`Nadir şah Əfşarı olduğu kimi təqdim etmək lazımdır`

`Nadir şah Əfşarı olduğu kimi təqdim etmək lazımdır`
  15 İyul 2016    Oxunub:2608
İnstitutdan AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan tarix elminin perspektivləri müzakirə olunub.

Tarix İnstitutunda Azərbaycan tarixinin müxtəlif dövrlərini və beynəlxalq münasibətlər tarixini araşdıracaq yeni şöbə və bölmələrlə yanaşı, AMEA-nın rəyasət heyətinin qərarı əsasında yaradılan, ümumdünya tarixini araşdıracaq yeni bölmələr fəaliyyət göstərəcək.

Yeni şöbələr – Azərbaycan xalqına qarşı soyqırımları tarixi, Azərbaycanın sovet dövrü tarixi, Azərbaycan Respublikasının tarixi, mənbəşünaslıq və tarixşünaslıq, Azərbaycanın sənətkarlıq tarixi, Azərbaycan mədəniyyəti tarixi, beynəlxalq münasibətlər tarixi, Azərbaycan-Rusiya əlaqələri tarixi, ictimaiyyətlə əlaqələr şöbələri və yeni elmi bölmələr – Azərbaycan Atropatena tarixi, Azərbaycanın erkən orta əsrlər tarixi (III – XI əsrlər), Azərbaycanın XII – XVIII əsrin 30-cu illəri tarixi, beynəlxalq münasibətlər tarixi, Azərbaycanın xarici siyasəti tarixi, Amerika ölkələrinin tarixi, Avropa ölkələrinin tarixi bölmələri yaradılıb.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Azərbaycanın dövlətçilik tarixi, xüsusən müstəqillik dövrünün araşdırılması ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərinə həsr olunmuş əsərlər yazılacaq.

Y.Mahmudov qeyd edib ki, gələn il yeni üçcildlik “Azərbaycan tarixi” kitabının nəşrinə başlanılacaq.

Elmi şurada bildirilib ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix” əsərinin birinci cildi Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanır. Kitabın tərcüməçisi tarix elmləri doktoru, professor Şahin Fazildir.

İnstitutun direktoru deyib ki, Nadir şah Əfşarı Azərbaycan xalqına olduğu kimi təqdim etmək lazımdır. Onun sözlərinə görə, Nadir şah yeni dövlət qurmayıb, o, sadəcə Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoyub. Azərbaycan tarixində dini barışığa cəhd edən görkəmli şəxsiyyətlərimiz olub: Uzun Həsən, Gödək Əhməd, II İsmayıl, Nadir şah Əfşar və başqaları.

İclasın sonunda Y.Mahmudov Tarix İnstitutunun yeni strukturunu elan edib və elmi şura üzvləri yekdilliklə təsdiqləyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti