`Ailə həkimi haqqında`qanun payızda müzakirə olunacaq

`Ailə həkimi haqqında`qanun payızda müzakirə olunacaq
  05 Avqust 2013    Oxunub:1151
Azərbaycanda ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması nəzərdə tutulub. Bu barədə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında bildirilir.
Əksər xarici ölkələrdə tətbiq olunan ailə həkimi təcrübəsi hələ ki Azərbaycanda təşəkkül tapmayıb. Amma, səhiyyə sistemi bu təcrübədən yararlanmaq istiqamətində addımlar atıb.

Səhiyyə nazirinin 2011-ci ildə imzaladığı “Azərbaycan Respublikası səhiyyə müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmrdə siyahıya ilk dəfə “Ailə həkimi” vəzifəsi də daxil edilib.

Milli Məclisin Sosial siyasət komitəsi isə “Ailə həkimi haqqında” qanun layihəsi hazırlasa da, hələ ki, qanun təşəkkül tapmayıb. Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmət və ailələri ilkin həkim nəzarəti ilə təmin etməkdir. Millət vəkilləri hər sessiyada layihənin Milli Məclisin gündəliyinə çıxma ehtimalının olacağını desə də, layihə hələ də Sosial Siyasət Komitəsində müzakirəli şəkildə qalır.

Maraqlıdır ki, payızda Milli Məclis “Ailə həkimi haqqında” qanun layihəsinin müzakirəsini iclasın gündəliyinə əlavə edəcəkmi?

Parlamentin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov məsələnin gündəliyə salınmasının ondan asılı olmadığını deyir :

`Bu, “Ailə həkimi haqqında” qanunla bağlı aparılacaq müzakirələrdən asılı olacaq. “Ailə həkimi” konsepsiyası dünyanın hər bir yerində səhiyyənin aparıcı bir qüvvəsidir. Ancaq bu gün “Ailə həkimi haqqında” qanunun qəbul olunması üçün “Xəstənin hüquqları haqqında”, “Tibbi Sığorta haqqında” qanunun işlənməsi və bir neçə şərtin mövcud olunması vacibdir`.

O, vurğulayıb ki, Sosial Siyasət Komitəsi digər sosial layihələrlə yanaşı olaraq, mütəmadi olaraq bu layihə üzərində də işləyir:

`Payız sessiyasında komitədə məsələyə yenidən baxılacaq. Əgər, müvafiq şərait yaranarsa, layihəni təqdim etmiş olacağıq. Məsələnin Milli Məclisin gündəliyinə çıxarılması ilə bağlı isə heçnə deyə bilmərəm, bu, məndən asılı deyil. Layihə konseptual olaraq, hazırdır. Tam işlənməsi üçün zamana ehtiyacı var`-deyə millət vəkili bildirib.


Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti