaycan) dillərini; Qafqaz sakini olan və həm də orada işləməyə hazırlaşan şagird tatar və çərkəz dillərini; Bundan başqa bütün ermənilər erməni dilini”. Bununla yanaşı qafqazlı şagirdlər bir sıra fənlərin öyrənilməsindən azad edilmişdilər. Məsələn, riyaziyyat elmini öyrənənlər Rusiya qanunları və slovyan kilsə dillərini öyrənməkdən, kameral bilikləri öyrənənlər rus tarixi və s. azad edilmişdilər.

Çar Rusiyası Qafqaz və Zaqafqaziya ilə bağlı xüsusi planlarını gələcəkdə məhz rus təhsil və tərbiyəsindən keçmiş qafqazlı gənclərlə həyata keçirməyi hədəfləyirdi. Bu prinsip Əsasnamədə xüsusi qeyd edilmişdi.Burada göstərilirdi ki, qafqazlıların təhsil aldığı müəssisələrin rəhbərləri “hər biri ayrı –ayrılıqda daim bu şagirdlərin əqli və mənəvi təhsilinə nəzarət etməklə onların ümumi məqsəddən yayınmamalarının qayğısına qalmalı, bununla birgə göstərilən şagirdlərlə əlaqədar və onların gələcəkdə təyinatlarıyla bağlı hökumətlə sıx əlaqə saxlamalıdırlar”. Hökumət sözdə qafqazlların öz dini inanclarına ciddi riayət etmələrinə icazə versə də, əslində onların bütün davranışları təqib edilirdi. Təhsil müəssisələrində qafqazlı şagirdlərinin rus dilini əsas fənn kimi öyrənməsinə xüsusi nəzarət edilməsi tapşırılmışdı.

XIX əsrin ikinci yarısı imperiya üçün cəmiyyəti hərəkətə gətirən, müəyyən vətəndaş dirçəlişi ilə bağlı hadisələrlə xarakterizə olunan bir dövr idi. 1861 – ci il təhkimçilik hüququnun ləğv olunmasının ardınca, məhkəmə, torpaq və təhsil islahatları da həyata vəsiqə almağa başladı.Məktəb islahatları demək olar ki, bütün məktəb halqasını əhatə edirdi.Çar hökuməti hələ islahatlara qədər müəllim kadrların hazırlanması üçün bütün universitetlərdə ali təhsil verən ikiillik pedoqoji kurslar ( 1858) və həmin kursların nəzdində isə şagirdləri üçün pansionları olan dörd və beş illik gimnaziyalar açımağa məcbur olmuşdu. Demək olar ki, bütün mahallarda, qəza və kənd məktəblərində dərs vermək üçün müəllim kadrları hazırlayan müəllim seminariyaları təşkil edilmişdi.
1863- cü ildə Qafqaz Canişinliyi hüdudlarında 43 kişi tədris müəssisəsi vardı: 4 gimnaziya, 1 (dördillik) ali uçiliş, 19 qəza,2 əyalət uçilişi və 17 ibtidai uçiliş vardı. Həmin tədris müəssisələrindən 2 pansionlu gimnaziya və dördillik (pansionlu) ali uçiliş Bakıda yerləşirdi.

Təhsil alanlar əsasən xristian məzhəbindən olah oğlan uşaqlarıydı. Ümumi sayı 35 000 nəfərə qədər olan şagirdlərin içərisində cəmi 500 nəfər müsəlman öğlan uşaqları vardı ki, onların da əksəriyyəti Şimali Qafqazdan olanlar idi. Zaqafqaziya müsəlmanları isə məsçidlərin nəzdində olan dini məktəblərdə təhsil alırdılar və onların məktəblərə gedişi əsasən dini boclardan qaynaqlanırdı. Hətta rus hökuməti tərəfindən Şimali Azərbaycan ərazisində təşkil edilən dünyəvi məktəblərə cəlb edilən müsəlman uşaqlar sayca xristianlardan xeyli geri qalirdı.

Gimnaziyalar təhsil sisteminin ən vacib halqası idi və təhsil müddəti 4 il olaraq müəyyən edilmişdi..Gimnaziyanı bitirdikdən sonra məzunlara orta təhsil haqqında sənəd verilirdi və həm də gimnaziyalar universitetə qəbula hazırlayırdı.Gimnaziyalar əsasən ensiklopedik bilik verirdi və burada əsasən, latın dili və müxtəlif xarici dillər, o cümlədən,riyaziyyat, coğrafiya,ümumi tarix, Rusiyanın tarixi,təbiət tarixi, fəlsəfə, siyasi iqtisad,incəsənət,texnologiya və ticarət sahələrinin öyrənilməsinə diqqət yetirilir, ana dili, ədəbiyyat və ilahiyyat isə tədris olunmurdu.
Gimnaziyalar iki tipli idi: klassik və real gimnaziyalar (sonralar real uçilişlər adlandırıldı). Klassik gimnaziyalarda şagirdlər əsasən universitet və digər təhsil müəssisələrində təhsil almaq üçün hazırlanır, qədim dillər, yeni xarici dillər ,rus dili və tarixini öyrənirdilər.Real məktəblərdə isə əsasən hərbi və mülki xidmətə hazırlanılır,qədim dillərin əvəzinə isə təcrübi riyaziyyat və qanunşünaslıq oyrədilirdi. Şəriət dərsləri isə gimnaziyaların hamısında keçirilirdi.
XIX əsrdə qimnaziyalarda pansionlar təşkil edilməyə başlandı.Bu pansionların şagirdləri əlavə olaraq fransız dili, rəqslər, musiqi, qılıncoynatma və at minmək də öyrənirdilər.

Gimnaziyanı bitirdikdən sonar Qafqaz canişinliyinin dövlət idarələrində işləmək istəyən qafqazlılara xəzinənin hesabına təhsil almaq imkanı və sinfi rütbə əldə etmək hüququ verilirdi.Hətta Senatın xüsusi fərmanı ilə Qafqaz və Zaqafqaziyadan olanlara xidməti üstünlüklər və hüquqlar verilirdi.İmperiyanın bütün universitet və digər təhsil müəssisələrində xəzinə hesabına təhsil alanlar bilavasitə Qafqaz canişinliyinin sərəncamına daxil olmalı və təhsili bitirdikdən sonar hansı zümrəyə və ya elmi dərəcəyə malik olmaları barədə məlumat verməli idilər. Beləliklə, canişinlik tərəfindən işə qəbul edilən Qafqaz əsilli mütəxəssislər digər rus çinovnikləri ilə eyni üstünlüklər əldə edirdilər.
İkinci yerdə gələn təhsil müəssisələri təhsil müddəti 2 il olan qəza uçilişləri idi. Qəza uçilişləri həm gimnaziyalarda təhsili davam etdirmək üçün hazırlıq aparır, həm də praktiki fəaliyyət üçün kadr yetişdirirdi.Burada təhsil planına salınan çoxlu sayda fənnlər vardı: şəriət dərsləri, din tarixi, insanın və vətəndaşın vəzifələri ilə bağlı mühazirələr,coğrafiya, tarix, rəsm və s.

Növbəti mərhələdə prixod (məhəllə) uçilişləri gəlirdi. Bu uçilişlər quberniya, qəza və kəndlərdə yerləşən hər bir kilsə prixodunun tərkibində açılırdı.Belə dini məktəblərdə şəriət dərsləri və əxlaq,qiraət,məktub yazılışı və ibtidai hesab öyrədilirdi.T əhsil müddəti bir il idi.

Ən geniş şəbəkəyə malik təhsil müəssisələri isə ibtidai məktəblər idi.Bu məktəblər geniş xalq kütlələri üçün nəzərdə titulurdu. Lakin 1861 – ci ilə qədər belə məktəblərin sayı əhəmiyyətli dərəcədə az idi və kəndlilər , həmçinin, aşağı zümrədən olan vətəndaşlar demək olar ki, tamamilə savadsız qalmışdılar.Savad məktəbləri adlandırılan( kənd yerlərində) məktəblərdə təhsil müddəti 1-2 illik idi. Belə məktəblər kəndlilərin öz pay vəsaiti hesabına yaradılır, yəni məktəb xərci kənd icmaları tərəfindən ödənilirdi.Burada dini dərsləri ruhanilər aparır, digər fənlər isə təhsil almış şəxslər tərəfindən öyrədilirdi. Qeyd etmək lazımdır ki, çox vaxt belə məktəblərin xüsusi binaları olmurdu və müəllimlər ayrı- ayrı şagirdlərin yaşadıqları evlərdə yaşayır və dərs keçirdilər. Bununla belə adı çəkilən belə məktəblərin bəziləri XX əsrin əvvəllərinə qədər fəaliyyətlərini davam etdirə bilmişdi.

(Ardı var)



Teqlər:





Xəbər lenti