Azərbaycan Hindistanla protokol imzaladı

Azərbaycan Hindistanla protokol imzaladı
  29 Fevral 2016    Oxunub:1336
“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” Protokol imzalanıb.
Müqaviləni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Hindistanın ölkəmizdəki səfiri Sancay Rana imzalayıblar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az bildiriblər ki, müqavilənin 27-ci maddəsinə uyğun olaraq onun fevralın 29-dan qüvvəyə mindiyi və hər iki ölkə arasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişafı üçün şərait yaratdığı bildirilib.

Xələf Xələfov Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini söyləyib və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan nazir müavini Hindistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib. O, energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq

Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Həmçinin Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha da asanlaşdıracaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsi barədə məlumat verib və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini vurğulayıb.

İkitərəfli münasibətlərin daha da inkişafı üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən səfir S.Rana hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu bildirib.

Səfir ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini, bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti