“Nabran Holiday Village"in sahibi danışdı

“Nabran Holiday Village"in sahibi danışdı
  27 İyul 2013    Oxunub:1319
“Bu fədakarlığına görə dövlət başçımıza Azərbaycan xalqı, o cümlədən mən çox minnətdarıq”.
AzVision.az “CTF” şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərovun Publika.Az-a eksklüziv müsahibəsini təqdim edir.

- İyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində 2 yaşlı uşaq İmran Cəfərzadənin başına gələn bədbəxt hadisə böyük gündəm yaratdı. Hadisə baş verəndən sonra siz mətbuatda və sosial şəbəkələrdə qınandınız. Bir qrup millət vəkilləri də ağır ittihamlar səsləndirdilər. Hadisədən sonra ilk müsahibəni bizə verirsiniz. Baş verənlərə münasibətiniz necədir?

- Mən “CTF” şirkətinin təsisçisiyəm və “Nabran Holiday Village” istirahət mərkəzi son 4-5 ildir ki, müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub. Hazırda da müqavilə əsasında fiziki şəxs Firdovsi İsmayılovun icarəsindədir. Həmin müqavilədə göstərilir ki, sözügedən istirahət mərkəzi ilə bağlı bütün məsuliyyət, o cümlədən istirahət mərkəzinin texniki təchizatının saz formada olması müqavilə əsasında həmin fiziki şəxsə verilib. Hətta, bu qurğuların istifadə qaydası həmin fiziki şəxsə başa salınaraq imzalarla təsdiq olunub.

- Bəs hadisədən nə vaxt xəbər tutdunuz?

- Hadisə baş verən günü mənə telefon zəngi oldu. O zaman mən Azərbaycandan kənarda idim. Şirkətin müdiriyyəti tərəfindən mənimlə telefon əlaqəsi oldu. Mən bu barədə öyrənən kimi insani nöqteyi-nəzərdən xəstəyə dərhal yardım edilməsi üçün icarəyə götürən fiziki şəxslə əlaqə yaradıb nə köməklik lazımdırsa edilməsini xahiş etdim. Çünki həmin fiziki şəxs də orada olduğu üçün onlar təcili və təxirəsalınmaz tədbirləri görə bilərdilər. Bundan əlavə, şəxsən mən xəstəyə istənilən yardımın göstərilməsinə də hazır olduğumu bildirdim. Mənə zəng edən şəxs dedi ki, uşaq 27 dəqiqə ərzində icarədar tərəfindən Xaçmaz Şəhər Xəstəxanasına çatdırılıb və orada ilk yardım göstəriləndən sonra təcili yardımla Mərkəzi Kliniki Xəstəxanaya göndərilib. Mən də öz tərəfimdən Mərkəzi Kliniki Xəstəxananın Ortopediya və Travmatologiya şöbəsinin müdiri Elviz həkimlə əlaqə saxladım, körpəyə yüksək səviyyədə yardım göstərilməsini ondan xahiş etdim. Fürsətdən istifadə edib Mərkəzi Kliniki Xəstəxananın bütün həkim və tibb personalına da göstərdikləri qayğıya görə öz minnətdarlığımı bildirirəm.

- Hadisə baş verən ərəfədə xəstənin ailəsinə yardım təklif etdinizmi?

- Dəqiq deyə bilmərəm, ancaq həmin ərəfədə mənim şəxsi nümayəndəm və icarədarlar ailənin ağsaqqalına yaxınlaşaraq öz köməkliklərini göstərmələrini bildiriblər. Bilirsiniz, heç bir şəxs baş verə biləcək hadisədən sığortalanmayıb. Heç kəs istəməz ki, onun övladına nəsə zərər dəysin. Hər kəsin, o cümlədən mənim də övladım var. Mən bu hadisənin baş verməsinə çox üzüldüm. İnsani nöqteyi-nəzərdən də bildirirəm ki, mən bu gün də həmin xəstəyə əlimdən gələn bütün köməkliyi göstərməyə hazıram. Eyni zamanda bu hadisədən dərhal sonra cənab prezidentimiz İlham Əliyevin və Mehriban xanım Əliyevanın böyük diqqəti göstərməsi və İmran Cəfərzadənin dövlət vəsaiti hesabına Almaniyada müalicəsi çox humanist addım oldu. Bu fədakarlığına görə dövlət başçımıza Azərbaycan xalqı, o cümlədən mən çox minnətdarıq.

- Hadisə ilə bağlı Respublika Baş Prokurorluğu bəyanat yaydı və cinayət işi açılıb. Bundan xəbəriniz varmı və istintaqa çağırılmısınız?

- Azərbaycan dövləti hüquqi dövlətdir və ölkəmizdə hər bir məsələ qanun çərçivəsində həll olunur. Bu hadisə ilə bağlı ilk olaraq Xaçmaz şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. Hazırda istintaq araşdırması davam edir. Bildiyimə görə bu işdə məsuliyyət daşıyan icarədarlar dindirilir. Yəqin ki, istintaq başa çatdıqdan sonra müvafiq qərar qəbul olunacaq. Onu da deyim ki, heç kəs bu hadisəni bilərəkdən və ya istəyərəkdən törətməyib. Bu, sırf ehtiyatsızlıq üzündən baş verən hadisədir. Mən İmran balamızın tezliklə şəfa tapmasını və öz ailəsinə dönməsini arzu edirəm. Heç bir Azərbaycan ailəsinin də başına bu cür hadisənin gəlməsini arzu etmirəm. Yenə də deyirəm ki, oteldə baş verən bu hadisə qəsdən törədilməyib. Heç bir insan da bu cür bədbəxt hadisədən sığortalanmayıb.

- Hadisə ilə bağlı indiyədək açıqlama verməməyiniz sizin mətbuatdan qaçmağınız kimi dəyərləndirilirdi...

- İlk olaraq onu qeyd edim ki, bu hadisə baş verən vaxtı mən Azərbaycanda deyildim. Sizdən mənə edilən ilk telefon zəngi zamanı da dedim ki, mənə aid olan bütün suallara cavab verməyə hazıram. Təəssüf hissi ilə qeyd edim ki, sizdən savayı mənə heç bir jurnalist sualla müraciət etməyib. Gördüyünüz kimi, indi sizin suallarınızı cavablandırıram. Mən Azərbaycan jurnalistlərinə böyük hörmətlə yanaşıram. Mətbuatdan da xahişim odur ki, hər hansı araşdırmanı birtərəfli deyil, real şəkildə aparsınlar. İndi istənilən jurnalist “Nabran Holiday Village” istirahət mərkəzinə gedib orada obyektiv və sərbəst öz jurnalist araşdırmalarını apara bilərlər. Artıq bir neçə jurnalist də həmin yerdə gəlib araşdırmalar aparıb.


Teqlər:  





Xəbər lenti