Abdallar kimdir və onları Laçınla nə bağlayır?

Abdallar kimdir və onları Laçınla nə bağlayır?
  01 Avqust 2016    Oxunub:14489
Yeganə Kamal Cabbarlı

(Əvvəlini BURADAN oxuyun)

...Dini qaynaqlarda bəzi hədislərdə keçən rəvayətlərdə abdalların maddi, ruhi və əxlaqi özəllikləri, gücləri, etkiləri, sayları və yaşadıqları yerlər barədə məlumatlar vardır. Dini inanclara görə abdallar saç və saqqalları bir-birinə dolaşmış (saç-saqqal basmış), solğun bənizli,ətalətli,oğul-uşaqsız,yer üzündə tək bir əkilmiş ağacı olmayan və yalnız yaşayan “özlərinə çatmaq üçün sabahkı yarışa bu gündən idman edərək hazırlaşan” kişilərdir.

Abdalların əxlaqı və mənəvi şəxsiyyətləri ilə bağlı formalaşan təsəvvürlər həqiqətdə hər bir müsəlmanda olması vacib vəzifələrdəndir. Abdallar metafizik gücə malik olmaqla, müstəsna adamlar xaric kimsəyə görünməz, zaman və məkan sıralarını aşaraq istədikləri anda, istədikləri yerdə ola bilirlər. Bol yamur yağdırması, bərəkətin artırılması, zalımların cəzalandırılması, bəlaların aradan qaldırılması kimi məsələlərdə Allahdan nə diləsələr geri çevirilməzlər Abdallar.

Allah-təalanın müsəlmanlara ehsan etdiyi kəramətlərdən biri də xalq arasında “Ebdal”ların da olmasıdır. Hədis-i şərifdə buyuruldu ki: “Allah- təala onların hörmətinə yağmur yağdırar, ot bitirər, bəlanı da dəf edər. Onlara zülm edəni əfv edərlər. Pislik edənə yaxşılıq edərlər”.

Əbu-Nuyamın adıyla bağlı hədisi- şərifdə deyilir:”Ümmətim arasında hər zaman qırx kişi vardır. Onların qəlbləri İbrahım əleyhissalamın qəlbi kimidir. Allah - təala onlara görə qullarını bəlalardan qoruyar. Onlara “Abdal” deyilir. Onlar bu dərəcəyə namaz və oruc ilə yetişmədilər... Comərdliklə, müsəlmanlara nəsihət etməklə yetişdilər”...

“Ebdal olan mübarək zatlar, yeryüzündə devamlı bulunurlar. Biri vefat ettiği zaman, yerine bir başkası geçirilir. Sayılari yine aynı olur. Bunları kimsə tanımaz. Hatta bazan kendileri bile kendilerini bilmez.Bunların başlarında kutbları, ən büyükleri bulunur. Buna Kutb-i ebdal, Kutb-i medar ve ya Kutb-i aktab denir”. (İslam Tarihi Ansiklopedisi,4.Cild. Ebdal)

Xalq arasında Abdallar üçlər,beşlər,yeddilər, otuzlar,qırxlar və s. kimi bilinir. Daha geniş rast gəlinən rəqəm isə qırxdır. Bəzi yayılmış rəvayətlərə görə qırx abdalın iyirmisi ikisi kişi, on səkkizi isə qadındır. O qədər də yayğın olmayan bəzi mənbələrdə isə qirxı kişi və qırxı qadın olmaq üzrə səksən abdaldan da söz edilir. Süyütfyə görə qirx abdalın iyirmi ikisi Suriyada,on səkkizi İrakda iqamət edər. Başqa bir rəvayətə görə abdalların qirxının da Suriyada olduğu qeyd edilir ki, onların da iyirmi beşi Xumsda, on ikisi Şamda,üçü isə Beysandadır. İbnü l-Arabi, Seyyid Şerif kimi bəzi müəlliflər də yeddi abdal görüşünü mənimsəmişlər.Bayezid-i Bistami,”Sən yedi abdaldan birisin” deyənlərə, “Hayır, yedisi də benim” demişdir.

Abdalların sayları ilə bağlı fikirlər Pir Sultan Abdalın şeirlərində də təsvir olunur:
Güzəl Şah` ım çok yerlərdən görünür
Aslı nedir neye verdin Bağdad `ı
Şahım birdir binbir dona bürünür
Aslı nedir neye verdin Bağdad `ı...
Pir Sultan`im der ki üçler yediler
Kırklar da bu demde hazır idiler
Bağdad` ı Basray` ı verdi dediler
Aslı nedir neye verdin Bağdad`ı...
Mərifətin hifz olunmuş xəbərlərində deyilir:


Qırxların qapısını döyən Həzrəti Rəsulallahdan soruşurlar:
Kimsən?
Allahın Rəsuluyam.
Allah özü buradykən Rəsuluna ehtiyac yoxdur.
Yenə qapını döyür.
Kimsən?
Mənəm.
Burada “mən” yoxdur.
Üçüncü dəfə qapı döyülür:
Kimsən?
Sənəm!

Bu cavabdan sonra qapı açılır və Peyğəmbər Qırxlar cəminə daxil olur.

Soy etibarı ilə türkmən olan Abdallar özlərinə “divanə dərviş” deyilməsini xoşlamazlar. Onlar türk həyat tərzi keçirən,saz,davul,zurna və başqa alətlərdə çalıb oxuyan, türkcə danışan,eyni zamanda müsəlman olan,təriqət etibarı ilə Ələvi-Bektaşi olduqlarını (Anadolu Abdalları) söyləyən türk oymağıdır.

Anadoluya Şərqdən gəlmiş şeyx, şair, dərviş. mürşit, aşıq, abdal və səyyahlar türk dilində danışır, oxuyur və davamlı olaraq olduqları bölgə əhalisini İslama çağırmışdılar və haqlı olaraq özlərini müsəlman və türk irqindən olanlar kimi ifadə edirlər. Abdallar, əsasən oturaq həyat tərzi keçirən, bəzən də içərilərində köçəri və ya tərəkəmə həyatı keçirən Ələvi-Qızılbaş zümrələri kimi tarixdə yer almışlar.Anadolunun bəzi bölgələrində günümüzə qədər mövcudluğunu qoruyan bir sıra abdal kəndləri, obaları vardır. Hazırda Anadoludakı abdalların sayı təxminən 30-40 min nəfərə qədərdir.

Müasir Abdalların əsas məşğuliyyəti sayıla bilən müxtəlif iş sahələrini göstərmək olar. Abdal kişilər davul, zurna çalar; ələkçilik, səbətçiliklə məşğul olar, müxtəlif əkinçilik alətləri- bel,oraq, dırmıq, nal və s. düzəldər, dəmirçilik və ya nalbəndlik edərlər. Çifçiliklə o qədər məşğul olmasalar da,biçin və bağ-bostan fəslində işçi olaraq çalışmaqla məişətlərini keçindirər, dolanarlar. Məhsul yığımı və taxıl biçini zamanı “Kırf” edər - tarlaların kənarında çalıb-oynamaqla əhalini əyləndirər, gedərkən də yerdə qalan taxılı xurcunlarına doldurar apararlar. Beləliklə, məhsul yığımı zamanı sıra ilə bütün tarlalara yan alar və bütün məhsullardan “kırf” yığarlar.

Bir qisim abdal isə sünnətçilik, həkimlik, gizli olaraq çöpçülük (üfürükçülük) edərlər. Həkimliklə məşğul olan abdallar dağlardan topladıqları otlardan cürbəcür dərmanlar hazırlayar və başağrısı,mədə və qarın ağrısı, müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə etmək üçün kəndlilərə satarlar. Bundan başqa Abdal həkimlər qulunc tutar, qan alar və s. xəstəlikləri də müalicə edərlər. Bəzi Abdallar ovçuluqla, bəziləri xırdavatçılıq və cambazlıqla (at alış-verişi), bəziləri isə qalayçılıqla məşğul olarlar.

Bəzi fikir sahıblərinin qənaətinə görə başlanğıcda Abdallar Anadoluya islam inancı yaymağa, təsəvvüf biçimləndirməyə gəlmiş “taxta qılınclı dərvişlər”dir. Abdalların inancıyla və inancın köküylə bağlı aşağıdakı misralar çox önəm daşıyır:
Abdallığın binasını sorarsan
Allah bir Muhammed-Ali Abdaldır
Hakikat ilminin aslın sorarsan
Cümlə ululardan ulu abdaldır.
Muhammed kiırklara bir hayal gördü
Ol hayal ne imiş aslına erdi
Firdevs-i a`ladan içeri gird
Öten bülbüllerin dili abdaldır.


Beləliklə, Abdal - Şərq inancına görə, fövqəltəbii gücə,qabiliyyətlərə sahib olduqları qəbul edilən dərvişlər, təsəvvüfdə isə mənəvi baxımdan yüksək məqama yetmiş insanlara verilən addır. Bir loxma-bir arxalıq düşüncəsiylə yaşayan abdallar möhtacların yardımına qaçarlar. Abdal kəlməsi qarışıq mənalar daşıyan bədəl və bedil sözlərinin çoxluğu kimi də qavranılır. Bu mənada Abdal “dünya tutqunluğundan xilas olaraq özünü bütünlüklə Uca Allah(s.s.) yoluna həsr edən və ricalü`l-qayıb deyə adlandırılan vəlilər, abidlər toplumu içərisində olan “Sufi və ya Ərənlər”anlamında işlədilir. “Abd”, ərəbcə tərcümədə həm də qul deməkdir. Bu baxımdan Abdal həm də haqqın qulu anlamına gəlir. Badəl kimi başqa bir mənası da vardır Abdalın, zamanla bədəl kəlməsinə çevirilən badal anlayışı- ruhu üçün nəfsini bədəl (qurban) verən, nəfsindən-dünya malı, mal-mülk,para-puldan vaz keçən deməkdir.

Xalqın evi var, dərvişin xanəgahı;
Xalqın atası var, dərvişin piri;
Xalq fürsəti həyat bilir,dərviş həyatı fürsət;
Xalq dərddən qaçar, dərviş arzulardan;
Xalqın əli ovcundadır, dərvişin əli torpaqda

Bu kimi çox sayda atalar sözü vardır abdallara dair. Eşqin səsindən başqa heç nə tanımayan, təriqət əhli olan abdallar insanlara “dünyanın ayağa ilişən daşdan başqa bir şey olmadığı”nı anladar.

Abdal sözünün sərsəri, tənbəl, kölə kimi alçaldıcı mənalar almasında Türk coğrafiyasında suyun axarını dəyişən və tarixədə Çaldıran döyüşü adıyla keçən Osmanlı- Səfəvi müharibəsinin (1514) güclü təsiri olur. Bu müharibədən sonra Osmanlı Sünni-Ortodoks bir münasibət ortaya qoyur və bu da qızılbaş-şiə müridləri olan Anadolu abdallarından yan keçmir. Bununla da abdal kəlməsi etibarını itirir və yuxarıda qeyd etdiyimiz kimi aşağılanmış mənalarda işlədilir.

Əslində, türk sözlüyündə aptal kəlməsi olmamasına rəğmən, abdal sözünün etibarsızlığı dillərə yerləşirərək aptala çevirilir. Məsələn, Abdallara məxsus olan “Abdala məlum olur” zərb-məsəli “Aptala məlum olur” kimi söylənilir. Lakin məntiqlə yanaşıldıqda aptala (səfehə) nə məlum ola bilər ki? “Abdal”a məlum olur, çünki onun ən vacib özəlliklərindən biri kimsənin görmədiyini görmək, sezmədiyini sezməkdir. Beləcə, “Abdal”ın “aptal”a dönüşüb etibarsızlaşması hazırda abdalların yaşadıqları bölgələrdə abdal sözünün keçdiyi zaman onun qəbul edilməməsi və rədd edilməsinə səbəb olmuşdur. Bu tarıxə söykənən səhvə görə sonralar Təbər sözü ilə əvəzlənən abdal sözü, hal-hazırda usta termini ilə yenilənmiş və bu günün abdalları özlərini usta deyə təqdim edirlər.

Lakin, hər hansı bir sözün müxtəli səbəblərdən şəkil dəyişdirməsi və ya sözə bilərəkdən başqa don geyindirilməsi nə olursa-olsun, onun tarixi dəyərini kölgədə qoya bilməyəcəkdir. Hər bir söz, ifadə yarandığı anda kəsb etdiyi məna çalarını sona qədər daşımaqda hökmlüdür, hələ əgər bu bir toponim, etnonim və ya etnotoponimdirsə. Kimisə aşağılamaq, alçaltmağa cəhd isə kasad ağıllılığın, savadsızlığın və tərbiyəsizliyin təzahürüdür. Bütün cılız və xəbis insanların, hansı mərtəbədə olmasından asılı olmayaraq özlərini ifadə etmək yolu nadanlıqdan keçəcəkdir. Belələri üçün isə abdal sözünun həqiqi anlamını dönə-dönə oxumaq və kor zehinlərinə həkk eləmək nadanlıqdan ən yaxşı qurtuluşdur, çünki abdal deyə anılan insanlar - yaxşı niyyətli, bütün pislikləri bağışlayan, sahib olduqları hər şeyi başqalarıyla bölüşməyi bacaran, qəzavü-qədərə könüllü boyun əyən, ibadətlərində son dərəcə ihlas və sevgi, şəfqət, mərhəmət və həm də səmimimiyyəti hər şeydən öndə tutan insanlar - kəramət sahibləri, həqiqəti qəlb gözüylə görən kəslərdir. Bütün bunlardan öncə isə yadda saxlamaq lazımdır ki, Abdallar onların fövqəladə gücləri daşıdığına inanılan şamanların yadigarıdır, ölümü ilə ruhunun başqasına keçdiyinə inanan şamanların.

Beləcə, araşdırmaqla bitməyəcək qədər hekayəsi olan - Haqdan Dünyaya gələn, Haqqın səsiylə semah edən, qəlbini sirrinə verən, həyat dolu sabahları deyil, ibadət dolu gecələri gözləyən, yuxusu da bir ibadət olan, nəfsi ehtiyacı qədər, məhəbbətlə sonunu gözləyərək yaşayan, məkruhu haram bilən, əməlləri ilə dini dirildən, təlaşında rahatlıq tapan haqq aşiqləri - abdallar (dərvişlər) cahillərə öyrədir ki, onun vücudu zahirən təkyədir, əslində isə vücudunda bulunanlar vəhdətin zərrələridir.Təkyənin çölü dərki-dünyalıqdır, içərisi tərki-dünyalıq. Təkyəyə çöldən heç nə girmir. Amma içəridən çölə dünyalar axır. Hər şeylə rahatlıq tapan, ağlı eşqinə qulluq edən dərvişin zikri Yunus Əmrə seirində belə səslənir:
Ne varlığa sevinirim,
Ne yokluğa deyinirim.
Aşkın ile ovunurum,
Bana Seni gerek, Seni.

Beləliklə, abdal tayfaları türklərin mənşəyi və təşəkkülü tarixində mühüm rol oynamış, tarixdə xüsusi iz qoymuş ən qədim türk ulusudur desək yanılmarıq.

Abdal adı ilə laçınlılar arsındakı tarixi bağ və ya əlaqənin səviyyəsini izah etməyə gəldikdə, Laçın rayonunun bir tarixi Azərbaycan torpağı kimi mövcudluğu, daha sonrakı dövrlərdə yeni şəhərin salınması və rayonun təşkil olunmasının tarixini ilk mənbələrdən araşdıran bir tədqiqatçı kimi qısaca olaraq aşağıdakıları da oxucumun diqqətinə çatdırmağı özümə borc bilirəm.

Böyük Azərbaycanımızın kiçik bir ərazisi olan Laçın qədim Albaniyanın çoxlu sayda tarixi abidələri ilə zəngin bir bölgəsidir. Lakin təəssüfedici məsələ burasındadır ki, bir əsrdə iki dəfə Rusiya tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının tarixinin tamamilə araşdırılmasına işıq sala biləcək arxeoloji qazıntıların, axtarışların aparılması sovetlər sistemində müəyyən məhtudiyyətlər çərçivəsində, xüsusi nəzarət və icazəylə həyata keçirilirdi. Bütün sistem ölkələri üçün bu? keçərli bir hal idi. Bu baxımdan sovetlərin tərkibində olan digər müttəfiq ölkələr kimi Azərbaycanın da öz tarixi torpaqlarının arxeoloji cəhətdən öyrənilməsi milli tarix elmimizin qarşısında duran əsas vəzifə idi.

Arxeoloqlarımızın, etnoqraf və tarixçilərimizin arzusunu isə Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirmək imkanı reallaşdı. Lakin, yenə də təəssüf hissiylə qeyd etmək lazımdır ki, Azərbaycanımızın ən qədim torpaqlarından olan aranlı-dağlı Qarabağ, Laçın və Kəlbəcər hələ də erməni işğalındadır və yurdun bu bölgəsinə məxsus bütün tarixi abidələrimiz məhv edilməkdə və saxtalaşdırılmaqdadır. Şübhəsiz, yurd yerlərimizə o böyük qayıdış baş tutduqdan sonra həmin ərazilərdə daha səmərəli axtarışlar həyata keçiriləcək, tarix elmimizə və bütövlükdə dünya tarixinə yeniliklər bəxş edəcək arxeoloji-elmi tapıntılar əldə edəcəyik. Bu həm də tarixi ilə bağlı elmi cəhətdən olduqca az mənbə və məlumata malik olduğumuz Laçın obası haqqında müəyyən yeniliklərin üzə çıxmasına şərait yaradacaqdır. Hələlik isə yazılı mənbələr və arxiv sənədlərindən bəhrələnərək Laçının tarixiylə bağlı müəyyən fikirlər yürütmək və bəzi elmi nəticələrə gəlmək mümkündür.

Birinci Rusiya işğalı zamanı quberniyalara və qəzalara bölünmüş Şimalı Azərbaycan torpaqlarının bir hissəsi indiki Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan kəndlər Yelizavetpol (Gəncə) quberniyası, Zəngəzur qəzasının tərkibində ikinci polis məntəqəsinin 24-cü Cağazur, 26-cı Cicimli, 34-cü Qarıqışlaq, 38-ci Malıbəyli, 40-cı Mollalar, 43-cü Müsəlmanlar, 48-ci Piçənis, 54-cü Səfiyan, 55-ci Seyidlər, 69-cu Şəlvə və 70-ci Şahsuvarlı kənd icmalarını əhatə edirdi. 1920 -ci il, Rusiyanın ikinci işğalından sonra sovetlərin qurulması ilə Bakı və Gəncə quberniyaları ləfv edilir, Zaqatala dairəsi Zaqatala qəzasına keçirilir, Ərəş və Cavad qəzalarının adı dəyişdirilərək Ağdaş və Salyan adlandırılır və cəmi 17 qəza saxlanılır. 1922-ci ildə Şərur, Dərələyəz və Naxçıvan qəzaları ayırılaraq ayrıca təşkil olunmuş Naxçıvan diyarının tərkibinə verilir.

1923-cü ildə Az.MİK- in 7 iyun 298 saylı qərarı ilə DQMV təşkil edilir və bundan sonra Cavanşir və Şuşa qəzaları ləfv olunur.Elə həmin il yeni Ağdam və Tovuz qəzaları yaradılır. Naxçıvan və Şərur-Dərələyəz qəzaları da 1923- cü ildə ləfv edilir.

Beləliklə,1923-cü ildə Şimali Azərbaycan ərazisi 15 qəzadan, Naxçıvan diyarı və Dağlıq Qarabağ Muxtar Vilayətindən ibarət idi. DQMV-nin yaranması ilə əlaqədar olaraq Az.MİK- in 1923 -cü il 7 iyul tarixli, 879 saylı sərəncamına əsasən Qarabağın digər hissəsi yeni yaradılan Ağdam, Cəbrayılk və Kürdüstan qəzaları arasında bölüşdürülür.

Yeni təşkil edilən Kürdüstan qəzasının ərazisi 3532 kv/km, mərkəzi isə Pircahan kəndi olur. Qəzada istər siyasi, istərsə də iqtisadi vəziyyət olduqca ağır idi. Ən ağrılı məsələ isə qəzanın dövlət təminatına keçirilməsi idi. Belə ki, qəza icraiyyə komitəsi öz ehtiyaclarını yerli vəsaitlər hesabına ödəmək iqtidarında olmadığından ona möhkəm büdcə vəsaiti ayırılması zərurəti yaranmışdı. İkinci vacib məsələ isə qəza komitəsinin iqamətgahı ilə bağlı idi. Çünki iqamətgahın olmaması işlərin planlı şəkildə həyata keçirilməsini ləngidirdi.

Qəza ərazisinin heç bir yerində hər hansı bir inzibati orqanın yerləşdirilməsinin mümkün ola biləcəyi bina yox idi. Buna görə də iqamətgahın yerləşdirilməsi üçün yer seçilməsi və uyğun məskən salınması zərurəti yaranmışdı. Əvvəllər qəza idarələri müvəqqəti olaraq Şuşa şəhərində yerləşdirilir və Şuşanın bölgə üçün böyük əhəmiyyət kəsb etməsini və digər yerlərdə işləmək üçün əlverişli şərait olmadığını nəzərə alaraq iqamətgahı Şuşada saxlamaq üçün Şuşanın Kürdüstan qəzasının tərkibinə salınması məsələsi də meydana çıxır.

Lakin qəzanın tərkibinə daxil olan digər ərazilərdəki yaşayış məntəqələri ilə əlaqə saxlamaq üçün uyğun yerin məhz Abdallar ərazisi olduğunu nəzərə alaraq qəza mərkəzi əvvəlcə Pircahan kəndinə,sonra Minkəndə, 1923- cü il avqustun 17- də isə Abdallar kəndinə köçürülür. Abdallar kəndində həmin dövrdə 93 ev və 277-si kişi, 225-i qadın olmaqla 462 nəfər əhalisi vardı. Abdallar həm də birinci Rusiya işğalı zamanından etibarən poçt stansiyası idi. İnqilabın ilk illərində Qubadlıdan Abdallara, oradan isə Şuşa şəhərinə telefon xətti çəkilmişdi. Bundan başqa? Abdallar poçt mərkəzindən Pircahan kəndinə, oradan da Minkənd, Qoturlu, Kurthacı kəndlərinə də telefon xətti çəkilişi həyata keçirilir. Lakin telefonlaşma işlərinin sürətlə aparılmasına baxmayaraq, poçt-teleqraf şöbəsinin açılması işi ləngiyirdi. Başlıca səbəb isə qəza mərkəzinin olmaması idi.

Şəhərin salınması üçün münasib yer axtarılırdı. Belə bir yer isə Abdallar kəndindən bir kilometr yuxarıda yerləşən ərazi olur ( Həmin ərazidən bir qədər yuxarıda isə Oruclu kəndi yerləşirdi. Daha sonralar şəhər böyüdükcə Abdallar kəndinin əhalisinin çox hissəsi şəhərin salınmasında muzdur (fəhlə) işləmək üçün Oruclu kəndinə köçəcək və daha sonralar isə Oruclu ərazisində Yuxarı Laçın adlandırılan yeni məhəllə salınacaqdı). Şuşa-Gorus yolu, həmçinin, Şuşa-Pircahan, Şuşa-Qubadlı və bir sıra kənd yolları həmin ərazidən keçirdi.

Abdallarda rabitə üçün əlverişli şərait vardı ki, bu da bir tərəfdən oraya tikinti materiallarının gətirilməsi üçün sərfəli idi, digər tərəfdən isə əhali və inzibati idarələrin işçiləri üçün rahatçılıq yaradırdı. Başqa nöqteyi-nəzərdən Abdalların mərkəz kimi gələcəkdə inkişaf etdirilərək genişləndirilməsinə də ümid edilirdi. Beləliklə, şəhərin salınması qərarı alındıqdan sonra birinci növbədə Abdallarda (şəhərə ad seçilmədiyindən həmin yer müvəqqəti olaraq Abdallar adlandırılırdı) ilk poçt-teleqraf şöbəsi təşkil edilir və bu işi Tiflisdən dəvət edilmiş mütəxəssislər həyata keçirir. İnzibati idarələr Abdallar kəndindən bir kilometr şimalda yerləşən ərazidə salınmağa başlayır. Poçt-teleqraf idarəsi mərkəzdə salınan ilk inzibati bina olur və bunun ardınca müvəqqəti olaraq 30 səyyar evin tikilməsi planlaşdırılır. Həmin səyyar evlər tikildikdən sonra qəza icraiyyə komitəsinin bir neçə şöbəsi: torpaq, mənzil şöbələri və qəza milisi buraya köçürülür.

Orada həmçinin, kooperativ, feldşer məntəqəsi də yaradılır. Həmin yeni yaradılan şöbə və məntəqələr, həmçinin, anbar və dəftərxana cəmi 6 otaqdan ibarət baraklarda yerləşdirilmişdi. Çox darısqallıq olduğundan işçilər əksər vaxt açıq səma altında, çox çətin şəraitdə qalmalı olurdular. Lakin, bütün çətinliklərə rəğmən qısa bir müddət ərzində qəza idarələri bütünlüklə həmin əraziyə köçürülür. Bundan sonra qəza icraiyyə komitəsi smeta tutaraq yeni şəhərin-qəza mərkəzinin salınması üçün büdcədən vəsait ayırılmasını tələb edir. İlk növbədə 40 otaqdan ibarət iki daş binanın tikilməsi nəzərdə tutulur. Bu binalar sonralar bir neçə idarə və təşkilatın yerləşməsinə rəğmən, əhali arasında daha çox rayon prokurorluğunun və musiqi məktəbinin binaları kimi tanınırdı.

Beləliklə, 1924- cü il may ayının 10 -da Laçın şəhərinin salınmasının əsası qoyulur. Laçın Zəngəzur qəzasının şimal-şərqində, çox dağlıq bir ərazidə yerləşirdi. Şəhər özü çox da hündür olmayan yaylada, hündür Laçın dağının ətəyində salınmış, adını da həmin dağdan götürmüşdür.

Tarixi yer adları-toponimlər isə əsasən, həmin ərazidə məskunlaşan tayfaların, ulusun adı ilə bağlıdır. Laçın adlandırılan bütün coğrafi ərazilərdə isə qədim laçın-türk tayfalarının yaşadığı tarixə məlumdur. Lakin olduqca qürurverici bir haldır ki, Laçın ərazisində bir çox qədim türk tayfaları, o cümlədən, abdallar da yaşamışlar.

Abdallardan isə laçınlılara irsən miras kimi ötürülən çoxsaylı insani xüsusiyyətlərdən sadəcə aşağıdakıları sadalamaq yetərlidir ki, yaddaşlar təzələnsin: mərdlik, comərdlik, halallıq, əliaçıqlıq, humanistlik, yurdsevərlik və ən başlıcası, vətənpərvərlik.


Teqlər:  





Xəbər lenti