İrəvanda basdırılan Azərbaycan tarixi - FOTOLAR

İrəvanda basdırılan Azərbaycan tarixi - FOTOLAR
  09 İyul 2016    Oxunub:84259
İnsan kimi daşın, torpağın da yaddaşı var. Abidələr məhv edilə, dağıdıla, saxtalaşdırıla bilər. Ancaq torpağın, daşın yaddaşını məhv eləmək mümkün deyil...

Sənə mənsub olmayan torpağa zorla da olsa sahiblənə bilərsən, ancaq onun ruhunda, yaddaşında yaşayanlara sahib çıxmaq mümkün deyil.

200 ilə yaxındır ki, ermənilər İrəvanı tarixi türk köklərindən qoparmaq, onu dünyaya erməni şəhəri kimi təqdim etmək yolunda dəridən-qabıqdan çıxırlar. Ancaq buna baxmayaraq, hələ də haranı qazırlarsa, oradan Qədim İrəvanın əsl sahiblərinin izlərini qoruyub saxlayan abidələr baş qaldırır. Qədim İrəvan iki əsrdir ki, bir kabus kimi qarabaqara onları izləməkdədir.



2003-cü ildə Respublika meydanında (Bura Qədim İrəvan qalasının ərazisi olub) təmir tikinti işlərinin aparılması qərara alınmışdı. O zaman meydandakı üst asfalt qatını götürüb ərazidə qazıntı işlərinə başlarkən böyük bir ərazidə qırmızı və qara tuf daşdan, qırmızı kərpicdən tikilmiş tikililərin qalıqları, gildən hazırlanmış su xətti və xeyli məişət əşyalarının qalıqları üzə çıxdı. Təmir işlərini aparanların sevincinin həddi-hüdudu yox idi. Erməni tarixçilərinin uydurduğu saxta tarix kitabları ilə böyümüş bu bədbəxtlər sevinirdilər ki, qədim erməni şəhərinin qalıqlarını aşkar ediblər.



Odur ki, təcili Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarını bura dəvət etdilər. Ancaq erməni arxeoloqlar burada cəmi 2 gün işlədilər və 3-cü gün tikililərin üzə çıxdığı ərazi tələm-tələsik qum və torpaqla dolduruldu. Həmin vaxt İrəvanın Baş arxitektoru işləmiş Narek Sarkisyan bunu çox özünəməxsus izah eləmişdi: “Bunlar tarixi abidə yox, keçmiş Astafyev küçəsindəki evlərin zirzəmiləri idi və heç bir tarixi dəyəri yox idi. Bir də ki, biz bu abidələri dağıtmamışıq, sadəcə, qumla doldurub gələcək nəsillər üçün saxlamışıq”.





Ancaq həmin vaxt orada işləmiş 3 arxeoloqdan biri Frina Babayan tamam fərqli fikir söyləmişdi. Onun fikrinə görə, bu tikililər bizim indiyə qədər 17-18-ci əsr şəhərsalma mədəniyyətini öyrənmək üçün çox vacib abidələr idi.



Yeri gəlmişkən, abidələrin aşkar olunduğu Respublika meydanı və Abovyan küçəsi Qədim İrəvan qalasının ərazisini əhatə edir. XIX əsrin ortalarına qədər Abovyan küçəsi Qala küçəsi adlanırdı. 1827-ci ildə Qalanın ruslar tərəfindən işğalından sonra 20-ci illərin ortaların qədər Astafyev küçəsi adlanırdı.

Füzuli Sabiroğlu
AzVision.az üçün



Digər şəkillər:

Qalereya




Teqlər:  





Xəbər lenti