Palçığa batan mitinq – TƏHLİL

Palçığa batan mitinq – TƏHLİL
  18 Sentyabr 2016    Oxunub:60248
Bu gün keçirdiyi ikinci mitinqdə Milli Şura sözün hər iki mənasında palçığa batdı. Çünki ötən həftə baş tutan birinci mitinqdən xeyli zəif bir aksiya alınmışdı. Amma palçığa batmağın səbəbi təkcə yağışla bağlı deyildi.

Əvvəla,
birinci mitinqə qatılanların arasında Milli Şuranın tərəfdarı olmayan, amma özünü protest elektoratı hesab edən şəxslər az deyildi. Onlar üçün fərqi yoxdur ki, kimin mitinqinə qatılırlar; əsas odur ki, hakimiyyətə etirazlarını bildirmək üçün harasa çıxsınlar. Mitinqi “Müsavat”ın aksiyasından bir gün əvvələ təyin etməklə Əli Kərimli həmin seqmenti itirdi. Çünki onlar istəyərdilər ki, Milli Şura ilə Müsavat birgə aksiya keçirsinlər və hakimiyyətə qarşı daha geniş protest alınsın. Onların bu istəklərini ürəklərində qoyan Kərimlinin ikinci konsertinə gəlməmələri tamamilə təbiidir.



İkincisi, mitinqlər arasındakı dövrdə Əli Kərimli “Nida”çıları küsdürdü. Belə ki, NİDA fəalı Ülvi Həsənlinin 11 sentyabr mitinqindəki nitqi Əli Kərimlinin xoşuna gəlməyib və o, sonrakı nümayişlərdə çıxış üçün NİDA-çılara söz verilməməsini tapşırıb. Bu xəbərin yayılması “Nida”çıların aksiyadan üzünü döndərmişdi.

Üçüncüsü, Əli Kərimlinin REAL-ın rəhbərlərindən biri Erkin Qədirlini ABŞ Konqresində keçirilən dinləmələrdən kənarlaşdıraraq, onun yerinə öz oğlu Türkel Kərimlini göndərməsi, təbii ki, REAL-a simpatiya duyan hər bir müxalif düşüncəli insanın mitinqi boykot etməsinə səbəb olmuşdu.

Dördüncüsü, həmin dinləmələrdə azərbaycanlılardan daha çox ermənilərin iştirakının üzə çıxması, Türkel Kərimlinin belə bir yerdə Azərbaycanı pisləməsi mitinq tabutunun qapağına vurulan böyük mıxlardan biri idi.
Bu hadisə hətta bir çoxlarını Kərimliyə “Kərimyan” deyəcək qədər hiddətləndirmişdi.



Beşincisi isə mütləq din faktorunu qeyd etmək lazımdır. Çünki bu, son iki mitinqdə ciddi amillərdən birinə çevrilib.

Ötən mitinqə naradaranlılar da daxil olmaqla, xeyli radikal dindar qatılmışdı. Amma Əli Kərimlinin dindarlarla ateistləri “qardaş” elan eləməsi onları ikinci mitinqdən soyutdu. Bu ifadə Kərimlinin çox ciddi naşılığı, üz tutduğu auditoriyanı tanımadığının göstəricisi idi. Yoxlayın: bir radikal dindara deyin ki, “Ateist səin qardaşındır”, görün, reaksiyası necə olacaq?

Ona görə də, bu qədər taktiki səhvdən sonra Milli Şuranın ikinci mitinqinin fiaskoya uğrayacağı aydın idi. Belə də oldu: rəsmi rəqəmlərə görə, birinci mitinqə 2500 nəfər qatıldığı halda, ikinciyə 800 nəfər gəlmişdi. Və yaxşı ki, üçüncü mitinqi elan etməməyi Kərimlinin ağlı kəsdi: çünki o, lap biabırçı alınardı. Bu sadə səbəbə görə ki, birinci mitinqdə buraxılan səhvlər ikincidə daha da dərinləşmişdi.

Məsələn, Milli Şuranın baş mollası Rövşən Əhmədli əvvəlcə dini radikalizm üzərində köklənmiş və “Allahu Əkbər” nidaları ilə müşayiət olunan çıxışı ilə liberal və sekulyar düşüncəli insanları hürkütdü. Qərbyönümlü müxalif gənclərin əksəriyyətinin dinə soyuq yanaşdıqları sirr deyil. Mitinqdə qaldırılan Avropa Birliyinin bayraqları hara, səslənən “Allahu Əkbər” nidaları hara?! Üstəlik, Rövşən Əhmədlinin çıxışı müraciətini oxuduğu Taleh Bağırzadənin çıxışından çox az fərqlənirdi...



Bir qədər sonra isə Rövşən Əhmədli belə bir fikir dedi ki, ateist Xədicə hakimiyyəti dəstəkləyən dindardan daha yaxşıdır. Bu, dindarlara qarşı çox ağır təhqirdir. Üstəlik, islama görə müsəlmanın hətta pisi belə, “kafir”dən - ateistdən yaxşıdır. Ona görə, Milli Şuranın mollası bir çıxış ilə həm dindarları, həm də qərbyönümlüləri hürkütməyi bacardı.

Fuad Qəhrəmanlının yoldaşı Zümrüd Yağmurun da çıxışında a-lya Nardaran notları çox idi: “Bu hakimiyyət artıq Allaha meydan oxyur. Biz buna dözəcəyikmi?” Hakimiyyəti yezidlə, şeytanla müqayisə etmək artıq keçilmiş mərhələdir – bunu Nardaran hadisələri ərəfəsində Fuad Qəhrəmanlının özü etmiş, nəticə isə faciəvi olmuşdu.

Milli Şuranın sədri Cəmil Həsənlinin də eyni çıxışda həm Avropaya inteqrasiyadan danışması, həm də Səid Dadaşbəylinin və Taleh Bağırzadənin adını çəkməsi eyni absurdlar silsiləsindən idi.

Milli Şura Avropa Birliyi ilə İran arasında qaldıqca, getdikcə daha çox palçığa batır. Düşüncə budur ki, Qərbdən pul, İrandan isə ideoloji dəstək alıb, dindar auditoriyanı cəlb edərək, ikisini bir flakonda birləşdirməklə. mitinqlər keçirilsin. Amma nəticə tam əksinə olur. Hər halda, “Buridan eşşəyi”nin iki ot tayasının arasında qalmağının nə ilə nəticələnməsi çoxdan bəllidir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti