Qərb niyə “adamı”na yiyə durmadı? – TƏHLİL

Qərb niyə “adamı”na yiyə durmadı? – TƏHLİL
  23 Fevral 2013    Oxunub:2683
Serj Sarkisyanla Raffi Ovanisyanın qarşıdurması kobud desək, əslində bir növ Rusiya ilə Qərbin iki agentinin qarşıdurması idi. Sərkisyanın Rusiya xüsusi xidmət orqanları ilə bağlılığı heç kim üçün sirr deyil. Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyan isə Los-Ancelesdə vəkil və Amerika erməni diasporunun lobbisti olub. Digər ölkələrdə baş tutan “narıncı inqilab”ların qəhrəmanlarının bioqrafiyasını çox xatırladır, deyilmi?
Üstəlik, qərbyönümlü hesab olunan müxalifət partiyalarının çoxu öz namizədlərini irəli sürməməklə, bu Amerika namizədinə yaxşı şans yaratmışdılar. Nəticədə o, səslərin 37 faizini toplaya bilib. Elə isə, maraqlıdır: Niyə Qərb sona qədər öz namizədinin arxasında durmadı?
Axı ATƏT və Amerika seçkinin saxtalaşdırıldığı desəydilər, Rusiyananın namizədi olan Sərkisyanın vəziyyəti xeyli qəliz olacaqdı. Çünki ölkədə Sərkisyana qarşı çıxanlar az deyil – bunu Raffi Ovanisyan tərəfdarlarının elan etdiyi “ərik inqilabı”na verilən reaksiyalar da göstərir. Amma Qərb, belə görünür ki, Ermənistanda ərik də daxil olmaqla, narıncı rəngli nəyinsə yetişməsini istəmir. Və seçkilərin nəticələrinin tələsik tanınmasının, o cümlədən, Türkiyə prezidenti Abdullah Gülün də Sərkisyanı tələsik təbrik eləməsinin səbəblərini burada axtarmaq lazımıdr.
O ayrı sualdır ki, Qərb bunu niyə istəmir? Axı hər kəsə aydındır ki, qarşıdakı illərdə Moskva MDB məkanında xeyli fəallaşacaq. Elə Qərbin özündə Putinin SSRİ-ni dirçəltmə planlarından kifayət qədər ehtiyatlanırlar. Elə isə niyə Moskvanın “adamı”nı da yox, oyuncağını hakimiyyətdən kənarlaşdırmaq yönündə adım atılmasın ki?
Yəqin ki, bunun səbəbləri Qarabağ konfliktilə bağlıdır. Çünki Ermənistanda başlayan hər hansı radikal siyasi prosesin Qarabağ münaqişəsinə necə təsir edəcəyi bəlli deyil. Tutaq ki, Ermənistanda “narıncı inqilab” olsa və qərbyönümlü namizəd hakimiyyət gəlsə, onda Rusiya Qarabağ məsələsində ermənilərə verdiyi dəstəyi davam etdirəcəkmi? Və etdirməyəcəyi halda, Qarabağ münaqişəsinin gələcəyi necə olacaq? Axı Qərbdə bu münaqişədə yaranmış status-kvonun dəyişəcəyindən çox qorxurlar...
Ona görə də, Ermənistana bu cür siyasi müdaxilə etmək yolu, yəqin, qərbdəkilərə çox radikal görünüb. Və onlar bu dəfə də Ermənistanı tədricən Rusiyanın təsirindən çıxarmaq planlarının nəticə verəcəyinə ümid ediblər. Amma hər kəsə aydındır ki, bunlar boş ümidlərdir: Sərkisyan Rusiyanın təsirindən çıxaraq, Qərbə meyillənəsi adam deyil.
Qəribə vəziyyət alınır: Amerika özünün Qarabağa yanaşmasının girovuna çevrilir və buna görə də Rusiyaya uduzur. Həm də belə bir vacib dönəmdə...

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti