İrəvanın verilməsi: Osmanlı niyə `çibanı kökündən təmizləmədi`?! (I yazı)

İrəvanın verilməsi: Osmanlı niyə `çibanı kökündən təmizləmədi`?! (I yazı)
  26 May 2016    Oxunub:40823
Vasif Qafarov
Tarix üzrə fəlsəfə doktoru, dosent

Tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılmasından artıq 98 il ötür.

“İrəvanın ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması” prosesi ilə bağlı ilkin arxiv sənədlərini hələ 2009 və 2011-ci illərdə nəşr etdirdiyim əsərlərdə elmi dövriyyəyə daxil etsəm də, bir çox elmi və ictimai-siyasi sferalarda bu məsələ ilə bağlı gedən söz-söhbətlər və yazılan məqalələrlə tanışlıq göstərir ki, geniş ictimaiyyət bu əsərlərimdən xəbərsizdir. Məhz bunun nəticəsidir ki, “İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması” məsələsi ilə bağlı heç bir tarixi sənədə söykənməyən və tarixi gerçəklikdən uzaq olan fikir və mülahizələr ortaya atılaraq mətbuatda tirajlanır, nəticədə ictimai fikir səhv istiqamətə yönəldilir.

Bu səbəbdən belə yanlışlıqları və səhv tendensiyaları aradan qaldırmaq üçün, yenidən məsələyə qayıdıb bəzi mətləblərə bir daha aydınlıq gətirmək qərarına gəldim.

1918-ci ildə erməni dövləti niyə yaradıldı? Niyə erməni dövləti məhz İrəvan ətrafında yaradıldı? İrəvan və ətraf ərazilər ermənilərə kim tərəfindən və necə verildi? Azərbaycan tərəfinin bu məsələdə mövqeyi nədən ibarət idi? İrəvan və ətraf ərazilərin ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması hansı şərtlər daxilində həyata keçirildi? İrəvan hansı şərtlərlə ermənilərə verildi? Bu şərtlərin aqibəti necə oldu? Bütün bu suallara aşağıda aydınlıq gətirməyə çalışacağıq.

Problemə giriş üçün qısa arayış olaraq qeyd edim ki, Osmanlı imperatorluğu Trabzon konfransında (14 mart-14 aprel 1918) Brest-Litovsk sülh müqaviləsinin Qafqaza aid maddələrini Zaqafqaziya Seyminə qəbul etdirib, onun əsasında sülh bağlamaq istəsə də, Seymin Brest müqaviləsini qəbul etməməsi səbəbindən bir aya qədər davam edən danışıqlar uğursuzluqla nəticələnmişdi və Tiflis hökuməti türk tələbləri qarşısına silahla çıxmışdı.

8 günlük (14-21 aprel 1918) müharibədə məğlub olan Zaqafqaziya Seymi Osmanlı imperatorluğunun tələblərini qəbul etdiyini bəyan etsə də, Zaqafqaziya hökumətinin türk tələbləri qarşısına silahla çıxması və Osmanlı imperatorluğunun Brest-Litovsk sülhü ilə əldə etdiyi ərazilərə (Qars, Ərdəhan və Batum) silah gücünə yiyələnməsi tərəflər arasında keçirilən Batum konfransında (11 may-4 iyun 1918) Türkiyənin mövqeyinin daha da sərtləşməsinə səbəb oldu.

Batum konfransının 1918-ci il may ayının 11-də keçirilən ilk iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Brest müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bildirib, Türkiyənin hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq Qars, Ərdəhan və Batum vilayətlərindən başqa bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Zaqafqaziyanın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli idi.

Qeyd edək ki, Osmanlı dövlətinin bu tələbləri nəinki Brest müqaviləsinin Türkiyə üçün müəyyən etdiyi 1877-1878-ci illər müharibəsinə qədərki türk-rus sərhəd xəttini, hətta 1828-ci ildəki türk-rus sərhədini də aşırdı. Bu tələblərə münasibətdə ümumi bir mövqeyə gələ bilməyən Zaqafqaziya heyətində fikir ayrılıqları və ziddiyyətlər daha da dərinləşdi. Bu da öz növbəsində heyətdə təmsil olunan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Türkiyə və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxartdı. Gürcülər türk tələbləri qarşısında çıxış yolu kimi Almaniyaya sığınmaq qərarına gəldilər. Gizli aparılan gürcü-alman danışıqları “Poti razılaşması” ilə nəticələndi ki, bu razılaşma ilə Gürcüstan Federasiyadan çıxıb öz müstəqilliyini elan edir və Almaniyanın qəyyumluğunu qəbul edirdi.

Türk tarixçisi A.N.Kurat yazır ki, “…gürcü, erməni və azərbaycanlıların bir dövlət halında yaşamaları imkansız idi. Bu durum qarşısında Türkiyə ilə imzalanacaq qəti sülhün davamlı və əsaslı olmasını təmin etmək üçün “konfederasiya” təşkil edən hər üç zümrənin ayrı-ayrılıqda müstəqil dövlət halına gəlmələri vacib idi. Bu görüş Osmanlı hökuməti tərəfindən irəli sürüldü və ancaq bu reallaşdığı təqdirdə qəti bir sülhün imzalana biləcəyi “Qafqaz nümayəndə heyəti”nə bəyan edildi”.

Batumda və Tiflisdə cərəyan edən hadisələr haqqında məlumatlı olan sədr-əzəm Tələt paşa Xəlil bəy Menteşəyə göndərdiyi 25 may tarixli teleqramında bildirirdi: “Son şifrənizi Məclis-i Umumidə oxuduq və uzun-uzadı müzakirə etdik. Son ərz etdiyim şəkildə ittifaq hasil oldu. Yəni, dərhal ultimatum vermək və qəbul etmədikləri təkliflərimizi qüvvə ilə qəbul etdirmək.

Əgər gürcülər ayrı və müstəqil bir hökumət təşkil edərlərsə, ayrıca müzakirə edərik. Şimali və Cənubi Qafqaz müsəlmanlarının ayrıca müstəqil bir hökumət təşkil etməsi, dərəcəyi-istiqlal və irtibatlarının təyini sonradan düşünülür. Gürcülərlə müsəlmanların erməni məsələsi həll edildikdən sonra birləşmələri imkanı vardır. Zat-ı dövlətləri indidən bu cəhətə çalışa bilərsiniz…”

Elə həmin gün Tələt paşa tərəfindən Xəlil bəyə göndərilən növbəti teleqramda deyilirdi: “Zeyldir. Müfəssəl şifrə teleqrafnamələri dahi mutalaa edildi. Gürcülərlə və müsəlmanlarla ayrı-ayrı dostluq müqavilələri bağlamaq daha üstün tutulur. Sonradan ordumuz intizamı təmin və hökuməti təşkil etmək üçün gedər. Və hökumət təşəkkül etdikdən sonra Dövlət-i Aliyyə ilə münasibətini təyin edərik”.

Osmanlı dövlətinin tələbləri əks olunan 11 may tarixli ultimatumun verilməsindən iki həftədən artıq bir vaxt keçməsinə baxmayaraq, Zaqafqaziya heyətindən bu ultimatuma heç bir rəsmi cavab verilməmişdi. Ona görə də Osmanlı nümayəndə heyətinin rəhbəri X.Menteşə 26 may 1918-ci il tarixində Zaqafqaziya heyətinə yeni və son ultimatumunu təqdim etdi. Ultimatumda deyilirdi: “Təəssüflə qeyd edirəm ki, Batum konfransının may ayının 11-də keçirilən ilk toplantısında Osmanlı imperator hökuməti adından Zaqafqaziya Federativ Respublikasının nümayəndə heyətinə təqdim etdiyim ultimatuma, iki həftədən artıq bir vaxt keçməsinə baxmayaraq, cavab almamışam. Zati-alilərinə məlum olduğu kimi, Qafqazın vəziyyəti çox kritik və qarışıqdır və çözülməyə möhtacdır. Bakı və ətrafında yüz minlərcə türk və müsəlman özlərinə inqilabçı deyən vicdansız quldurların qanlı pəncəsində inləyir. Bu zavallıları təhdid edən dözülməsi imkansız fəlakət gündən-günə artmaqdadır. Saysız mütəşəkkil quldur dəstələrin təcavüzünə məruz qalan Qafqazın digər bölgələrindəki türk və müsəlman xalqın vəziyyəti də heç cür ümidverici deyildir.

Rəis həzrətləri, qəbul edərsiniz ki, bu adı daşımağa layiq olan heç bir hökumət, qonşu olduğu bir ərazidə belə cinayətlərin cəzasız olaraq qalmasına dözə bilməz və yenə qəbul edərsiniz ki, Qafqazı məhv edən bu anarxiya münasibətilə Osmanlı imperator hökumətinin vəziyyəti çox nazikdir. Çünki bu anarxiyanın Osmanlı imperiyasının əhalisi ilə eyni irq və dinə mənsub bir əhalinin asayişi ilə əlaqəsi vardır. Digər tərəfdən, ümumi hərbin gərəyi olaraq Osmanlı imperator hökuməti öz ordusunu digər cəbhələrə Qafqaz yolu ilə göndərmək məcburiyyəti qarşısındadır. Bu da indiki qeyri-müəyyən vəziyyətə son qoymağı tələb edir…”

Bu ultimatumda Türkiyənin 11 may tarixli əsas tələbləri ilə yanaşı bir sıra yeni tələblər də yer almışdı və bunların qəbul edilib-edilməməsi ilə bağlı 72 saat ərzində cavab verilməsi tələb edilirdi. Ultimatum saat 20-də verilmişdi və bundan beş saat əvvəl Zaqafqaziya Federasiyası artıq mövcud deyildi, dağılmışdı. Elə həmin gün Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan etdi. Bu səbəbdən Zaqafqaziya hökumətinin Türkiyə ilə başladığı Batum danışıqlarını yeni elan edilmiş milli respublikalar davam etdirməli oldular.

Zaqafqaziya Federasiyasının dağılmasından sonra da Osmanlı iperatorluğunun tələblərində elə bir dəyişiklik olmadı, əksinə bu tələblər daha da sərtləşdi. Hələ Zaqafqaziya Seyminin dağılması ərəfəsində, mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi teleqramında yazırdı: “…Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir…”

Göründüyü kimi, Tələt paşa erməni dövlətinin yaradılmasının gələcəkdə Türkiyə üçün yarada biləcəyi problemləri öncədən görürdü və elə buna görə də erməni dövlətinin yaradılmasına imkan vermək istəmirdi.

Türkiyənin 26 may tarixli ultimatumundan sonra Batumdakı gürcü və erməni nümayəndələri Tiflisə qayıtdılar və may ayının son günlərində yeni təlimatnamələrlə yenidən Batuma döndülər. Azərbaycan nümayəndələri – M.Ə.Rəsulzadə və M.H.Hacınski isə Tiflisə qayıtmaqdansa Batumda qalıb Türkiyə ilə bir sıra məsələlərlə bağlı danışıqlar aparmağı üstün tutdular. Türkiyə tərəfindən təqdim olunan ultimatumda Azərbaycan torpaqları ilə bağlı ərazi tələbləri də var idi. Bu ərazi tələblərinə Naxçıvan qəzası (Ordubad istisna olmaqla), Şərur-Dərələyəz qəzasının Şərur hissəsi, İrəvan qəzasının Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri daxil idi. Bundan əlavə, türklər yeni yaranmış erməni dövləti üçün Qarsdan sonra siyasi mərkəz ola biləcək Aleksandropolu (Gümrünü) da tələb edirdilər ki, bu da öz növbəsində, Azərbaycanı yeni ərazi itkiləri faktı qarşısında qoymaq demək idi.

Bu dövrdə Bakı Sovet Rusiyasının əlində idi. 1918-ci ilin Mart qırğınını törətməklə Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak alyansı Azərbaycanın digər qəzalarında da türk-müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idilər. Bununla paralel olaraq, Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində də erməni quldur dəstələrinin müsəlmanlara qarşı törətdikləri qırğınlar, vəhşiliklər davam etməkdə idi.

Çıxılmaz vəziyyətdə qalan müsəlman əhalisi erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərin qarşısını almaqda nicat yolunu Osmanlı dövlətinə kömək üçün müraciət etməkdə görürdü. Çünki Zaqafqaziya hökuməti bu qırğınların qarşısını almaqda acizlik göstərirdi, daha dəqiq desək, bunda maraqlı deyildi. Seymdəki azərbaycanlı nümayəndələr də hələ Seymin dağılmasından xeyli əvvəl Azərbaycanda tüğyan edən anarxiyanın qarşısını almaq məqsədilə Osmanlı dövlətinə hərbi yardım üçün müraciət etmək qərarına gəlmişdilər. Mövcud şərtlər daxilində Osmanlı dövlətindən başqa hər hansı bir dövlətin Azərbaycana yardım göstərməsi real deyildi. Osmanlı yardımı olmadan Azərbaycandakı anarxiyanın qarşısını almaq, xüsusilə də Bakını Sovet Rusiyasının qoruduğu Şaumyan rejimindən xilas etmək qeyri-mümkün idi. Bu səbəbdən Azərbaycan bütün ümidini Osmanlı yardımına bağlamışdı və Batumdakı Azərbaycan nümayəndələri də Türkiyənin ərazi və digər tələblərini qəbul etməyə bir növ məhkum idilər.

Aleksandropol türklər tərəfindən tutulduqdan sonra ermənilərə siyasi mərkəz olaraq İrəvanın verilməsi məsələsi gündəmə gəlmişdi. Osmanlı siyasi dairələri İrəvanı güzəştə getmək istəməsələr də, ermənilər bu məsələ üzərində israrla dayanmışdılar. İndi türklər yeni yaradılmaqda olan erməni dövləti üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə qəbul etməyən türklər ikinci varianta üstünlük verdilər.

Qeyd edək ki, bu dövrdə “erməni məsələsi” ilə bağlı Osmanlı siyasi dairələrində müəyyən fikir ayrılıqları var idi. Tələt və Ənvər paşalar “erməni məsələsi”ndə “çibanı kökündən təmizləməyi” ən xeyirli iş hesab edib, bölgədə erməni dövlətinin yaradılmasına imkan verməmək və bu mümkün olmadığı təqdirdə yaşamayacaq dərəcədə çox zəif bir Ermənistanın təşəkkül etməsini zəruri hesab etsələr də, Xəlil bəy və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsinin vacib olduğunu bildirirdilər.

Onu da qeyd etmək lazımdır ki, Tələt və Ənvər paşaların mövcud vəziyyətdə erməni dövlətinin yaradılmasına imkan verməmək və bu məsələdə “çibanı kökündən təmizləmək” istəyinə Azərbaycan nümayəndələri heç də müsbət yanaşmırdılar. Onlar öz mövqeyini əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç – gürcü, müsəlman və erməni kantonları yerinə yalnız iki – gürcü və müsəlman dövlətləri yaradılarsa, o zaman Cənubi Qafqazda və xüsusilə də ultimatumda tələb edilən, Osmanlı dövlətinə birləşdiriləcək ərazilərdə olan böyük erməni kütləsi Azərbaycana axışacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətlərini yaratmaq və onları ora cəm etmək lazımdır.

Ardı BURADA


Teqlər:  





Xəbər lenti