`Azərbaycan bütün öhdəliklərə sadiqdir`- İlham Əliyev (VİDEO)

`Azərbaycan bütün öhdəliklərə sadiqdir`- İlham Əliyev (VİDEO)
  29 Fevral 2016    Oxunub:3279
Xəbər verdiyimiz kimi, fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışdı, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirdi. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırdı, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını dedi, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirdi.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu dedi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlətimizin başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq etdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti