Azərbaycanda iranlılara viza sərhəddə veriləcək - Səfir (Müsahibə)

Azərbaycanda iranlılara viza sərhəddə veriləcək - Səfir (Müsahibə)
  28 İyul 2016    Oxunub:2126
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibə verib.
AzVision.az həmin müsahibəni təqdim edir.

- İran və Azərbaycan prezidentləri arasında son 1-2 ildə 6 görüş keçirilib. Bu barədə və həmin görüşlərin Tehran-Bakı münsaibətlərinin inkişafına göstərdiyi təsir haqda nə deyə bilərsiniz?

- Bəli, prezidentlər 2013-cü ildən indiyədək Davos, Tehran, Bakı, Həştərxan, İstanbul və Tehran şəhərlərində görüşüblər. Təbii ki, ən yüksək qərarverici instansiya kimi, prezidentlərin görüşü anlaşmaların əldə edilməsində və razılaşmaların icrasında çox mühüm rol oynaya bilər.

Fikrimcə, iqtisadi sahədə Rəşt-Astara dəmir yolu xəttinin tikintisində əməkdaşlıq və ya ticarət əlaqələri üçün maneələrin azaldılması, energitika və təhlükəsizlik sahələrində işbirliyi və xüsusilə də, terrorizmə qarşı mübarizədə əməkdaşlığa dair önəmli qərarların qəbulu prezidentlərimizin dostluğu və davamlı görüşləri sayəsində mümkün olub.

Nüvə anlaşmasından sonrakı dövrdə bizim prioritetimiz qonşularla əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. İran İslam Respublikası və Azərbaycan Respublikası regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir. Biz regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri sayırıq və bunun sülh, dostluq və əmin-amanlığın güclənməsinə xidmət edəcəyinə inanırıq.

İran ilə Azərbaycanın sivilizasiyası, mədəniyyəti bir kökdən qaynaqlanır. İran İslam Respublikası Azərbaycanla əmkdaşlığın hərtərəfli inkişafı və münasibətlərin möhkəmləndirilməsinə limit qoyulmasına lüzum görmür.

- Hazırda Tehran-Bakı münasibətlərində hansı sahələr prioritetdir? İki ölkənin ticarət dövriyyəsinin həcmi nə qədərdir və onun perspektivlərini necə görürsünüz?

- Bu gün ölkələrimiz arasında əlaqələr heç vaxt olmadığı qədər yaxın və səmimidir. Əlaqələrin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur və demək olar ki, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır. İki ölkə arasında imzalanmış sənədlərdəki müddəaların və xüsusilə də, Birgə Komissiyanın iclaslarında qaldırılan məsələlərin yerinə yetirilməsi prioritet təşkil edir. Bütün sahələrdəki imkan və potensialı üzə çıxarmaqla, onlardan ölkələrimiz arasında işbirliyini gücləndirmək üçün isifadə etmək olar.

Birgə əməkdaşlığı daha da gücləndirmək üçün embarqoların ləğvindən sonrakı şəraitdən yararlanmaq zəruridir. Qeyri-neft məhsullarının ticarət dövriyyəsinin artırılması, Azərbaycan təbii qazının svop yolu ilə mübadiləsinin davam etdirilməsi, Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekunlaşdırlması, Xəzər dənizində neft və qaz sahəsinə qoyulan birgə investisiyaların artırılması və viza rejiminin sadələşdirlməsi ilə turzimin gücləndirilməsi iki ölkənin prioritetləri sırasındadır.

Hazırda neft və qeyri-neft məhsullarının ticarət dövriyyəsi 1,5 milyard dollara yaxındır və bu sahənin aydın perspektivi var.

- İki ölkə vətəndaşlarının səfərləri və ölkələrimiz arasında viza rejiminin ləğvi üçün hansı sadələşdirmə tədbirləri görüləcək?

- Artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də, hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək.

Hazırda Azərbaycan Respublikasının Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycan Respublikasında olub.

İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn pasiyentləri qəbul edir. Yüksək keyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir.

- İranın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var və Qarabağdakı son toqquşmalar zamanı da Tehran hər iki tərəfi təmkinli olmağa və gərginliyin artmasına imkan verməməyə çağırıb. Qarabağ münaişəsinin həlli üçün İranın nə kimi potensialı var və bu məsələdə istər Azərbaycan dövləti, istərsə də cəmiyyətinin, İrandan gözləntisi nədir?

- İranın Azərbaycanla və Ermənistanla münasibətlərinin olması xarici siyasətimiz üçün bir üstünlük və potensial sayılır. Çünki biz hər iki ölkə ilə, o cümlədən Qarabağ münaqişəsinin həlli barədə söhbət edə bilərik. Biz Qarabağ münaqişəsinin beynəlxalq normalar, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında və danışıqlar yolu ilə həll edilməli olduğuna inanırıq. Fikrimizcə, bu münaqişənin həlli üçün rəsmi olaraq vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. İrandan da yardım istənilsə, öz köməyimizi əsirgəməyəcəyik.

Qonşuları müdafiə etmək İran İslam Respublikasının prinsipial siyasətidir və ərazi bütövlüyünün qorunması, qarşılıqlı əməkdaşlıq bizim üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanlılar İrandan münaqişənin həlli üçün öz regional və beynəlxalq potensialından yararlanmasını gözləyir. Biz də Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyimizi bildirmişik.

- Tranzit xətləri, xüsusilə də Qəzvin-Rəşt-Astara dəmir yolu xətti Azərbaycan tərəfi üçün nə dərəcədə əhəmiyyət daşıyır və Azərbaycan öz ərazisində bu dəmir yolu xəttlərinin çəkilişini nə zaman yekunlaşıdracaq?

- Biz 2016-cı ilin sonunadək Astara-Astara xətti vasitəsilə İran və Azərbaycan dəmir yolu şəbəkələrini birləşdirə biləcəyimizə ümid edirik. Bunun “Şimal-Cənub” dəhlizinin inkişafına, bölgədə tranzit fəaliyyətinə və iki ölkənin əlaqələrinə mütləq böyük təsiri olacaq. Dəmir yollarının birləşdirilməsi işini başa çatdırmaq üçün İran-Azərbaycan işçi qrupu yaradılıb. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.

Bu dəmir yolu xətti ilə Hindistandan gələn yüklər və mallar İrandan və Azərbaycandan keçməklə Qazaxıstan, Türkmənistan və başqa ölkələrə daşınacaq. Bu məsələ böyük əhəmiyyətə malikdir. Bir neçə ay əvvəl İranın rabitə nazirinin iştirakı ilə Azərbaycan ərazisində dəmir yolu körpüsünün tikintisi işlərinə başlanılıb və iki ölkəni Astarada bir-birinə birləşdirəcək bu körpünün tikintisi cari ildə yekunlaşmalıdır.

Azərbaycan Respublikası nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə İrandan Azərbaycan ərazisindəki ilk dəmir yolu stansiyasına yük daşıyan yük avtomobilləri üçün rüsumları ləğv edib və gələcəkdə bu işin faydasını görəcəyik.

Biz Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin gedişini müsbət qiymətləndiririk. Bu dəmir yolu xətti ildə 10 milyon ton yük və 3 milyon sərnişin daşınmasını təmin edəcək. Rəştdən Astarayadək olan hissənin inşasının gedişini izləmək üçün yaradılmış işçi qrupunun ilk iclası iyulun 26-da Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti