Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
  30 İyun 2026    Oxunub:217
Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Bu məsələ parlamentin iyunun 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Təqdim olunan qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin layihəyə əsasən, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Texnoloji yeniliklərə uyğun olaraq, Məcəllənin 244-1.2.2-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, maddədə qumar oyunlarının təşkili və ya keçirilməsinin virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədilməsi halları da nəzərə alınacaq. Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsində "İnformasiya, informasiyalaşdırma va informasiyanın mühafizəsi haqqında" Qanunda da dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, Qanunun 13-2.3.5-13-2.3.9-cu və 13- 2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Teqlər: Qanun  



Xəbər lenti