Formula-1 müqaviləsindən iki il keçdi

Formula-1 müqaviləsindən iki il keçdi
  28 Aprel 2016    Oxunub:1726
Bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür.
AzVision.az-a daxil olan məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib: “Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır.

Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm.

Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.

Formula 1-in ən yeni şəhər treki özündə tarixiliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsünkar gözəlliyə sahib Dənizkənar Parkın trekin ətrafında yerləşməsi Bakını Formula 1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir.

Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir:

“Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir.

Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək.

Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək”.

Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yadda qalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti