Bu əmanətçilər pullarını gec alacaq

Bu əmanətçilər pullarını gec alacaq
  04 Oktyabr 2016    Oxunub:2410
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin qorunmayan əmanətçiləri və hüquqi şəxs olan müştəriləri eyni statusdadır.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərə kompensasiya ödənişi müflisliklə bağlı qanunvericiliyə uyğun olaraq bankın aktivləri satıldıqdan sonra, növbəlilik əsasında həyata keçirilə bilər:

“Bunun üçün bankın aktivlərini, əmlakını qiymətləndirməliyik, həmin əmlakın girovluqda olub-olmadığını müəyyən etməliyik. Əgər qorunmayan əmanətçilərə və hüquqi şəxslərə tam kompensasiya ödəmək mümkün olmasa, əldə ediləcək məbləğ proporsional qaydada həmin şəxslərə ödəniləcək”.

Azad Cavadov həmçinin bildirib ki, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" QSC-nin ləğvedicisi təyin olunub: "Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu, mümkün olmadı. Bankı müflis etməklə daha az itkiyə məruz qalınmasına qərar verildi".

AzVision.az


Teqlər:





Xəbər lenti