700 bal toplayan tələbələr: `Kənd üçün darıxırıq...`

700 bal toplayan tələbələr: `Kənd üçün darıxırıq...`
  25 Sentyabr 2016    Oxunub:10022
`Bakı mənə qəribə gəlir, şəhər həyatına öyrəşə bilmirəm..`
Bu il qəbul imtahanlarında 700 bal toplayan tələbələrin bir neçəsi bölgələri təmsil edir. Ali təhsil almaq üçün Bakıya üz tutan rekordçular şəhər həyatı, təhsil aldıqları universitetlərlə bağlı təəssüratlarını AzVision.az-la bölüşüblər.

Bakı Ali Neft Məktəbinin tələbəsi olan Sultanlı Nadir bildirib ki, ali təhsil müəssisəsində şahidi olduğu mənzərə gözlədiyindən də yaxşıdır.

“Mən Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsində təhsil alıram. Burada vəziyyət gözlədiyimindən də yaxşıdır. Müəllimlərin dərs keçmə üsulu xoşuma gəlir. Kollektivimiz çox səmimi və peşəkarlardan ibarətdir. BANM-ı seçdiyimə peşman deyiləm”.

Tibb Universitetinin tələbəsi, əslən İsmayıllı rayonundan olan Ağalətif Lətifov isə dərslərin çətin olduğundan gileylənib: “Tibb Universitetində təhsil almaq o qədər də asan deyil. Dərslərin çətin olduğunu eşitmişdim, amma bu qədərini təsəvvür etmirdim. Müəllim heyətindən, təhsil sistemindən razıyam. Çalışıram bütün dərslərə hazırlaşım, qiymətlərim əla olsun”.

A.Lətifov doğulduğu kənd üçün darıxdığını deyib: “Şəhər həyatına hələ öyrəşməmişəm. Çalışıram mühitə uyğunlaşım. Yataqxanda 3 nəfərlə birlikdə qalıram. Kənd üçün, ailəm üçün darıxıram”.

Bu il 700 bal toplayan tələbələrdən biri də Təbriz Qasımovdur. O, əslən Kürdəmir rayonundandır: “İlk günlərdə Bakı mənə qəribə gəlirdi. Müəllimlərə və tələbə yoldaşlarıma öyrəşməyə başladım. Düzdüz, dərslərim çətindir. Çalışıram pis qiymət almayım. Dərslərdə aktiv olmaq üçün əlimdən gələni edirəm. Ailəm üçün, rayonum üçün darıxıram. Amma nə edək, oxumaq lazımdır”.

T.Qasımov onlara ev təklifi edilsə də, bundan imtina etdiyini, qohumunda qaldığını söyləyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti