`Bu gün aynaya baxdım..., nə qəşəngsən` - Afaq Bəşirqızı 60

`Bu gün aynaya baxdım..., nə qəşəngsən` - Afaq Bəşirqızı 60
  15 Avqust 2016    Oxunub:10377
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti Afaq Bəşirqıznın 60 yaşı tamam olur.
Səhhəti ilə bağlı bir müddət səhnələrdə görünməyən aktrisa AzVision.az -a danışıb və bu günün təəssüratını oxucularla bölüşüb. Şöhrət ordenli sənətkar bildirib ki, yubileyini ailəsi birlikdə qeyd edəcək.

“Hazırda evdəyəm. Əhvalım çox yaxşıdır. Səhhətim də düzəlib. Yubileyimi qeyd edirik. Yeni yaş yeni hisslər, yeni əhval-ruhiyə gətirib. Bu gün aynaya baxdım, dedim ay Afaq, nə qəşəngsən, günü -gündən gözəlləşirsən.

Yaş artdıqca düşüncələr daha müdrik, daha təkmilləşmiş və mükəmməl olur. “60”ın içində kədər, sevinc, sevgi və digər duyğular var. Bu baxımdan fikirləşirəm ki, yaş tək kişinin deyil, qadının da var-dövlətidir.

Düzünü desəm, mənim hansısa yaş üçün darıxdığım dövr olmayıb. Ancaq mahnılarda, şeirlərdə deyildiyi kimi gənclik dövrü tamami ilə başqa bir şeydir. Ancaq həyat çərçivəsində gəncliyin, orta yaşın nə zaman keçdiyini, ahıllıq dövrünə doğru nə zaman qədəm basdığını artıq bilmirsən. Bu da hamısı zəmanədən və həyatdandır. Həyat öz axarı ilə gedir və sən o axardasan. Gənclik üçün adam nə zamansa darıxır.

Mən heç bir yubileyimi təmtaraqla qeyd etməmişəm. Yadıma gəlmir ki, ad günümü hansısa xüsusi bir restoranlarda qeyd edim, ancaq yaxınlarımdan, əzizlərimdən həmişə də təbrik gözləmişəm”.

Qeyd edək ki, Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb.

Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar.. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. Afaq Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub.

13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Şəhanə Rəhimova
AzVision.az


Teqlər:  





Xəbər lenti